Rəisi bildirib ki, Ruhani hökuməti nüvə sazişi (Bərcam) ilə bağlı birtərəfli olaraq Qərb ölkələrinə çoxlu imtiyazlar verib və əvəzində heç nə əldə etməyib: «Biz nə keçmişə qayıtmaq istəyirik, nə də indiki vəziyyətə dözürük. Bizim strategiyamız, xalqın xeyrinə dəyişiklik edilməsidir. Söz, şüar və danışmaq dövrü artıq başa çatıb və hazırda növbə, tədbir və əmələ gəlib çatıb.
Cənab Ruhani! Mənim ürəyim sirlər sandıqçasıdır. Ağzımı açıb danışsam, heç kəs mənimlə bacara bilməyəcək. Lakin prezident olmaq istəyən şəxsin potensialı olmalı, sirr saxlamağı bacarmalıdır».
Mayın 8-də Həmədan şəhərinə səfər edən Həsən Ruhani, tərəfdarları qarşısında çıxış edərək qarşıdan gələn prezident seçkilərində əsas rəqibi sayılan İbrahim Rəisini dolayısıyla ölkədə dinc müxaliflərə qarşı həyata keçirilmiş repressiyalarda günahlandırıb: «İran milləti, son 38 ildə edam və zindandan başqa əlindən bir iş gəlməyənləri qəbul etmir, istəmir».
Xatırladaq ki, İbrahim Rəisi, 1988-ci ildə ölkə zindanlarında həbsini çəkməkdə olan minlərlə günahsız siyasi məhbusun gizli şəkildə kütləvi qətliamını sürətləndirmək üçün o vaxtkı dini lider ayətullah Ruhullah Xomeyninin əmri ilə yaradılmış «Ölüm heyəti»nin başçısı vəzifəsində çalışıb. Həmin vaxt, ölkə prokurorunun müavini vəzifəsində çalışan İbrahim Rəisinin cəmi 28 yaşı olub.
İranda növbəti prezident seçkiləri bu il, mayın 19-da (1396-cı il, ordibeheştin 29-da) keçiriləcək.