vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BANK, BİRJA, SIĞORTA  
09:59 | 27 yanvar 2014 | Bazar ertəsi Məqaləyə 3790 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kəndiri kəsilən Çəndirli

Ziyad Səmədzadənin yaxın qohumu, Satınalmalar üzrə Dövlət Agentliyinin direktor əvəzinin qələmini qırmağa hazırlaşırlar; onun ölkə rəhbərliyinin gözündən düşməsi haqda xəbərlər var

İqtisadiyyat şöbəsi

Satınalmalar üzrə Dövlət Agentliyinin direktor əvəzi İsgəndər Çəndirli bu yaxınlarda karyerasını bitirə bilər. Prezident seçkisindən sonra Nazirlər Kabinetin qismən yeniləşsə də, 7 strukturun başçısı, o cümlədən də agentliyin direktoru İ.Çəndirli təsdiqlənmədi. Bu, prezidentin həmin qurumların rəhbərliyinə qarşı etimadsızlığının göstəricisi idi. Yaxın günlərdə agentliyə yeni direktorun təyinatı gözlənilir. Bu barədə «Yeni Müsavat»a hakimiyyətə yaxın qaynaqlardan məlumat daxil olub.

Mənbənin məlumatına görə, İ.Çəndirliyə qarşı etimad limitinin bitməsinin səbəblərindən biri onun dayısı, Milli Məclisin İqtisadiyyat Komitəsinin sədri, akademik Ziyad Səmədzadəyə münasibətin dəyişməsi ilə bağlıdır: «Siyasi komandada Z.Səmədzadəyə mənfi münasibətin kökü ötən əsrin 90-cı illərinin əvvəllərinə gedib çıxır. O vaxt Ziya Səmədzadə Ali Sovet sədrinin müavini idi və Mütəllibov komandasının əsas fiqurlarından sayılırdı. Parlamentdə Azərbaycana yenicə dönmüş və deputat seçilmiş mərhum Heydər Əliyevin əleyhinə ciddi kampaniya aparılırdı və kampaniyanın başında duranlardan biri də Ziyad Səmədzadə idi». 
Mənbə bununla bağlı bir tarixi epizodu da xatırladır: «Heydər Əliyev SSRİ-nin saxlanılması ilə bağlı referendum müzakirə edilərkən Azərbaycanın müstəqil yaşaması üçün bütün imkanlarının olduğunu arqumentli şəkildə izah etdi. Təbii ki, uzun müddət ölkəyə rəhbərlik edən və real imkanlara yaxşı bələd olan H.Əliyevin çıxışı müstəqillik əleyhdarlarını pis vəziyyətdə qoydu. O vaxt Əliyevə cavab vermək üçün Z.Səmədzadə tribunaya qalxdı və iqtisadçı alim kimi «Azərbaycanın müstəqil yaşaya bilməyəcəyini» sübut etməyə başladı. Bunun ardınca iclasa sədrlik edən Z.Səmədzadə deputatların H.Əliyevi təhqir etməsi üçün şərait yaratdı. Ona görə də hakimiyyətdəki köhnə qvardiya Z.Səmədzadəyə birmənalı olaraq mənfi münasibət bəsləyib». 
Mənbə iddia edir ki, köhnə qvardiya vaxtilə müstəqilliyin qatı əleyhdarı olan Z.Səmədzadənin müstəqil Azərbaycanın parlamentində komitə sədri olmasını həzm edə bilmirlər. Mərhum prezident Heydər Əliyevin hakimiyyəti illərində kölgədə qalan Z.Səmədzadənin 2005-ci ildə hansısa qüvvələrin dəstəyi ilə deputat «seçilməsi» (onun seçildiyi 23 saylı Nəsimi-Səbayel seçki dairəsində real səsləri Sumqayıtın sabiq meri Cahangir Müslimzadə yığmışdı), hətta komitə sədrliyinə qədər yüksəlməsi gözlənilməz olub. Hakimiyyət komandasında yerini möhkəmləndirən Z.Səmədzadə bacısı oğlu İsgəndər Çəndirlini Satınalmalar üzrə Dövlət Agentliyinə direktor (19 may 2008-ci il) təyin etdirə bildi. Buna qədər isə İ.Çəndirli Z.Məmmədova məxsus olan «Transqeyt» MMC-nin baş meneceri işləyirdi».
Mənbə iddia edir ki, İ.Çəndirlinin etimad limitinin bitməsi təkcə onun dayısına mənfi münasibətin yaranması ilə bağlı deyil: «Bu qurum tender korrupsiyasına yaşıl işıq yandırır. Dövlət sifarişlərinin keçirilməsi üçün elan edilən tenderlərin təşkilinə və şəffaf keçirilməsinə cavabdeh olan agentlik əksər hallarda formal müsabiqələrin keçirilməsinə göz yumur. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin araşdırmalarında bu agentliyin adı tez-tez çəkilir. 
Dövlət satınalmaları haqqında qanuna görə, 50 min manatdan yuxarı dövlət sifarişlərinin icrası üçün tenderlər mütləq elan edilməlidir. Tender həm o işin icraçısının ən yaxşısını tapmaq, həm də dövlət sifarişini səmərəli həyata keçirmək üçün vacibdir. Tender şəffaf aparılmalıdır, sonda qərar qəbul olunmalıdır ki, hansı üstünlüyünə görə filan işin icrası filan firmaya tapşırılır. 
Mənbə bildirir ki, formal tenderlərin keçirilməsi artıq müsbət göstərici sayılır. Çünki indi artıq tenderlər ümumiyyətlə, keçirilmir. Məsələn, Təhsil Nazirliyi məktəb təmir-tikintisi üçün şirkətlərlə tendersiz, birbaşa müqavilə bağlayıb. Bu faktı Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsi Texniki sektorunda da təsdiqləyirlər: «Birbaşa müqavilə də tenderin bir növüdür. Əgər təbii fəlakət, yanğın, qəza baş verirsə, birbaşa müqavilə üçün Satınalmalar üzrə Dövlət Agentliyindən icazə alınır. Məsələn, məktəbdə yanğın iyunda baş veribsə, sentyabra qədər tender keçirmək mümkün deyil».
Təbii ki, iyul ayında məktəbdə yanğın yalnız istisna hallarda ola bilər. Çünki bu ay məktəblər bağlanır, şagirdlər tətilə, müəllimlər isə məzuniyyətə yollanır. Ancaq Təhsil Nazirliyi ilə Satınalmalar üzrə Dövlət Agentliyi arasındakı «anlaşmaya» əsasən yüzlərlə məktəb birbaşa müqavilə yolu ilə təmir edilir.
Bu yaxınlarda Azadlıq radiosu Təhsil Nazirliyindəki tender korrupsiyası ilə bağlı araşdırma aparmışdı. Araşdırma zamanı bəlli olub ki, Vergilər Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin paytaxtda uşaq bağçalarına ərzaq alınmasına dair tenderlərin araşdırmasında da maraqlı faktlar üzə çıxarıb.
Vergilər Nazirliyinin məlumatına görə, Bakı şəhəri üzrə Təhsil İdarəsi 2011-ci ildə uşaq bağçalarına ərzaq alınması üçün ilin əvvəlində 8,2 milyon manatlıq tender elan edib. Araşdırma zamanı məlum olub ki, bu şirkətlərin nə məhsul istehsalı üçün torpaq sahələri, nə işçiləri, nə nəqliyyat vasitələri, nə məhsul saxlayası anbarları, nə də heç olmasa bu işləri onun əvəzinə görəsi subpodrat müqavilələri var.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi bütün bunların məsuliyyətini Satınalmalar üzrə Dövlət Agentliyinin üzərinə atmışdı: «Kim nə düşünür, mən bilmirəm, icazəsiz heç kim işləyə bilməz. Satınalmalar üzrə Dövlət Agentliyi onların sənədi olmasa, tenderə buraxmaz axı».
Şübhəsiz ki, Təhsil İdarəsinin rəhbərliyi Satınalmalar üzrə Dövlət Agentliyi ilə hansısa gizli anlaşmaya işarə vuraraq məsuliyyəti qurumun üstünə atır - doğrudan da bu şirkətləri tenderə kim buraxıb? Axı tenderlərin keçirilməsinə nəzarət birbaşa agentliyin funksiyasına daxildir.
Mənbə deyir ki, bəzi hallarda tenderdən qaçmaq üçün 50 min manatdan yuxarı dövlət sifarişlərini hissələrə bölüb icra edirlər ki, tenderə ehtiyac qalmasın. Bu məsələdə də agentliyin qeyri-rəsmi «icazəsini» alırlar.
Mənbə deyir ki, İ.Çəndirlinin agentlikdə yaratdığı korrupsiya mühiti dövlət müəssisələrinə də sərf edir. Agentliyin rəhbərliyi ilə «razılaşmaqla» iri həcmli dövlət sifarişlərini formal tenderlə özlərinə yaxın şirkətlərinə tapşırırlar, bəzi hallarda isə heç tenderlərə də ehtiyac olmur. Ancaq indi antikorrupsiya əməliyyatlarının növbəti dalğası ərəfəsində agentliyin adı şübhəli tenderlərlə bağlı tez-tez çəkilir. Çox güman ki, bu dalğanın qurbanlarından biri də İ.Çəndirli olacaq, hətta onun həbs olunacağı ilə bağlı söhbətlər gəzir.