vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
MEDİA-QHT  
18:42 | 2 avqust 2017 | Çərşənbə Məqaləyə 2689 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Yeni Müsavat» niyə əvvəlki kimi deyil?

Bir oxucunun sualına cavab

Rauf ARİFOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Başlıqdakı bu sualı daha çox bizi sevənlər verir. Onlar hacılı kimilərin bizim barədə arxadan xəncər xarakterli iddialarına inanmırlar, «Rauf Arifoglu satılmaz» deyə, bizə hər şərt altında dəstək verirlər... Amma sonunda yenə də qeyd edirlər ki, axı qəzet daha əvvəlki qəzet deyil...

Onlar haqlıdırlar. Bizim kitabımızda satmaq və satqınçılıq yoxdu. Həm də əslində maraq və mənafelərini satacaq çevrəmiz, qrup və təşkilatımız da mövcud deyil. Biz «Yeni Müsavat» Media Qrupundan və buranın işçilərindən, əməkçilərindən başqa kimsəni sata, aldada bilmərik. Allaha şükür ki, kollektivdə də şikayət edən, ittiham irəli sürən yoxdur.

Ölkədə, kainatda mürəkkəb proseslər gedir, dünya yenidən dizayn olunur, hər yerdə, hətta demokratiyanın beşiyi sayılan Avropada da, demokratiyanın paytaxtı sayılan Vaşinqtonda da iqtidarlar, onların daxili və xarici siyasət konsepsiyaları aqressivləşir, ictimai əsaslar dəyişir, sosial tələblər fərqlilik göstərir. Dünyanın və demokratiyanın standartları dəyişir. ABŞ-da «dəli Tramp» kimi birisi prezident olmaq ərəfəsindədir... Hər bir dövlətdə özünüqoruma instinkti işə düşüb. Çevrilişlər olur, insanlar ölür, güllələnir, təyyarələr öz parlamentinin binasını bombalayır, terrorlar dünyanı başına götürüb. İqtidarlar özünü, içini təmizləyir, müttəfiqlər düşmən, düşmənlər dost olur...

Belə bir halda üzgün, yorulmuş və bütün ümidləri tükənmiş Azərbaycan müxalifətinin bəzi para təmsilçiləri siyasi səhnəyə göz gəzdirir və milli azadlıq hərəkatının, demokratik düşərgənin ayaqda, yıxılmadan qalan tək nümunəsini - «Yeni Müsavat»ı, ona əlavətən qurduğumuz böyük saytları görür və yalnız ona yüklənir. Anlayırıq ki, biz də bütün düşərgə kimi yıxılsaydıq, inləsəydik, yaşam düsturu tapıb, zərbələrdən yayınıb, ayaqda qala bilməsəydik, təbii ki, kimin nə işinə vardı ki...

Hərə öz mədəni səviyyəsinə və içindəki münasibətə uyğun reaksiya verir. Biriləri, sadəcə, ayaqda olduğumuza, bunca zərbələrə tab gətirib, çökmədiyimizə görə bizi hədəfə alır. İstəmir, bizi ayaqda görməyə dözəmmir və bağırır, «satqın» deyir, təhqir yağdırır. Böyük bir qəzeti, 3 saytı, 60 iş yerini, yazar və müxbirləri qoruyub saxlamağın, inkişaf etdirməyin xəyanət və satqınçılıq kimi qiymətləndirildiyi bir düşərgə ilə təmasda olmaq nə demək, anlamanızı istərdim...

Lakin bir çoxları elə deyil. Onlar xəyallarından yıxılıblar. Onlar iqtidar olmaq, özlərinin həyatlarını və Azərbaycanı dəyişmək uğrunda siyasi partiyalara üzv olub, illərini xərcləyənlərdir. Ya da onların övladları, yaxınları - qismən, yaxud tam gənclərdir.

Onlar, sadəcə, gileylənirlər. Ətraflarındakı siyasi uçquna baxıb, qarşılarında ayaqda duran və yaxşı tanıdıqları tək quruluşa - «Yeni Müsavat» Media Qrupuna baxıb, hövüllənir və deyirlər: «...Qəzet əvvəlki kimi yazmır». Biriləri əski dövrlərdəki yazılarımızı paylaşır. Biriləri video-çıxışlarımızı yayır - lakin demokratik düşərgədə hamı nəsə edir, bizə münasibətdə. Biriləri xeyirxahlıqla, biriləri bədxahlıqla. Sanki hamı and içib ki, qapısını aça biləcəkləri, hərəkata aid salamat qalan tək media quruluşunu da sallaşıb yıxsınlar, uçquna qatsınlar, sonra da rahatca varıb getsinlər kədərlənməklərinin dalınca...

Facebokda xətrini çox istədiyim müsavatçılar status yazmışdılar. Ənənəvi: «Yeni Müsavat» əvvəlki deyil, mən bu qəzetlə nəfəs alırdım, indi almıram və sair...

Onların hamısı zamanında konkret siyasi liderlərə tapınanlardı. Əslində öz liderlərini ittiham etməlidirlər - lakin onun yükünü də bizə yükləməyə üstünlük verirlər... Mən belələri üçün, düz onların statuslarının altından bir yazı yazdım. Sonra onu böyütdüm, bu hala gətirdim. İstərdim, bu qeydlər daha geniş oxucu kütləsinə çatsın.


***


Əvvəlki «Yeni Müsavat»ın xiffətini çəkən dostlar! Əslində biz o zaman - 1999-2003-cü illərdə qəzet buraxmırdıq - «döyüş vərəqəsi» kimi bir şeydi... Çünki düşərgələr arasında gerçək bir mübarizə, savaş gedirdi. Digər tərəfdən, axı dəyişən heç də yalnız qəzetlər deyil, qardaş və bacılarım. Dəyişən əsasən Müsavatdı, müxalifətdi, sizin tapındığınız liderlərin hədəfsizliyidi, qəzetin bir zamanlar sizinlə bərabər dəstək verdiyi, iqtidara daşımaq istədiyi qüvvələrin, siyasətçilərin sıradan çıxmasıdı, yolun yarısında nəfəs təngliyinə düçar olması, dayanmasıdı, siz özünüzsünüz, ölkəmizdi, dünyadı... Biz indi 2002-2003 -cü ildəki hədəfi, böyük mitinqləri, siyasi birlikləri, ab-havanı, böyük coşqunu haradan tapaq? Qəzet, saytlar günə və sizlərə, siyasətə Ayna tutur. İndi bizdə gördüyünüz mənzərə özünüzsünüz, özünüzə baxıb məyus olursunuz. Liderləriniz, təşkilatlarınız, gerçək durumunuzdu sizi məyus edən. Məgər dəyişən yalnız qəzetdi, oradakı yazılardı? Guya hər şey yerindədi, yalnız «Yeni Musavat» dəyişib? Yox, özünüzü aldatmayın. Müxalifət deyilən «sıfır güc» hazırda nə edir ki, biz də yazmırıq, fotosunu çəkmirik, canlı yayım etmirik? Sizin dəyişmək istədiyiniz bu hakimiyyətə qarşı kim hansı fəaliyyəti göstərdi ki, biz onu işıqlandırmadıq? Gileyləndiyiniz devalvasiya, bahalıq əleyhinə kim mitinq, toplantı, flaşmob keçirdi, biz onu gözdən qaçırdıq?

İllər boyu dəstəklədiyimiz liderlər həyatımızı sərf etdiyimiz təşkilatı, təmsil etdikləri hədəfləri, özlərini kiçiltdilər. Ölkənin əsas müxalif partiyaları darmadağındı, siyasi vitrin küsüb gedib, Simvol Lider kənara çəkilib, nevroz birisi iş başına keçib, başına da özü kimi balacaları yığıb, nə etdiyini bilmir... O biri tərəfdə bir ruh xəstəsi, «zombilərin» lideri ölkə siyasətini çirkləndirməkdədir...

Bunlarımı yazaq? Bu adamlar bir dəfə - 1993-də milli iqtidarımızı, indi də Müsavatımızı məhv etdilər. Yolun yarısında hər şeyi buraxıb gedən bir fəlakət kadrosu ilə üz-üzəyik. İndi biz bunlardan nə düzəldək? Sizi necə və kiminlə ruhlandıraq? Bir qabağa çıxan alternativ ola biləcək qəhrəman göstərin, lütfən, adını söyləyin; heç olmasa toparlayıcı olan normal bir siyasətçi adı deyin, bir hədəf bəlirtisi verin, Azərbaycanın məsuliyyətini üzərinə götürə biləcək normal durumda olan bir müxalif təşkilat, blok, birlik ortaya qoyun. Biz də bilək, ona dəstək verək, gücləndirək, yenidən düzlənək. Ortada bunlar yox ikən, miskin bir mənzərə Aynada əks olunarkən biz sizi necə əvvəlki kimi cəlb edək, «oksigen» olaq? Siz özünüz nə haldasız, əvvəlkisinizmi?

Biz bu səhnəni necə tərənnüm edək ki? Və mövcud iqtidarı bunca miskin bir alternativə niyə və necə dəyişməyə çalışaq ki? Azərbaycanı Ərəbistan xaosunamı çevirək? Heç olmasa, onlar ölkədə sabitliyi idarə edirlər, xaosa gedən dünyada bizim Azərbaycanımızı qoruyurlar! Türkiyəmizdəki son olaylar göstərdi ki, bu faktın özü çox önəmlidir... İndi biz qəzet olaraq kimin üçün, hansı hədəf naminə, hansı alternativi nəzərdə tutaraq, bu hakimiyyətlə savaşaq? Və ən əsası, iqtidarla savaşmaq qəzet işimi? Bunu sizlər - müxalif siyasətçilər və liderlər etməlidirlər axı.

Başqa bir tərəfdən, 25 illik mücadilə dostlarına, türmə və təşkilat yoldaşlarına, tonlarla çörək kəsdikləri arxadaşlarına arxadan bıçaq kimi siyasi zərbələr endirən kinli, qərəzli, nifrin dolu müxalif siyasətçilərin iqtidara yolunu nə deyərək, açaq?

Onlardan iqtidar olmaz axı. Görmürsünüzmü, onlar heç müxalifət də deyillər, olammırlar, bitiblər...

Bax, durum budur. İndi bizim ən böyük yaxşılığımız bu ki, bu miskin mənzərəni yaradan siyasiləri hər gün topa tutmuruq, onların tənə və nifrinlərinə, feysdən yağdırdıqları tüpürcəklərinə dözürük; dönüb «xain, bivec, avara», - deyə, hədəf göstərmirik, ifşa etmirik. Bunların elə əməlləri var ki, elə faktlar əlimizdədi ki... İnsanların həyatları ilə oynadılar, yalan danışdılar, yanlış hədəf göstərdilər, indi də belə edirlər, deyə sizi qızışdırıb, liderlərin üstünə salmırıq...

Sizlərə, özümüzə və onlara acıyırıq. Ona görə də heç olmasa ermənilərdən, düşməndən yazalım, daha çox onlara «diqqət» ayıralım, deyirik. İndi siz deyirsiz ki, hamı çəkilsin kənara, müxalif düşərgədə qalan bütün insani resurslar feysbuka transfer olunsun, oradan ayaqda qalan tək qurumu - «Yeni Müsavat»ı və onu hər şeyin bahasına qoruyan Rauf Arifoğlunu söysünlər; liderlər varsınlar, kiçilsinlər, prezident olmaq belə istəməsinlər, iddia göstərməsinlər ... amma «Yeni Müsavat» əvvəlki kimi olsun, sizə ruh versin...

Sizcə, bu, ağıllı, savadlı, insaflı və düzgün yanaşmamı?

Sizcə, biz nə baş verdiyini və nə etmək lazım olduğunu, öz xeyir və şərimizi, ən azı, sizlər qədər anlaya bilmirik?

Biz əslində əvvəlkiyik - yenə öndə, yenə ayaqda, yenə liderik, siyasətin mərkəzindəyik! Bizə Allahdan verilən missiyanı, insanlarımızı, özümüzü və sahəmizi qoruduq, gücləndirdik, böyütdük.

Sizlər üçün, gələcəyimiz, demokratiyamız, ölkəmiz və həm də özümüz üçün.

Biz də adam cinsindənik. Bizi də bir Ana doğub. Eyni ilə sizlər kimi...

2 avqust, 2016 - cı il