vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
MƏHKƏMƏ, İSTİNTAQ  
12:20 | 21 iyun 2017 | Çərşənbə Məqaləyə 1880 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Cinayət işinin ən zəif epizodu»

Rabitə Nazirliyindən MTN-ə bağlamalarda nə aparılıb?

MÖVZU İLƏ ƏLAQƏLİ

Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Virtualaz.org-un əməkdaşı məhkəmə zalından xəbər verir ki, iyunun 20-də zərərçəkmiş Kamal Seyfullayevin iddiası üzrə epizod çərçivəsində zərərçəkmişin həyat yoldaşı İrina Seyfullayeva ifadə verib.


Ərinin harada işlədiyindən xəbərsiz şahid


Ötən iclasda ifadə vermiş və MTN işçilərini, konkret olaraq, Füzuli Əliyevi 2 milyon manat vəsaitinin mənimsənilməsində günahlandıran zərərçəkmiş Kamal Setfullayevin ifadəsini oxucularımıza təqdim etmişik. Xatırladaq ki, müdafiə tərəfi zərərçəkmişi özünə aid olmayan vəsaitlərin nağdlaşdırılmasında və bu əməliyyatlarda maklerlik etməkdə ittiham edib.

Zərərçəkmişin həyat yoldaşı, Ukraynada anadan olmuş şahid İrina Seyfullayeva bildirdi ki, 2014-cü ilin dekabr ayının sonlarında övladlarından birinin Yeni İl bayramı üçün uşaqla birlikdə Qış bağına gedib. Kamal Seyfullayev söz verib ki, axşam gəlib onları evə aparacaq. Lakin saat 8-i keçsə də, Kamal gəlməyib və sonradan zəng vuraraq bildirib ki, onu MTN-ə aparıblar.

Şahidin sözlərinə görə, bundan sonra 3 gün ərzində molla kəbini ilə birgə yaşadığı K.Seyfullayev evə gəlməyib və özünün bildirdiyinə görə, MTN-də saxlanılıb. Evə gəldikdən sonra isə ondan 2 milyon manat alındığını deyib.

İrina Seyfullayeva vəkillərin «Ərinizdə 2 milyon manat pulun ola biləcəyini bilirdiniz?» sualına «Bəli» cavabını verib. Dövlət ittihamçısının isə «Həyat yoldaşınız harada işləyirdi və hansı işlərlə məşğul idi?» sualını İrina Vladimirovna belə cavablandırıb: «Kamalın nə işlə məşğul olduğunu bilmirdim. Evləndiyimiz gündən bu barədə soruşmamağımı tapşırmışdı».

Vəkillərin cinayət işinin materiallarına istinadən verdikləri arayışdan məlum oldu ki, Kamal Seyfullayev MTN-ə aparıldığı gündən sonra həyat yoldaşı ilə dəfələrlə telefon əlaqəsi yaradıb və «location» məlumatlarına görə, MTN-də olmayıb, zəngləri şəhərin müxtəlif nöqtələrindən edib.


«Cinayət işinin ən zəif epizodu»


Şahidin ifadəsindən sonra vəkil Adil İsmayılov çıxış edərək baxılan epizod üzrə «Bank Technique»in xəzinədarı Əli Abdullayevin şahid qismində məhkəməyə dəvət edilməsini, bankdan həmin maliyyə əməliyyatları üzrə arayışların alınmasını və MTN-də axtarış zamanı Füzuli Əliyevin iş otağından götürülmüş sənədlərin cinayət işinin materallarına əlavə edilməsini istədi.

Vəsatətə münasibət bildirərkən təqsirləndirilən Füzuli Əliyev dedi: «Hələ istintaqın gedişi vaxtı müstəntiq mənə demişdi ki, bütün epizodlar arasında bu ən zəifidir. Çünki burada zərərçəkmişin kim olması və istintaqın necə aparılması göz qabağındadır və sübut üçün heç bir sənəd yoxdur».

Məhkəmə vəsatətin qismən təmin edilməsi – bankın xəzinədarının şahid qismində ifadəsinin dinlənilməsi və şahidin ifadələrindən asılı olaraq, digər tələblərin yerinə yetirilməsi barədə qərarını elan etdi.


Zərər çəkməmiş zərərçəkmiş


Zərərçəkmiş Vidadi Həsənov ifadəsində bildirdi ki, Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağırılıb və ondan təqsirləndirilənləri tanıyıb-tanımaması soruşulub. Təqsirləndirilənlərdən heç birini tanımadığını deyən zərərçəkmiş qeyd edib ki, heç kimdən şikayəti və tələbi yoxdur, zərər çəkməyib.

«Yaxşı olardı ki, desinlər, adımı kim verib MTN-ə ki, mənim telefonumu dinləyiblər. Bilim ki, dostum kimdir, düşmənim kim», - V.Həsənov deyib. Bununla da, onun ifadəsi başa çatıb.


Teymur Quliyevin ailəsini gəzdirmiş «Jaguar» avtomobili kimindir?


Şahid qismində ifadə verən «R.İ.S.K.» Elm-İstehsalat Şirkətinin Direktorlar Şurasının həmsədri Anar Əligülov bildirdi ki, sabiq MTN generalı Teymur Quliyevlə dostdur və şirkətə məxsus olan avtomobilləri sürücüsü ilə birlikdə zərurət yarandığı zaman təqsirləndirilən T.Quliyevin ailəsinə xidmət etmək üçün yollayırmış.

Şahid həmin avtomobillərin bir neçə ədəd olduğunu, o cümlədən «Jaguar» markalı maşının sürücü Eynulla Kərimi ilə göndərilməsi faktlarını təsdiqləyib.

MTN əməkdaşlarını haradan tanıması ilə bağlı sualı cavablandırarkən şahid qeyd edib ki, rəhbərlik etdiyi şirkət ölkənin bir çox nazirlikləri ilə sıx əməkdaşlıq edir və bunda qəribə heç nə görmür.


Vidadi Zeynalovun MTN-ə göndərdiyi bağlamalarda nə olub?


Prosesdə şahid qismində ifadə vermiş Ramil Əliyev bildirib ki, uzun illər ərzində MTN generalı, təqsirləndirilən Sübahir Qurbanovun xidməti sürücüsü olub. Şahidin sözlərinə görə, S.Qurbanovun tapşırığı ilə dəfələrlə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə gedərək həmin nazirliyin aparat rəhbəri Vidadi Zeynalovla görüşüb və ondan bağlamalar alıb.

Dövlət ittihamçısının və vəkillərin suallarına cavab olaraq şahid qeyd edib ki, bağlamalarda nə olduğunu heç vaxt görməyib və hər dəfə onları olduğu kimi Sübahir Qurbanovun otağına qoyaraq çıxıb.

Digər şahid Eynulla Kərimi isə «R.İ.S.K.» şirkətində sürücü işlədiyini, arabir rəhbərinin tapşırığı ilə Teymur Quliyevin ailəsinə xidmət etdiyini deyib. Şahidin sözlərinə görə, bir neçə dəfə rabitə nazirliyinə gedərək, Vidadi Zeynalovla görüşüb və ondan Teymur Quliyevə çatdırmaq üçün bağlama alıb. Belə hallardan birində bağlamanın avtomobildə açıldığını və içərisindən qələm düşdüyünü deyib.

Daha sonra məhkəmədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mühafizə xidmətinin əməkdaşları ifadə verib və məhkəmənin işinə real kömək edə biləcək faktlar göstərə bilməyiblər.


500 manat maaş, 1000 manat «zərf»


Şahid qismində çıxış edən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun köməkçisi Səlim Həşimov bildirib ki, onun əsas vəzifəsi aparat rəhbərinə çay vermək, telefon zənglərini qəbul etmək və digər texniki məsələlərin həlli olub.

Şahid qeyd edib ki, işinə görə 500 manat maaş və aylıq 1000 manat da əlavə «zərf»də pul alıb. Onun bildirdiyinə görə, Vidadi Zeynalovun zərflərdə təqdim etdiyi pulları hər ay şöbə müdirləri yaxınlaşaraq ondan alıblar, lakin kimə konkret olaraq nə qədər pul veriıldiyini bilməyib.

MTN-dən sürücülərin hər ay maaşlar verildikdən 2-3 gün sonra Vidadi Zeynalovun qəbuluna gəldiyini bildirən S.Həşimov əlavə etdi ki, onların aparat rəhbərindən nəsə alıb-almadığından xəbəri yoxdur. O ki qaldı MTN-dən general Sübahir Qurbanovun və nazirliyin kuratoru olan general Teymur Quliyevin quruma gəlib-getməsinə, şahid bunu heç zaman görmədiyini deyib.

Növbəti məhkəmə iclası cümə axşamı, iyunun 22-də keçiriləcək.