vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
13:24 | 8 noyabr 2017 | Çərşənbə Məqaləyə 1258 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyanın təpiyi altında olmağı sevənlər

... Yaxud «Böyük oktyabr»ın 100 ilini ürəkdən qeyd edən varmı?

Hüseynbala SƏLİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Sovet dönəmində bu günü xüsusi qeyd edər, böyük paradlar təşkil edər və gurultulu iclaslar keçirərdilər...

İnsanlar da həmin paradlarda və iclaslarda özlərinin kommunist ideallarına və bu idealların yer üzündəki qoruyucularına - partiya və dövlət boslarına sədaqətlərini nümayiş etdirərdilər...

Güman, artıq təxmin etdiniz - bəli, söhbət Oktyabr inqilabından, onun yüz ilindən və təqvimdəki 7  noyabrdan gedir...

Yüz il... Bir əsr... Bir dəfə oxumuşdum ki, K.Marks dünyanın ən çox araşdırılan və öyrənilən mütəfəkkirlərindən olub. Bunu dəqiq bilmirəm, amma ehtimal edirəm ki, Oktyabr inqilabı da çox öyrənilən, araşdırılan tarixi hadisələrın sırasında heç də axırıncı deyil...

İndi bütün bu tədqiqatların xülasəsini vermək fikrindən çox uzağam. Əslində bunu ətraflı şəkildə etmək heç mümkün də deyildir. Bircə fikri deyəcəm ki, artıq hamı, hətta rusların özü də Oktyabr inqilabından deyil, çevrilişindən danışmağa üstünlük verir, ən azı ona görə ki, bolşeviklərin necə hakimiyyətə gəlməsi və ən əsası da hakimiyyətdə necə qalmasının təfərrüatları ümumi şəkildə olsa da hətta peşəkar tarixçi olmayanlara, adi insanlara belə yetərincə bəllidir.

Bu səbəbdən də düşünürəm ki, Oktyabrın 100 ili öz vətənində də - Rusiyada da təm-təraqla qeyd edilməyəcək. Mümkündür ki, solçular və əski kommunistlər kiçik yürüşlər edəcək, amma daha atəşfəşanlıq və gurultu olmayacaq.

Çünki indiki Rusiya siyasi isteblişmentini də sovetlərin daha çox imperialist məzmunu, sovet imperiyasının coğrafi hüdudları və onun keçmiş qüdrəti cəlb edir. Digər səbəbi budur ki, hətta sovetizmin ən qatı tərəfdarları belə anlayırlar ki, keçmiş qaydalara qayıtmaq, xüsusən də yenidən planlı-sovet iqtisadiyyatına üz tutmaq yenicə özünə gəlmiş rus iqtisadiyyatını məhvə sürükləmək, böyük sosial kataklizmlərə yol açmaq və hər şeyi nəhəng ölkənin iqtisadi kollapsı ilə bitirmək demək olardı...

Rusiyanın siyasi palitrasını birləşdirən ümumi cəhət var - üzdə olan, sözü eşidilən siyasətçilərin hamısı imperialistdir! Amma onlar da dərk edirlər ki, rus imperializminin dirçəlişi daha kollektivizm və planlı - dövlət iqtisadiyyatından yox, bazar iqtisadiyyatından keçir, -  hərçənd ki, bu ifadəyə hələ də alışa bilmirlər...

Başqa səbəb də var: əsl azad bazar iqtisadiyyatını, azad rəqabəti heç də hamı sevməsə də, varlı-karlı olmağı xoşlamayan tapılmaz yəqin...

Nəinki Rusiyada, əski sovet məkanının böyük kəsimində irili-xırdalı məmurların böyük bir hissəsi kommunist keçmişli insanlardır və açığı, indiki qaydalar və çağdaş reallıqların yaratdığı üstünlüklər onların daha çox ürəyincədir, nəinki sovet prinsipləri!..

Sovet quruluşu onlara nə verirdi? Xüsusi təyinatlı mağazalardan alış-veriş etmək, ildə bir dəfə hansısa ölkəyə imtiyazlı turist səfəri və s. və i...

Bütün bunlar indi onlara lazımdırmı? İstəsələr, həmin mağazalardan yüzünü açarlar, özü də tək öz ölkələrində yox! İstəsələr, səhər yeməyini bir, naharı başqa, şam yeməyini isə üçüncü ölkədə edərlər!..

Bunların qarşılığında sovet imtiyazları bir dilənçi payı kimi görünmürmü? Ona görə də daha heç kim, o cümlədən də Rusiyanın özündəki G.Züqanov kimi kommunist bosları da sidqi-ürəkdən keçmiş qaydaların qayıtmasını istəmir, çünki onlar da artıq sərvətin və mülkiyyətin nə olduğunu biliblər...

Bəli, bəzi insanlar arasında və hətta bəzi ölkələrdə müəyyən sovet nostaljisi hələ də var. Amma bunlar kimdir? İlk növbədə yeni reallıqlara uyğunlaşa bilməyənlər, «həssas sosial» qruplar - təqaüdçülər və bu qəbildən olanlar...

Eləcə də bəzi əski sovet ölkələri var ki, Rusiyanın oyunları ucbatından hələ də problemlər yaşayır və stabil inkişaf xəttinə keçə bilmirlər. Bunlar da ilk növbədə Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna kimi separatizm problemləri yaşayan ölkələrdir və kimsə üçün sirr deyil ki, bu separatizm ocaqlarını da Rusiya himayə edir.

Sovet dövrü rus siyasətçilərinin yadına həm də bu səbəbdən düşür. Bir də görürsən, V.Jirinovskiyə dedizdirirlər ki, məsələn, Qarabağ probleminin həll edilməsi üçün Azərbaycan və Ermənistan yenidən rus imperiyasının tərkibinə qatılmalıdır!..

Özümüzdə də bəzən qayıdırlar ki: «Sovet vaxtı belə şey yox idi! Erməni, ya azərbaycanlı - hamı dinc və farağat yaşayırdı!»...

Amma belə deyənlər bir detalı unudurlar: bəlkə elə bütün bu münaqişələr - Qarabağ, Abxaziya, Osetiya, Dnestr və Şərqi Ukrayna münaqişələri ondan ötrü yaradılıb və ona görə dəstəklənir ki, azərbaycanlılar, gürcülər, moldovanlar və ukraynalılar gec-tez razılaşmalı olsunlar ki, milli müstəqillik onlarlıq deyil, yaxşısı, salamatı elə Rusiyanın təpiyi altında olmaqdır.