vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
21:38 | 27 avqust 2017 | Bazar Məqaləyə 2669 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tacikistanda toy qadağaları

150 nəfərdən çox qonaq dəvət etmək olmaz...

MÖVZU İLƏ ƏLAQƏLİ

«Fiziki və hüquqi şəxslər milli mədəniyyətin atributlarına əməl etməyə - dövlət dilini bilməyə və milli geyim geyməyə borcludurlar», - avqustun 23-də Tacikistan parlamenti aşağı palatasının «Ənənə və mərasimlərin nizamlanmasına dair» qanuna artırdığı düzəlişdə belə deyilir.

Parlamentin ailə və vətəndaşların sosial müdafiəsi məsələləri komitəsinin sədri Hilolbi Kurbonzada qanunun bu maddəsinin pozulmasına görə cəza nəzərdə tutulduğunu deyir.


Hicabla, yoxsa yarıçılpaq geyimlərlə mübarizə?


Yerli təhlilçilərin fikrincə, bu düzəlişin qəbulu hökumətin hicabla mübarizə kampaniyasını sonlandırır. Məmurlar iddia edirlər ki, bu kampaniya hicaba qarşı yox, milli mədəniyyətə zidd yad geyimlərə qarşı yönəlib. Onların sözlərinə görə, bura taciklərin mədəniyyətinə və dininə zidd - «nalayiq» yarıçılpaq geyimlər də daxildir.

Prezidenti Emomali Rahmon hicab və satrı (öndən bağlanaraq sinəni örtən yaylıq) Tacikistanda milli adət və dəyərlərə yad elan edib.

Tacikistan parlamenti «Ənənə və mərasimlərin nizamlanmasına dair» qanuna təklif olunan 11 düzəlişin hamısını yekdilliklə qəbul edib. Parlamentin aşağı palatasının prezident Emomali Rahmon-un təşəbbüsü ilə keçirilən növbədənkənar sessiyasında tacik cəmiyyətinin ənənəvi mərasimlərinin təşkili qaydalarına da dəyişiklik və düzəlişlər edilib.

Yas mərasimlərində iribuynuzlu mal-qara kəsilməsi də qadağan olunub. İndən belə yas məclislərində ehsan da verilməyəcək.


Oğlanlar doğulan kimi, pulsuz sünnət olunacaq?


Dəyişikliklərdən sonra sünnət mərasimləri də yalnız ailə içində və incəsənət xadimləri qatılmadan keçirilməlidir. Oğlan uşaqları doğulandan sonrakı ilk 20 gün ərzində və valideynlərinin razılığı ilə sünnət olunacaqlar. Əməliyyat müvafiq tibb müəssisələrində pulsuz aparılacaq.

Müqəddəs yerlərdən qayıdan hacıların şərəfinə keçirilən mərasimlər də yasaqlanıb. Əvvəllər müqəddəs dini yerlərdən gələn bəzi insanlar, o cümlədən hacılar dini işlər üzrə komitənin yerli şöbələrindən uşaqlarının sünnət mərasiminə icazə alır, əslində isə «hocioşi» və ya «hocitalbon» adlı mərasim keçirirdilər. Belə mərasimlərdə həmin adamın həcdən qayıtması münasibətilə qonaqlara çoxlu yemək verilirdi.


Başqa qadağalar


Sözügedən düzəlişlər layihəsi avqustun 11-də ölkə prezidentinin rəsmi saytında dərc edilib. «Adqoyma, qahvorabandon (uşaqgördü), çillaqurezon (uşağın qırxının çıxması), muysargiron (uşağın ilk saçkəsdisi) və uşağın doğulması ilə bağlı başqa adətlərin yalnız ailə daxilində, mal-qara kəsmədən, incəsənət xadimlərinin iştirakı olmadan keçirilməsinə icazə verilir», – saytda belə yazılıb.

Akika (uşağın doğulmasının yeddinci günü) adəti ümumiyyətlə qadağan edilib. Bu adətə görə, doğulan uşaq oğlandırsa, uşağın atası iki, qızdırsa, bir qoyun kəsməlidir. «Bütün bu tədbirlər valideynlərin vəsaitinə qənaət və xalqın həyat səviyyəsinin aşağı düşməsinin qarşısını almaq məqsədi daşıyır», – prezidentin rəsmi saytında əksini tapan sözlərdir.


Toya 300 adam çağıran nəyini itirəcək?


Prezidentin təklifi ilə vəzifəli və hüquqi şəxslərin bu qanunun tələblərinə əməl etməməyə görə məsuliyyəti gücləndirilib. Bu yaxınlarda Saifiddin Nazarzoda bu qanunu pozduğuna görə Tacikistan Milli Kitabxanasının rəhbəri vəzifəsindən azad edilib.

Onun oğlu Firdavsın paytaxtın «Şoira Lüks» restoranında keçirdiyi toyuna 300-dən çox qonaq dəvət etdiyi bildirilir. Yeni qanuna görə, toya 150 nəfərdən çox adam çağırmaq olmaz.

Sürücülük vəsiqəsi olmadan, içkili vəziyyətdə avtomobil sürməyə görə də cəzalar sərtləşdirilib. Sərxoş vəziyyətdə yol hərəkəti qaydalarını pozanlara, bununla insanların ölümünə səbəb olanlara daha ağır cəzalar veriləcək.

Təklif edilən yeni düzəlişlərə görə, şagird və tələbələr təhsil müəssisələrinə öz avtomobilləri ilə gələ bilməzlər. Bu qaydanı pozanlar, bərpa hüququ əllərindən alınmaqla, təhsil ocağından kənarlaşdırılacaqlar.


Qonşular nümunə götürüb?


Tacikistanın «Ənənə və mərasimlərin nizamlanmasına dair» qanunu 2007-ci ildə qəbul edilib. Daha öncə Tacikistanın Konstitusiya Məhkəməsinin sədri Mhkam Mahmudzoda bu qanunun dünyanın yüz ən unikal qanunu siyahısına düşdüyünü bildirmişdi. Onun sözlərinə görə, sonradan qonşu Özbəkistan, Qazaxıstan və Qırğızıstan da bu nümunədən yararlanıb və Əfqanıstan da bənzər qanun üzərində işləyir.