vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
13:37 | 19 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 2114 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranın Rusiyadakı anti-Azərbaycan şəbəkəsi

Tehran «ayağımızın altını» niyə qazır? «beyni yuyulan» və Kremlin nəzarətindəki azərbaycanlılardan ölkəmiz əleyhinə istifadə edilə bilər

Analitik xidmət

MÖVZU İLƏ ƏLAQƏLİ

İran-Azərbaycan əlaqələri ölkəmiz öz müstəqilliyini bərpa edəndən üzü bəri zaman-zaman nahamar olub. Səbəblər barədə vaxtaşırı yazmışıq. Aparıcı amil kimi, Tehranın Azərbaycan adlı dövlətin varlığını uzun müddət həzm edə bilməməsi, onu daim özünə təhlükə sayması göstərilib. Əlbəttə ki, əsas da Güney amilinə görə bu narahatlıq yaşanıb. Təsadüfi deyil ki, cənub qonşumuz Azərbaycan Respublikasının müstəqilliyini 8-ci sırada, hətta Rumıniyadan da sonra tanıyıb.

Lakin iki qonşu ölkə arasında iqtisadi-ticari ilişkilər, insani əlaqələr artdıqca, Azərbaycan və İran ortaq iqtisadi layihələrin iştirakçısı olduqca, ən yüksək səviyyədə qarşılıqlı rəsmi səfərlər intensivləşdikcə, Tehranın Azərbaycan xofu da azalıb. Xüsusən də son illərdə prezidentlər - İlham Əliyev və Həsən Ruhaninin səyləri nəticəsində Azərbaycan-İran əlaqələri kifayət qədər qarşılıqlı etibarlı və dinamik inkişaf zolağına çıxa bilib.

 

***

 

Bununla belə, əfsuslar olsun ki, gələn xəbərlər İranın müəyyən dairələrində ölkəmizə, xalqımıza qarşı hələ də qeyri-dost, hətta məkrli münasibətin qaldığını göstərir. Bəzi faktları oxucuların diqqətinə çatdırmağa lüzum var.

Məsələn, əldə elədiyimiz məlumatlara görə, İranın xüsusi xidmət orqanları Rusiyada yaşayan və əslən Azərbaycan və Gürcüstandan olan soydaşlarımızla fəal iş aparır. İddialara görə, İranın Rusiyada fəaliyyət göstərən və İranın nəzarətindəki «Moskva İslam Mərkəzi» (MİM), «Hüseyniyyə» ibadətgahı, «Beynəlxalq Əhli-Beyt Cəmiyyəti» xüsusilə seçilirlər.

Məlumat üçün bildirək ki, MİM rəhbəri Əkbər Ceddi İranın Ali Dini lideri, hörmətli Əli Xameneinin Moskvadakı nümayəndəsidir və Azərbaycana qarşı xüsusi mövqeyi ilə seçilir. Maraqlıdır ki, MİM əsasən Rusiyada yaşayan aztəminatlı azərbaycanlılar arasında iş aparır, onları öz tədbirlərinə cəlb edir. Aydındır ki, aztəminatlı ailələri maddi maraq amilinə görə «verbovka» eləmək daha asandır. Bunu biz bir sıra zərərli sektaların ölkəmizdəki qanunsuz fəaliyyətlərindən, nəhayət, mənfur İŞİD «təcrübəsi»ndən yaxşı bilirik.

Məsələ də ondadır ki, MİM-in tədbirlərdə əsas fəaliyyət istiqamətlərinin İranın təbliği və Azərbaycan əleyhinə əks-təbliğat olduğu iddia edilir. Tədbirlərdə İrandan gələn dindarlar moizələr oxuyur. Qurumun nəzdində uşaqlar üçün dini kurslar da fəaliyyət göstərir. Bəzi məlumatlara görə, ötən ilin Nardaran hadisələrinə görə Azərbaycanın Rusiyadakı səfirliyi qarşısında aksiyanı da məhz MİM təşkil edibmiş.

İranın nəzarətindəki «Beynəlxalq Əhli-Beyt Cəmiyyəti» isə həm də Rusiyanın regionlarında geniş şəbəkə yaratmağa müvəffəq olub. Məlumatlara görə, onun Mahaçqala, Yekaterinburq, Sankt-Peterburq və digər iri şəhərlərdə nümayəndəlikləri mövcuddur. Təşkilat Moskvada məscid və mədəniyyət mərkəzinin tikintisini də planlaşdırır. Təsadüfi deyil ki, bir neçə dəfə Moskvada olan dini liderin Ərbil vilayətindəki nümayəndəsi və Azərbaycana qarşı sərt mövqeyi ilə seçilən Həsən Amili öz görüşlərini məhz bu cəmiyyətin təşkil etdiyi tədbirlərdə keçirib.

 

***

 

Təəssüf ki, əslən Azərbaycanın cənub bölgəsindən olan bir sıra şəxslər də İranın Rusiyadakı bu kimi qurumlarının fəaliyyətində aktiv iştirak edirlər. O sırada «Beynəlxalq Əhli-Beyt Cəmiyyəti»nin sədri Nizami Baloğlanovun və «Şiə Müsəlmanlarının İslam Teoloji Mərkəzi»nin rəhbəri Famil Cəfərovun adları çəkilir. Sonuncu eyni zamanda «Rusiya Talışları Ruhani İdarəsi»nin sədri, tatar məscidi müftisinin şiə məsələləri üzrə müavinidir.

Rusiya paytaxtında fəaliyyət göstərən «Camiətül Mustafa» Universitetinin fəaliyyəti isə birbaşa Azərbaycana qarşı yönəlib. Əminliklə demək olar ki, ölkəmiz əleyhinə ən sərt mövqe sərgiləyən şəxslər məhz bu qurumda toplaşıb. Onların İran xüsusi xidmət orqanları tərəfindən idarə olunduğu deyilir. Bu təşkilatın təşkil etdiyi bütün tədbirlərdə Azərbaycan hədəfə götürülür.

Həmçinin, Moskvadakı «İnam» dini cəmiyyətinin nəzdində fəaliyyət göstərən «İnam» məscidində anti-Azərbaycan təbliğatı gedir. Eyni mərkəzdən idarə olunan və maliyyələşdirilən bu qurumlar Rusiyada yaşayan azərbaycanlılar arasında geniş təbliğat aparmaqla, onların «beynini yumaqla» faktiki surətdə qonşu ölkədə dindarların ciddi və fəal anti-Azərbaycan platformasını yaradırlar. Ehtimal etmək olar ki, bu qurumlar və orada toplaşan azərbaycanlı fəallar həm də Rusiya xüsusi xidmət orqanlarının nəzarətindədir və lazım gəldikdə ölkəmizə qarşı istifadə oluna bilərlər.

 

***

 

Cənub qonşumuzdan Azərbaycana qarşı bu kimi qeyri-dost davranışlar və gizli demarşlar əslində yeni deyil. Ancaq vurğulandığı kimi, bu kimi davranışlar iki ölkə arasında son illər inkişafda olan əlaqələrin məzmunu ilə ziddiyyət təşkil edir. Belə demarşlar noyabrın 1-də Rusiya, İran və Azərbaycan prezidentlərinin Tehranda planlaşdırılan görüşü ərəfəsində, eyni zamanda İraq Kürdüstanındakı müstəqillik referendumundan sonra İranın düşdüyü yeni qəliz vəziyyət fonunda xüsusilə maraq və təəssüf doğurur. Hər necə olmasa, İran da çoxmillətli dövlətdir və o üzdən başqalarının daxili işlərinə qarışanda bir az da öz daxilinə baxsa, pis olmaz.

Prezidentlərin Tehran görüşündə əsas diqqət isə üç ölkə arasında iqtisadi-ticari əlaqələrin daha da dərinləşməsi, o sırada «Şimal-cənub» nəqliyyat (dəmir yolu) dəhlizi layihəsinin reallaşmasını sürətləndirməklə bağlı olacaq - hansı layihə ki, İranın da maraqlarına cavab verir, onun tranzit dövlət kimi önəmini artırır və s.

Tehran zirvə görüşü, həmçinin, son vaxtlar ABŞ-ın İrana qarşı artan təzyiqləri, Vaşinqtonun İrana qarşı yeni sanksiyalar qanunu qəbul eləməsi fonunda ikiqat önəm kəsb edir. Amerikanın yeni təzyiqləri və sanksiyaları isə qonşu və müsəlman Azərbaycanın İrandan ötrü əhəmiyyətini artırır ki, azaltmır.

Bu üzdən rəsmi Tehran məntiqlə indi dostlarının sayını artırmaq, Azərbaycanla qonşuluq münasibətləri üzərində daha çox düşünməli və əsməli, Azərbaycanla, onun köklü maraqları ilə daha ehtiyatlı olmalıdır, nəinki «qonşuya quyu qazmağa» çalışmalıdır. Başqasına quyu qazanın aqibəti barədə Azərbaycan atalar sözü barədə isə gərək ki, Tehrandakı din qardaşlarımız da məlumatlıdırlar.

Hər necə olmasa, İran və Azərbaycan iki müsəlman dövlətidir, üstəlik, iki xalqı xeyli dərəcədə ortaq tarix və mədəniyyət birləşdirir. İran əhalisinin yarıdan çoxu azərbaycanlılardır. Ölkənin ali dini liderinin kökəncə Azərbaycan türkü olması da özlüyündə çox şey deyir. Qısası, Azərbaycanın İrandan gözləntiləri tamamən başqadır və müstəsna olaraq iki ölkənin maraqlarına yönəlib.

Ümid edək ki, Tehran rəsmiləri, prezident Həsən Ruhaninin hökuməti həm də bölgədəki çağdaş və həssas durumdan qaynaqlanan bu mühüm gözləntiləri heç vaxt gözardı etməyəcəklər.