vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
09:50 | 29 sentyabr 2017 | Cümə Məqaləyə 2844 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Cəzalandırılsınlar»

Türkiyədən Dağlıq Qarabağa gedən heyətə Azərbaycandan sərt təpki

Etibar SEYİDAĞA

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu günlərdə, daha dəqiq yazsaq, sentyabrın 22-də Türkiyədən bir qrup nümayəndə Ermənistan üzərindən Azərbaycanın işğal edilən Dağlıq Qarabağ ərazisinə səfər edib. Nümayəndə heyəti separatçı rejimin «xarici işlər naziri» tərəfindən qəbul edilib. Görüşdə Qarabağ münaqişəsinin həlli perspektivləri haqda müzakirələr aparılıb.

Səfərdən Türkiyəyə qayıdan nümayəndə heyəti qardaş ölkənin bəzi televiziya kanallarında çıxış edərək təəssüratlarını paylaşıb.

Türkiyədən Ermənistana, oradan da Qarabağa yollanan nümayəndə heyətinə Xalqların Demokratik Partiyasından olan (HDP) keçmiş deputat, Türkiyə Yaşıllar və Gələcək Partiyasının üzvü, «Ankara Düşüncə Platforması» qeyri-hökumət təşkilatının rəhbəri Ufuk Uras rəhbərlik edib. Nümayəndə heyətinin tərkibinə həmçinin, yazıçılar Əli Bayramoğlu və Səid Çəkinoğlu və teleaparıcı Erol Katırçıoğlu daxil olub.

Bu fakta Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev münasibət bildirib. O, «Yeni Müsavat»ın 28 sentyabr, 2018-ci il sayına müsahibəsində deyib: «...Ermənistan tərəfi son dövrlərdə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərin kütləvi şəkildə azalmasından narahat olaraq, buraya erməni lobbi dairələrinin və Ermənistana daim yaxınlığı ilə seçilən şəxsləri cəlb edərək, bu səfərlərin intensivliyinin artmasının imitasiyasını yaratmağa çalışır. Amma səfər edən şəxslərin mahiyyətinə və onların dünyagörüşünə baxdıqda, tam şəkildə aydın olur və görünür ki, bu, mahiyyət etibarilə anti-Azərbaycan, islamafob, irqçi təmayüllü insanlardırlar. Bunların da erməni lobbisi ilə bilavasitə bağlılığı heç kimdə şübhə doğurmur. Bu qəbildən olan insanların qanunsuz səfərini təşkil etməklə belə bir imitasiya yaratmağa çalışırlar. Ancaq təbii ki, hər bir belə hal təfərrüatı ilə, tam şəkildə araşdırılır. Türkiyədən Dağlıq Qarabağa səfər edən şəxslərə gəldikdə isə, birinci onlar elə qardaş Türkiyəyə qarşı müəyyən siyasi xətt yürüdən şəxslərdir. Onların həmişə erməni lobbi dairələri ilə təmasları olduğu heç kimdə şübhə doğurmur».

XİN sözçüsünün bu cür mövqeyi, olaya diplomatik dildə reaksiya bildirməsi təbiidir. Rəsmi şəxsin hansısa emosional rəyi iki ölkə arasında münasibətləri zədələyər. Amma təəssüf olsun ki, bu səfərlə bağlı hələ Türkiyədən rəsmi mövqe bildirilməyib. Əslində isə indi Türkiyənin rəsmi qurumları, siyasi partiyaları, QHT-ləri, qardaş ölkədən Dağlıq Qarabağa səfər etmiş şəxslərin bu hərəkətini pisləyən bəyanatlar verməli idilər. Türkiyə mediasında bu səfərə dair müzakirələr aparılmalıydı. Olay pislənməli, Azərbaycandan üzrxahlıq edilməliydi.

Azərbaycan bütün məsələlərdə Türkiyənin yanındadır. Qardaş ölkənin maraqlarının ziddinə bir addım belə atılmır. Bu xətt rəsmi dövlət siyasətində ciddi şəkildə nəzərə alınır. Həmçinin Azərbaycan müxalifəti, mediası, QHT sektoru hər zaman Türkiyənin yanında olduqlarını nümayiş etdirir.

Ötən ilin iyulunda Türkiyədə baş verən silahlı qiyam cəhdi zamanı bu, bir daha sübut olundu. Azərbaycan prezidenti, onun komandası, dövlət aparatı, rəsmi və müstəqil mediası, QHT sektoru qiyamı pislədi, Ərdoğan iqtidarını, Türkiyə dövlətini dəstəklədi. Azərbaycan cəmiyyəti bütövlükdə qardaş ölkənin yanında olduğunu bəyan etdi. FETÖ məsələsində rəsmi Bakının mövqeyi birmənalı və qətiyyətlidir. Bu gün də FETÖ mövzusunda Azərbaycan olduqca həssasdır.

Həmçinin PKK məsələsində Azərbaycan dövləti hər zaman Türkiyənin yanında mövqe tutub. Quzey Kıprıs Türk Cümhuriyyəti (QKTC) mövzusunda da dövlətimiz rəsmi Ankaranın mövqeyinin ziddinə bir addım atmayıb. Təsəvvür edək ki, Azərbaycandan bir qrup şəxs Yunanıstan üzərindən yunan Kiprinə səfər edir, orada QKTC-nin yunan torpağı olduğunu bəyan edir. Yaxud Bakıdan nümayəndə heyəti  Pensilvaniyaya gedir, Fətulla Gülənlə görüşür, onu dəstəklədiklərini açıq şəkildə bildirir. Sonra da Bakıya qayıdıb bu səfərlərlə bağlı televiziyalarda şərh verirlər.  FETÖ, PKK və Şimali Kipr Türk Cümhuriyyəti mövzuları Türkiyə üçün nədirsə, Azərbaycan üçün də odur. Azərbaycan tərəfi də eyni həssaslığı təbii olaraq Türkiyədən, onun hakimiyyətindən, mediasından gözləyir.

Türkiyə ilə Azərbaycan təkcə iki qardaş dövlət deyil, həmçinin təbii və strateji müttəfiqdilər. Müttəfiqlik, qardaşlıq, yoldaşlıq isə birtərəfli olmur, hər iki tərəfdən eyni həssaslıq və fədakarlıq, həmçinin ciddiyyət tələb edir.

Mövzu ilə bağlı «Yeni Müsavat»a danışan Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib ki, həmin şəxslərin hərəkəti Türkiyə-Azərbaycan münasibətlərinə zərbə vurmağa xidmət edir. Bunu isə ermənilər istəyir. Zaman-zaman belə hallar baş verir: «Bu adamlar erməni qarışığı olan Türkiyə vətəndaşlarıdırlar. Onların Azərbaycanın işğal olunmuş ərazisinə gedib separatçı rejimin qondarma qurumlarını rəsmi qurum kimi qəbul edib görüşlər keçirməsi Türkiyəyə də xəyanətdir. Bəs Türkiyənin mətbuatı, rəsmi qurumları hara baxır, niyə buna göz yumurlar?! Niyə o adamlarla bağlı ölçü götürülmür?! Türkiyə hökuməti separatçı rejimə dəstək verən həmin vətəndaşları ilə bağlı addımlar atmalıdır.

Bilmək lazımdır ki, o xainlərin separatçılarla görüşməsi Azərbaycan-Türkiyə ilişkilərinə böyük ziyan verir. Bunun üçün də Türkiyə hökumətinin münasibəti ortada olmalıdır. Azərbaycan cəmiyyəti Ankaradan bunu gözləyir. Yəqin ki, Türkiyə hökumətindən rəsmi mövqe gələcək. Çünki Azərbaycan Türkiyənin zərərinə olan hər hansı bir məsələdə hər zaman çox ciddi qardaşlıq mövqeyi nümayiş etdirib. FETÖ hadisələrində Azərbaycan Türkiyənin maraqları naminə çox radikal addımlar atdı. Qardaşlığın gərəyi bu idi. Azərbaycan mətbuatı, içi «Yeni Müsavat» qəzeti olmaqla, bu məsələlərdə Türkiyəyə çox ciddi dəstək verdi, qardaşlıq nümayiş etdirdi. İndi biz gözləyirik ki, eyni həssaslığı Türkiyə hökuməti, mətbuatı, Türkiyənin prezidenti və xarici işlər naziri nümayiş etdirəcək. Əminəm ki, bu olacaq».

Milli Məclisin üzvü Fazil Mustafa isə bildirdi ki, Dağlıq Qarabağa gedən şəxslər PKK-ya bağlı şəxslərdir və onlar Türkiyə dövlətinin də əleyhinə fəaliyyət göstərirlər:

«Məsələdə bir qədər fərqli nüanslar var. Türkiyə də bundan əziyyət çəkir. O adamlar öz ölkələrinə qayıdanda onları separatçılarla görüşdükləri üçün məsuliyyətə cəlb etmək gərəkdir. Türkiyənin özü bu cür adamların əlindən əziyyət çəkir».

Millət vəkili Zahid Oruc isə «Yeni Müsavat»a deyib ki, əgər Dağlıq Qarabağa Türkiyədən hər hansı bir qrup gedirsə, bu səfər özü-özlüyündə qanunsuzdur. Çünki bu, Azərbaycanın iradəsi və qanunları əleyhinə hərəkətdir: «Şübhə etmirəm ki, həmin adamlar Ermənistanın viza verməsi ilə Dağlıq Qarabağa gedə biliblər. Azərbaycan Dağlıq Qarabağa qanunsuz səfərlər edənlərlə bağlı qara siyahılar tərtib edib və edir. Aleksandr Lapşin nümunəsində onlara məsuliyyət cəzası da kəsir. İndi Türkiyə vətəndaşı olan şəxslərin erməni proyektində hərəkət etmələri, Dağlıq Qarabağın separatçı rejiminin saxta subyektlərinin tanıdılmasında rol oynamaları, onları az qala dövlət rəsmiləri kimi tanımaları Azərbaycana qarşı zərbədir. Məsələyə Türkiyənin də dövlət və hökumət strukturlarının reaksiyası olmalıdır. Burada məsələ mənəvi öhdəliklə bitmir.

Bir neçə maddə ilə həmin Türkiyə vətəndaşlarına qarşı real məsuliyyət tədbirlərini həyata keçirmək mümkündür. Çünki Türkiyə Ermənistanla hər hansı bir diplomatik münasibətlərə malik deyil. Belə çıxır ki, həmin adamlar sabah Ermənistandan Türkiyə əleyhinə kəşfiyyat tapşırıqları da ala və icra eləyə bilərlər. Məsələnin başqa tərəfi ondan ibarətdir ki, biz bu illər ərzində qardaş Türkiyə ilə münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə ona görə qaldıra bilmişik ki, Türkiyə ilə müəyyən öhdəlikləri yerinə yetirmişik. Biz PKK-nı hər zaman pisləmişik, heç zaman PKK-ya hansısa şəkildə dəstək verilməyib, Türkiyə əleyhinə olan istənilən hərəkətə Azərbaycan ən yüksək səviyyədə cavab verib, bu hərəkətlərə qarşı konkret addımlar atıb. Türkiyənin düşmənlərini özümüzə düşmən saymışıq. Belə olan təqdirdə indi Azərbaycanın əleyhinə olan hərəkət Türkiyə vətəndaşı olan bir qrup şəxs tərəfindən baş verirsə, şübhəsiz ki, qardaş ölkə buna bir reaksiya verməlidir. Ümidvaram ki, həmin səfərdə iştirak edən adamlardan cavabdehlik tələb olunacaq».