Vaxt.Az

Mövqelər dəyişmədi


 

Türkiyə prezidentinin ABŞ səfərinə sözardı

Mövqelər dəyişmədi ABŞ Prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında bölgədə, Azərbaycanda maraqla gözlənilən görüş keçirilib.

Məlumata görə, iki ölkənin liderlərinin təkbətək görüşü 22 dəqiqə davam edib. Görüşün belə tez başa çatmasını iki yöndən dəyərələndirə bilərik: ya tərəflər arasında bütün məsələlər əvvəlcədən həll edilmişdi, sadəcə Trampla Ərdoğanın təkbətək görüşdə təsdiqləməsi qalırdı, ya da tərəflər müzakirə olunan məsələlərlə bağlı razılıq əldə edə bilməyiblər.

Ancaq görüşdən sonra Tramp və Ərdoğanın «Twitter» səhifələrində bir-biri haqqında xoş sözlər yazmaları danışıqların nəticəsi barədə nikbin mülahizə yürütməyə əsas verir.

«Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Ağ evdə qəbul etmək böyük bir şərəf idi», -deyə ABŞ prezidenti səhifəsində yazıb.

Türkiyə prezidenti isə bunları bildirib: «Qonaqpərvərlik üçün sağ olun, cənab prezident. Bugünkü görüşümüzün uzun illərdir davam edən müttəfiqliyimizi və strateji əməkdaşlığımızı gücləndirəcəyinə inanıram».

Dövlət başçılarının görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında verdikləri bəyanatlar da tərəflər arasındakı danışıqlar barədə fikir yürütməyə, müəyyən qənaətə gəlməyə yardım edir.

D.Tramp Türkiyəni və ABŞ-ı narahat edən iki məsələdən danışarkən deyib: «Biz yeni düşmənlə qarşı-qarşıyayıq və ona qarşı birlikdə mübarizə aparmalıyıq. Son vaxtlar bir çox terror hücumları ilə üzləşmişik. Türkiyə xalqı son illərdə qorxunc terror hücumlarına məruz qalıb. Biz Türkiyə xalqına dəstəyimizi təklif edirik. Terrora qarşı mübarizədə öndə gedən, İŞİD və PKK kimi terror qruplaşmalarına qarşı mübarizə aparan Türkiyəni dəstəkləyirik». 

ABŞ lideri daha sonra vurğulayıb: «Türkiyənin verdiyi silah sifarişlərini yerinə yetirməyə çalışacağıq. Danışıqlar və müzakirələrimizi davam etdirəcəyik. Bu, tarixi bir dönüş nöqtəsidir. Türkiyə ilə əlaqələrimizi heç kim poza bilməz».

Rəcəb Tayyib Ərdoğan Türkiyəni narahat edən problemləri vurğulayaraq bildirib: «Biz terror təşkilatlarına qarşı mübarizə adı altında bölgənin dini və etnik xəritəsini dəyişdirmək cəhdlərinin qarşısını almalıyıq. Bölgədə bütün terror təşkilatları ilə mübarizədə həmrəyliyin nümayiş etdirilməsi çox əhəmiyyətlidir. Biz aralarında heç bir fərq qoymadan birgə gələcəyimiz üçün təhlükə yaradan bütün terror təşkilatları ilə mübarizə aparmalıyıq. İstənilən dövlətin YPG (terrorçu PKK-nın Suriyadakı qollarından biri, o biri isə PYD-dir – S.İsmayılov) terrorçuları ilə əməkdaşlıq etməsi, qlobal səviyyədə məsələ ilə bağlı əldə olunan sazişə tamamilə ziddir. Türkiyə PYD və YPG-nin bölgədəki maraqlarını heç vaxt nəzərə almayacaq. Bu, əldə etdiyimiz qlobal sazişə ziddir. Biz bu qruplaşmaların terror vasitəsilə bölgənin dini və etnik quruluşunu manipulyasiya etməsinə imkan verməməliyik».

Türkiyə prezidentinin amerikalı həmkarı ilə görüşü barədə yayılan xəbərlərdən bəzilərini xatırlamaqla müzakirələrin istiqamətini təxmini də olsa müəyyənləşdirə bilərik.

Beləliklə, R.T.Ərdoğanın ABŞ-da müzakirə etdiyi ehtimal olunan əsas mövzuları belə sıralamaq olar:


- ABŞ-ın terrorçu PKK-nın Suriyadakı qolları - YPG və PYD-yə dəstəyi və silah-sursat verməyi dayandırması;

- Suriyanın ərazi bütövlüyü;

- Bölgədə kürdlərə ikinci muxtariyyətin verilməməsi;

- Türkiyənin ərazi bütövlüyünü pozmağa çalışan qüvvələrə, onların vasitələrindən sayılan terrorçu PKK-ya qarşı birgə mübarizənin aparılması;

- Terrorçu İŞİD-ə qarşı mübarizədə birlikdə fəaliyyət göstərilməsi;

- Türkiyəyə silah-sursat və hərbi texnika sahəsində yardımın edilməsi;

- ABŞ-a sığınan Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin və onun tərəfdarlarının Türkiyəyə təhvil verilməsi;

- İkitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsi və s.


ABŞ rəhbərliyi hesab edir ki, YPG və PYD terrorçu PKK-nın tərkib hissəsi deyil və Suriyanın Rakka şəhərini İŞİD-dən azad edilməsində onlardan istifadə edəcək. Ona görə də bu terrorçu qruplara silha-sursat və başqa hərbi texnika verir.

Rəsmi Ankara isə bildirir ki, bu silahlarla terrorçu PKK və onun YPG və PYD kimi qolları Türkiyəni təhdid edəcək.

Ərdoğanın səfərindən əvvəl ABŞ-a gedən Türkiyənin rəsmi nümayəndələrindən ibarət heyətə amerikalılar aşağıdakı təminatları veriblər:


1. YPG-yə veriləcək silahların hamısı sayılacaq və qeydə alınacaq;

2. Silahların sayı, vacibliyi əməliyyata uyğun olacaq. Sadəcə, yetərli sayda silah veriləcək. Onlardan istifadəyə ABŞ hərbçiləri nəzarət edəcək;

3. Verilən silahların başqa bir yerdə istifadə edildiyi ortaya çıxarsa, o zaman bütün silah ötürülməsi dayandırılacaq;

4. Rakka (İŞİD-in özünə paytaxt elan etdiyi Suriya şəhəri - «Report») əməliyyatı bitər-bitməz YPG-nin əlindəki bütün ağır silahlar alınacaq;

5. Rakka azad edildikdən sonra bu şəhərdə YPG üzvləri qalmayacaq. Şəhərin idarə edilməsi və təhlükəsizliyi suriyalı ərəblərə həvalə ediləcək.


Ancaq son 40 ildə baş verənlər sübut edir ki, belə vədlər yerinə yetirilmir. Məsələn, ABŞ 1979-cu ildən sonra Əfqanıstanda hakimiyyətə müxalifət olan mücahidləri də silahlandırmış, təlimatlandırmışdı. Amma bu silahlardan indiyədək Əfqanıstanın təhlükəsizliyinə, sabitliyinə atəş açılır.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı koalisiyanın sözçüsü, polkovnik Con Dorrian terrorçu PKK-nın Suriyadakı başqa bir qolu PYD-yə veriləcək silahların bir hissəsinin Suriyada olduğunu və İŞİD-ə qarşı mübarizədən sonra onların geri alınmayacağını bildirmişdi.

Onu da vurğulayaq ki, Türkiyə terrorçu PKK qruplaşması və onun qollarına qarşı mübarizəni, onların silahla təchiz edilməsinin dayandırılması məsələsini Rusiya rəsmiləri ilə görüşlərdə də qaldırır.

Ancaq həmin terrorçulara ABŞ-la Rusiyanın yanaşmasında fərq var. Rusiya PKK-nı terrorçu təşkilat olaraq tanımır. Moskva bu terrorçu təşkilatın ünsürləri ilə danışıqlar aparıb əməkdaşlıq edəcəyini bildirir. Rusiya onlara silah-sursat yardımı etməsə də, Türkiyədə təslim olan və ya zərərsizləşdirilən terrorçulardan Rusiya istehsalı olan silahlar aşkarlanır. Bu baxımdan Rusiyanın terrorçu PKK və onun ünsürlərinə silah-sursat verməsi ehtimalı böyükdür. Sadəcə, Rusiya bunu gizlədir.

ABŞ isə PKK-nı terrorçu olaraq tanıdığını, PYD və YPG-dən isə İŞİD-ə qarşı mübarizədə istifadə etdiyini bildirməklə özünü Türkiyənin terrora qarşı mübarizəsində səmimi göstərməyə çalışır.

Türkiyə bölgədə maraqlarını təmin etmək istəyən dövlətlərdən, o cümlədən ABŞ-dan terrorçu PKK-nın qolları ilə əməkdaşlıq etməməsini istəyir. Çünki bu təşkilatlar perspektivdə Türkiyənin ərazi bütövlüyünü pozmağı, bu dövləti parçalamaq istiqamətində fəaliyyət göstərir, bu hədəflərini isə gizlətmirlər.

Qarşı tərəf əksini iddia edirsə, deməli, uzun vədədə Türkiyənin parçalanmasına indidən yardım edirlər.

Başqa sözlə, ABŞ və Avropa İttifaqı dolayı yolla və birbaşa Türkiyədən seçim etməsini istəyir: demokratik dəyərlərin olduğu düşərgə, yaxud İran, Rusiya və s. belə dövlətlərin cərgəsi. Qərb bu məsələdə Türkiyəyə daha çox terrorçu PKK-nın ideyalarını dəstəkləyənlər vasitəsi ilə təzyiqlər edir.

Türkiyə demokratik düşərgədə və müttəfiq oduğunu bildirərək, Qərb blokundan terrorçu PKK və qollarına münasibətdə mövqelərinə aydınlıq gətirməsini, bu qruplaşma ilə əməşkdaşlıq etməmələrini istəyir.

Beləliklə, ABŞ-ın və Avropa İttifaqının Ankaradan istədikləri fonunda çox əcaib və ədalətsiz mənzərə yaranıb. Qərb NATO üzvü və beynəlxalq təşkilatlarda müzakirə edilən bir çox məsələlərə münasibətdə eyni mövqedən çıxış edən müttəfiqinin ərazisini parçalamaq istəyənləri dəstəkləyir və onların vasitəsi ilə Türkiyəyə qarşı təzyiqlər edir.

Ona görə də qarşılıqlı münasibətlərdəki bu yamaqlar və yırtıqlar daha tez görünür. Çünki «demokratik dəyərlər» adlanan prinsiplərin təmin edilməsi isə Türkiyənin ərazi bütövlüyünün pozulması ilə nəticələnə bilər. Belə çıxır ki, «demokratik prinsiplərin» tətbiqi şərtləri indki halda Türkiyənin dövlət kimi bütövlüyünün məhvinə yönəlib. Onda təbii olaraq belə sual yaranır: axı, bu oyuna kim gedər?

 





17.05.2017    çap et  çap et