vaxtlı-vaxtında oxuyun! Şənbə, 16 dekabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0032 AZN
Rusiya rublu 1 RUB = 0.0289 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2846 AZN
Türk lirəsi 1 TRY = 0.4379 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNDƏM  
10:43 | 20 sentyabr 2017 | Çərşənbə Məqaləyə 381 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanın möhtəşəm de-marşı

Müdafiə nazirimizin İsrailə uğurlu səfərinin ardınca başlayan Türkiyə ilə ortaq təlimlərin fonunda Pakistanın hərbi komandanı da Bakıya gəldi

Analitik xidmət

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun İsrailə ilk və çoxgünlük səfəri başa çatdı. Bu səfər bir çox aspektlərdən hərbi ekspertlər tərəfindən mühüm və tarixi əhəmiyyətli hadisə kimi qiymətləndirildi. Erməni tərəfinin destruktiv səyləri və kontur-təbliğat kampaniyasına rəğmən, hərbi nazirimizin səfəri gözlənildiyindən də uğurlu alındı.

Azərbaycanın müdafiə nazirinin İsrail ordusunun təlimlərini müşahidə eləməsi, tərəflər arasında hərbi-texniki əməkdaşlığın daha da dərinləşməsinə yönəlik yeni addımların atılması, o cümlədən İsrailin ən müasir «Dəmir günbəz» raketdən müdafiə sistemləri haqda danışıqların davam etməsi, Azərbaycan ordusunun döyüş qüdrətinin daha da artırılmasına yönəlik müzakirələr özlüyündə çox şey deyir. Bir sözlə, Zakir Həsənovun İsrail səfəri aralarında hərbi ticarətin həcmi 5 milyard dolları keçən İsrail-Azərbaycan hərbi əlaqələri tarixində olduqca yadda qalan və əhəmiyyətli bir hadisə oldu.

Maraqlıdır ki, Zakir Həsənov ölkəyə dönən kimi həm Azərbaycan Silahlı Qüvvələrinin yeni döyüş texnikasının sınaqlarını da nəzərdə tutan 15 minlik genişmiqyaslı hərbi təlimi, həm də qardaş Türkiyə ilə birgə hərbi-hava qüvvələrinin ortaq təlimləri start götürdü. Sırf hərbi xarakter daşıyan İsrail səfərinin ardınca, eyni vaxtda iki möhtəşəm təlim!

 

***

 

Baş verənlərin fonunda, yəni dünən yeganə nüvə müttəfiqimiz olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Süheyl Aman Bakıya gəlib. Bir həftənin içində Azərbaycanın episentrdə olduğu və hərbi mahiyyətli bu üç hadisənin baş verməsi diqqət çəkməyə bilməz.

Pakistanın Azərbaycandakı səfirliyindən «Trend»ə verilən məlumatına görə, Pakistan komandanının Bakı səfəri çərçivəsində tərəflər hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. O sırada iki ölkə arasında hərbi aviasiya və hava hücumundan müdafiə sahələrində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsinin aparılması da gözlənilirdi.

Pakistan HHQ komandanı Azərbaycanın Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Nazirliyində görüşlər keçirəcək. Səfər sentyabrın 22-dək davam edəcək (Həmin tarixdə Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi ayrıca təlim başa çatır, lakin Türkiyə ilə ortaq təlimlər davam edəcək).

«Azərbaycan və Pakistan müdafiə sahəsi və hərbi təlimlərin təşkilində əməkdaşlığı dərinləşdirməkdə davam edir», - deyə az öncə dost Pakistanın ölkəmizdəki səfiri Səid Xan Mehmand Bakıda keçirdiyi mətbuat konfransında söyləmişdi.

 

***

 

Bu, doğrudan da belədir. İki dövlət arasında ən yüksək səviyyədə (prezidentlər, baş nazir) tez-tez reallaşan qarşılıqlı səfərlər bunun bariz təsdiqi sayıla bilər. Biz hələ hərbi idarələr arasındakı intensiv təmasları demirik. Bu qəbildən təmaslar ilk növbədə hərbi-texniki sahədə əməkdaşlığın daha da dərinləşməsi, Azərbaycan ordusunun döyüş qabiliyyətinin artırılmasına yönəlib ki, Azərbaycan bunu qiymətləndirməyə bilməz.

Bu yerdə yada salaq ki, ötən il Azərbaycan prezidenti İlham Əliyev Bakıda səfərdə olan baş nazir (artıq sabiq-A.X.) Nəvaz Şəriflə görüşdən sonra bəyan eləmişdi ki, iki qardaş dövlət arasında hərbi sahədə əməkdaşlığın həcmi durmadan artır və Azərbaycan bir sıra qabaqcıl Pakistan hərbi texnologiyalarına yiyələnməkdə, onları Azərbaycanda müştərək istehsalının qurulmasında maraqlıdır.

Bundan əlavə, ölkə başçısı Pakistanın Dağlıq Qarabağa görə Ermənistanı dövlət kimi tanımamasını da yüksək qiymətləndirərək, buna görə dost ölkəyə minnətdarlıq bildirmişdi. Onu da qeyd eləməyə dəyər ki, rəsmi İslamabad Qarabağ məsələsində prinsipial mövqeyini təkcə Ermənistanı dövlət kimi tanımamaqla ortaya qoymayıb, eyni zamanda Qarabağ savaşı başlarsa, Azərbaycana hərbi kömək göstərməyə də hazır olduğunu dəfələrlə bəyan edib.

 

***

 

Dost-müttəfiqlərin bu qəbildən dəstəyi müharibə hazırlıqları ilə yanaşı, təbii ki, Azərbaycanın özünə, işğalçı üzərində hərbi qələbəsinə inamını, özünəgüvənini daha da artırır. Eləcədə də hazırda davam edən və sentyabrın 30-da bitəcək, Türkiyə-Azərbaycanın hərbi-hava qüvvələrinin iştirakı ilə ortaq hərbi təlimi ölkəmiz üçün mühüm önəm kəsb edir. O da diqqətçəkicidir ki, pakistanlı komandan da hərbi-hava qüvvələrinə rəhbərlik edir və böyük ehtimalla, cənab Süheyl Aman da Azərbaycanda HHQ-nin ortaq təlimlərini izləyəcək.

Necə deyərlər, «üçü birində». Azərbaycanın eyni vaxtda Türkiyə, İsrail və Pakistan kimi üç əsas strateji tərəfdaş ölkə ilə hərbi-texniki əlaqələri gücləndirib keyfiyyətcə yeni mərhələyə qaldırması şübhəsiz ki, ən əvvəl İşğalçı Ermənistana özünü yığışdırmaq üçün güclü bir siqnaldır. Axı, Azərbaycan bu üç ölkə ilə hərbi təcrübə mübadiləsini yalnızca təlimlərə tətbiq eləmək üçün mənimsəmir, bu üç strateji tərəfdaş və müttəfiq ölkədən müasir döyüş sistemlərini vitrinə qoymaq üçün almır. Azərbaycan bütün günün birində öz əzəli torpaqlarını güc yolu ilə geri almaq üçün etibarlı zəmin hazırlayır.

Bunu Azərbaycanın möhtəşəm hərbi de-marşı da adlandırmaq olar. Belə bir demarşın əsas hədəfi - bir daha Ermənistanı Azərbaycan torpaqlarını işğal altında saxlamağın mənasızlığına inandırmaq, nə qədər gec deyil «daşı ətəyindən tökməyə» sövq eləməkdir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *