vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
ƏDƏBİYYAT  
13:51 | 5 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 3073 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nobel yapon əsilli ingiltərəliyə verildi

Ədibin mükafata reaksiyası, yazıçının oktyabrın 5-də Nobel Komitəsinin əməkdaşına verdiyi müsahibədən seçmələr

MÖVZU İLƏ ƏLAQƏLİ

Yapon əsilli İngiltərə yazıçısı Kazuo İşiquro (Kazuo Ishiguro) ədəbiyyat üzrə 2017-ci ilin Nobel mükafatına layiq görülüb. Nobel mükafatlarını verən İsveç Akademiyası yazıçının «böyük emosional gücə malik romanlarını» təqdir edib və bildirib ki, yazıçı «bizim dünya ilə xəyali əlaqə hissimizin dərinliyindəki boşluğu üzə çıxarıb».

«Mətbəxdə oturub dostuma email yazırdım» – yazıçı xəbəri necə eşitdiyini danışır, «Dalbadal telefon zəngləri gəlməyə başladı». Zəng edənlər İşiquronun ədəbi agentləri olub. Onlar Nobel mükafatının qalibinin elan edilməsinə canlı baxırmışlar. «Düşünmürəm ki, onların mənimlə bağlı gözləntisi vardı, sadəcə, mükafatın bu il kimə verildiyini eşitmək istəyirdilər» – deyir yazıçı. Onun sözlərinə görə, hər telefon söhbətində xəbərin yalan olub-olmadığını aydınlaşdırmağa çalışıb. Axır ki, məsələ dəqiqləşməyə başlayıb. BBC onun evinə zəng edib... Çox keçməyib ki, evinin qarşısında jurnalistlərin uzun növbəsi yaranıb. Bu «xaos»a görə Nobel Komitəsinin müsahibə üçün zəng edən əməkdaşını da gözlətməli olub.

İşiquro «Nobel»i ən nüfuzlu mükafat sayır, deyir, ən çox da bu nüfuz onunla bağlıdır ki, İsveç Akademiyası həmişə siyasi davalardan uzaq olub.

«Nobel almaq mənim üçün həm də ona görə böyük şərəfdir ki, bu mükafat məni bir çox möhtəşəm qəhrəmanlarımla, çox böyük yazarlarla eyni cərgəyə qoyur».

İşiquro deyir ki, mükafata Bob Dilandan sonra layiq görülməsi də onun üçün önəmlidir. Çünki Bob Dilan onun ən böyük qəhrəmanıdır. 13 yaşından. Hətta Bob Dilanı yamsılaya da bilir.

«The Guardian» yazır ki, mərcqoşma şirkətləri ədəbiyyat üçün Nobel mükafatı mərcinə Marqaret Atvud (Margaret Atwood), Nquqi Va Ziongo (Nqugi Va Thiongo) və Haruki Murakami kimi yazıçıların adlarını daxil etmişdilər və bu mənada İşiquro gözlənilməz seçim olub. Ötən il də bir çoxları bu mükafatın Bob Dilana (Bob Dylan) verilməsini təəccüblə qarşılamışdılar.

Akademiya bildirib ki, «Günün qalıqları» (The Remains of the Day) və «Heç vaxt qoyma mən gedim» (Never Let Me Go) kimi romanların müəllifi İşiquro «hansı hadisələri qeydə almasından asılı olmayaraq təmkinli ifadə yanaşması» nümayiş etdirir.

İşiquro kimi nə vaxtsa «Booker» mükafatına layiq görülmüş yazıçılar, o cümlədən öz adı dəfələrlə Nobel mükafatı üçün hallandırılanlar da qalibi təbrik ediblər.

Salman Rüşdi (Salman Rushdie) yazıb: «Köhnə dostuma çox-çox təbriklər. Mən onun əsərlərini «Təpələrin solğun mənzərəsi» (A Pale View of Hills) kitabını oxuyandan bəri sevirəm. Üstəlik o gitara çalır və mahnı qoşur. Bob Dilan gözünə su versin!»

Akademiyanın daimi katibi Sara Danius İşiquronun əsərlərini Jane Austen və Franz Kafka yazısının qarışığına bənzədib, lakin deyib ki, bu qarışığa bir az da Marcel Proust qatıb azacıq qarışdırsan tam İşiquro üslubu yaranar.

Danius deyib: «O böyük və doğruçu sözün yazıçısıdır. O kənara baxmır, özünün estetik kainatını yaradır».

Danius İşiquronun «Basdırılmış nəhəng» (The Buried Giant) romanını şəxsən daha çox xoşladığını deyib, lakin «Günün qalıqları» romanını şah əsəri adlandırıb.

Katib yenə də bənzətməyə varıb: «Bu əsər «PG Wodehouse» romanı üslübunda başlayıb Kafkasayağı başa çatır».

Danius çıxışında deyib ki, İşiquro keçmişlə maraqlansa da, onu əsərlərində geri qaytarmır: «O ilk növbədə sağ qalmaq, dünyanı daha xoşbəxt etmək üçün nələri unutmağın lazım olduğunu göstərir».

Danius deyib: «Mən hakim deyiləm. Biz tamamilə parlaq hesab etdiyimiz romançını seçmişik».

8 noyabr 1954-cü ildə Naqasakidə doğulmuş İşiquronun ailəsi Britaniyaya köçəndə onun cəmi 5 yaşı vardı. Onun alim atası Şizuo İngiltərəyə köçmək qərarını Londondakı Milli Okeanoqrafiya İnstitutunda işləmək istəyinə görə qəbul etmişdi.

İşiquro «East Anglia» Universitetində yaradıcı yazı sahəsində təhsil alıb. Bundan əvvəl, 1978-ci ildə Kent Universitetində İngilis dili və fəlsəfə üzrə dərəcələr qazanıb. 1982-ci ildə özünün ilk romanını -«Təpələrin solğun mənzərəsi» əsərini yazıb.

İsveç Akademiyası bildirir ki, İşiquronun yazı mövzuları «yaddaş, zaman və özünütəlqindir» və bu xüsusilə də onun «Günün qalıqları» romanına aiddir.

Onun 1989-cu ildə yazılmış bu romanı əsasında eyniadlı film çəkilib.

İşiquronun son romanlarında fantastikaya meyllənmə müşahidə olunur. «Heç vaxt qoyma mən gedim» romanı İngiltərənin distopik və ya gələcək versiyasını təsvir edir.

Onun iki il əvvəl çap olunmuş «Basdırılmış nəhəng» əsərində isə yaşlı ər-arvadın İngiltərənin əsrarəngiz mənzərələri boyunca səyahətindən bəhs olunur.

8 kitab müəllifi olan İşiquro kino və televiziya üçün ssenarilər də yazıb.

İşiquro 1901-ci ildə təsis olunmuş və hazırkı kursla pul dəyəri 9 milyon İsveç kronu (1 milyon 90 min dollar) olan mükafatın sayca 114-cü sahibidir.