«Yamanca yorulmuşam mən»
Daha bu ifadəni deməyəcəksiniz...
Müasir həyatımızda daha çox şikayətçi olduğumuz problemlərdən biri də tez yorulmağımızdır. Bəzən belə də olur ki, səhər tezdən oyananda özümüzü gümrah hiss etmirik, hətta şənbə-bazar istirahətindən sonra da yorğunluğumuz çıxmır.
İnsanda bu cür yorğunluğun bir çox səbəbləri ola bilər. Orqanizmin oksigenlə lazımi qədər təmin olunmaması, vitamin və mikroelementlərin çatışmazlığı, yuxu rejiminə riayət etməmək, düzgün qidalanmamaq, ekoloji problemlər, maddələr mübadiləsinin pozulması və bu kimi bir çox hallar yorğunluq yaradan amillərdir. Sözsüz ki, bu amillərin sırasında ciddi xəstəliklərin olması da istisna deyil.
Modern.az saytı sağlamlıqla bağlı növbəti yazını təqdim edir.
Yorğunluğu aradan qaldırmaq üçün qədim zamanlardan bu günə qədər gəlib çıxmış bir çox xalq təbabəti vasitələri mövcuddur.
İlk növbədə istirahətinizin düzgün təşkilinə xüsusi diqqət yetirin. 8 saatlıq yuxunun təmin olunması üçün bütün işlərinizi təxirə salın. Gecə yarıdan keçənə qədər televizor və kompüter qarşısında əyləşmək yalnız yorğun vəziyyətinizin daha da ağırlaşmasına səbəb olacağını birdəfəlik dərk edin. Səhərlər və yatmazdan qabaq təmiz havada olmağa mütləq şəkildə vaxt ayırın. Bütün bunlarla yanaşı, fiziki fəallığınızı da artırın. Oturaq həyat tərzi keçirənlər buna xüsusi diqqət yetirməlidirlər.
Qida rasionunda meyvə və tərəvəzlərə, yağlılıq dərəcəsi az olan ağartı məhsullarına, balıq və balıq məmulatlarına üstünlük verin. Tünd çay və qəhvədən, qazlı sulardan və spirtli içkilərdən imtina edin. Müntəzəm olaraq orqanizminizin zərərli maddələrdən təmizlənməsi üçün mümkün tədbirlərə əl atın. Artıq çəki yığmağınıza imkan verməyin. Vaxtaşırı xalq təbabəti müdriklərinin məsləhət gördükləri aşağıdakı vasitələrindən istifadə edin.
1-ci məsləhət.
150 qram əzvay (aloye) şirəsi, 350 qram qırmızı şərab və 250 qram balı qarışdırıb bir həftə qaranlıq və sərin yerdə saxlayın. 7 gün keçdikdən sonra hər gün 3 dəfə xörək qaşığı ilə yeməkdən qabaq qəbul edin.
2-ci məsləhət.
450 qram sarımsağı təmizləyib ətçəkən maşından keçirin. Üzərinə 24 ədəd limonun şirəsini əlavə edin. 24 gün saxladıqdan sonra hər gün yatmazdan qabaq hazırlanmış cövhərdən bir çay qaşığı bir stəkan suya qatıb qəbul edin.
3-cü məsləhət.
Bir ədəd yumurtanın sarısını bir çay qaşığı şəkər tozu ilə yaxşıca qarışdırın. Üzərinə bir stəkan süd əlavə edib qarışdırdıqdan sonra yatmazdan qabaq için. Səhər duranda özünüzü gümrah hiss edəcəksiniz.
4-cü məsləhət.
10-20 qram bağayarpağını xırda-xırda doğrayıb üzərinə bir stəkan isti su əlavə edin. 30 dəqiqə dəmdə qaldıqdan sonra süzün. Gün ərzində 3 dəfə yeməkdən yarım saat əvvəl 2 xörək qaşığı qəbul edin. Kursu 20 gün davam etdirin.
5-ci məsləhət.
100 qram balın üzərinə 3 çay qaşığı alma sirkəsi əlavə edin və qarışdırın. Gün ərzində bu qarışıqdan bir çay qaşığı qəbul edin. 10 günlük kursdan sonra müsbət dəyişikliyi hiss edəcəksiniz.
Bir məsələni də nəzərdə saxlayın ki, daimi yorğunluq ciddi xəstəliklərə gətirib çıxara bilər. Buna görə də həkim müayinəsindən keçməyi təxirə salmayın.