vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
BÖHRAN  
17:58 | 19 sentyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 1987 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Böyük müharibə»yə ciddi hazırlıq

«Lukaşenko sonuncu deyilmiş, sən demə heç diktator deyilmiş»

MÖVZU İLƏ ƏLAQƏLİ

Sentyabrın 14-dən 20-dək Belarus və Rusiyada keçirilən «Qərb-2017» hərbi təlimləri Avropa və ABŞ-da ciddi narahatlığa səbəb olub. NATO təlimlərin indiyədək görünməmiş iri miqyasından və cəlb edilən qoşun növlərinin müxtəlifliyindən də narahatdır. Bu, Soyuq müharibənin bitməsindən sonra keçirilən ən böyük təlimlərdir. Təlimin rəsmi legendası isə belədir: «Belarusun qərbində separatçılarla mübarizə taktikasının məşqi».

Ancaq hətta hazırkı manevrlərlə bağlı qorxunc proqnozlar təsdiqlənməsə belə, Qərb Rusiya prezidenti Vladimir Putinlə belaruslu Lukaşenkonın münasibətlərindəki qeyri-müəyyənlikdən ehtiyatlanacaq. Rusiya formal olaraq NATO nümayəndələrini təlimə buraxsa da, onların təlimlərin sadəcə az hissəsini müşahidə etməsinə imkan verib. Avropadakı Amerika quru qoşunlarının komandanı general-leytenant Ben Hodges narahatlığını açıq ifadə edib. O deyib ki, «Qərb-2017» fənd, «Troya atı» ola bilər və Rusiya təlimlərin sonunda öz qoşunlarını Belarusdan çıxarmaqdan imtina edə və beləliklə, NATO ilə sərhəddə qüvvələr nisbətini öz xeyrinə dəyişdirə bilər. Şimali Atlantika İttifaqının Hərbi Komitəsinin sədri, çex generalı Petr Pavel də ciddi narahatlıq bildirib: «Baş verənlərə kompleks baxanda, belə bir nəticə çıxır ki, biz böyük müharibəyə ciddi hazırlığı müşahidə edirik».

İki həftə öncə general Pavel Rusiyanın baş qərargah rəisi Valeri Gerasimovla görüşüb. Onlar təsadüfi toqquşma riskinin azaldılması haqda danışıblar.

«Baltik regionunda və Qara dənizdə bizim böyük qoşunlarımız var. Bu baxımdan, insan faktoru və ya texniki nasazlığın arzuolunmaz insidentə yol açması ehtimalı böyükdür. Bu isə gərginliyin daha böyük eskalasiyasına yol aça bilər», – general deyib.

«Qərb-2017»nin başlanmasından öncə Ukrayna öz sərhəd qoşunlarının hazırlıq səviyyəsini yüksəldib, İsveç öz təlimlərini keçirib, ABŞ isə Litva, Latviya və Estoniyaya əlavə 600 desantçı və 7 patrul gəmisi göndərib.

«Moskvanın niyyətlərində şəffaflığın olmaması - xüsusən də ümumilikdə Rusiya ilə münasibətlərin korlanması fonunda - Qərbi narahat olmağa vadar edir», – Kanadanın Albert Universitetinin professoru David Marples deyir.

«Təlimlərin keçirildiyi ərazi çox böyükdür və Belarusun qərb rayonları bu ərazinin kiçik bir hissəsidir. Bunun özü narahatlıq doğurur. Rusiya ilə Belarusun münasibətlərindəki qeyri-müəyyənliksə başqa bir narahatlıq mənbəyidir. Minskin Avropa İttifaqı ilə yaxınlaşması, fevralda AB vətəndaşları üçün viza rejimini ləğv etməsi Putini narahat etməyə bilməz. ...Lukaşenkonın müstəqilliyə yönəlmiş istənilən addımları Kreml tərəfindən mənfi qarşılanmalıdır. Onun bu viza yeniliklərinə cavab olaraq, dərhal Rusiya ilə Belarus arasında sərhəd rejimi sərtləşdirilib. Təbii ki, Qərb bu şəraitdə narahatlıq keçirir. Qərb həmçinin xatırlayır ki, Gürcüstanla müharibə və Krımın ilhaqı ərəfəsində də Rusiya ordusunun irimiqyaslı hərbi təlimləri keçirilmişdi», – professor deyir.

Lukaşenko Kremlin arzuolunmaz saydığı şəxslərlə, Mixail Saakaşvili və Kurmanbek Bakievlə görüşüb, Kiyevdəki «faşist xuntası» ilə mübarizə aparanları dəstəkləməyib, Cənubi Osetiya və Dnestryanının ayrılmasını və Krımın ilhaqını tanımayıb. Bütün bunlarsa Kremlə xoş gələ bilməz.

«Belarus BMT-də Krım məsələsində Rusiyaya qarşı səs verməyib, ancaq həm də yarımadanın statusunun dəyişməsini də açıq tanımır. Lukaşenko hökumətə qarşı açıq aksiyalar keçirənlərlə Putin kimi sərt davranırdı, ancaq sonradan o yumşaldı. ...Minsk və Brüssel razılığa gəliblər: Lukaşenko etirazçılarla nisbətən yumşaq davranır. Avropa Birliyi rejimin avtoritarlığını görməzdən gəlməsə də, buna göz yummağa çalışır...», – D.Marples deyir.

««Avropanın sonuncu diktatoru», sən demə, sonuncu deyilmiş. Üstəlik, o, bəlkə də, ümumiyyətlə, diktator deyilmiş. Ən azı, tam diktator deyil. Üstəlik, o, dövlətçilik hissinin zəif olduğu ölkəni idarə edir», – professor vurğulayır.

D.Marples güman edir ki, praqmatizm qalib gələcək: «Çünki Rusiyanın müdaxiləsi baş verəcəksə, bu o qədər sürətli olacaq ki, hətta Belarus NATO üzvü olsaydı belə, NATO onu müdafiə edə bilməyəcək. Ümid edək ki, heç olmasa, NATO üzvü olan həmsərhəd dövlətlər Rusiyanın daha da irəliləməsinə imkan verməyəcək qədər güclənəcəklər. Belarus 9.5 milyon əhalisi olan balaca ölkədir. Avropa və Amerika anlayır ki, Lukaşenko özü təkbaşına iqtisadiyyatda sıçrayış əldə edə bilməz. Onlar ölkəsini Rusiyadan ayrı dövlət kimi qoruyub saxlamış şəxs kimi onunla barışmağı öyrəniblər».