vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNEY  
14:38 | 8 noyabr 2017 | Çərşənbə Məqaləyə 2355 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Basqı nə qədər çox olsa, başımız o qədər dinc olar»

Fars-molla rejiminin digər xalqlara sərgilədiyi despot münasibəti

MÖVZU İLƏ ƏLAQƏLİ

Araşdırmaçı yazar Əlirza Ərdəbilli «Amerikanın Səsi»nə müsahibədə son vaxtlar Türkiyə, İran, İraq və Suriyada etnik cəmiyyətlərə mənsub siyasi qüvvələrin fəaliyyətlərini dəyərləndirib. Onun dediklərinə görə, son bir neçə ildə Yaxın Şərq ölkələrində etnik icmalarla əlaqədar baş verən olayların müqayisəsi ilə İran hakimiyyətinə haqq qazandıran mənfi bir mənzərə ortaya çıxır.

Keçən illərdə Türkiyə, Suriya və İraq ölkələrində törədilən terror hücumları həmçinin bəzi bölgələrdə etnik və dini cəmiyyətlər arasındakı qarşıdurmalara diqqət çəkən Ərdəbillinin fikrincə, müəyyən qruplar, bu görüntülərdən İran hakimiyyətinin azlıqlara dair yürütdüyü basqı siyasətinin daha uğurlu olduğu nəticəsini çıxara bilərlər.

Yazar etnik cəmiyyətlər kontekstində bölgə ölkələrinin bir-birilərindən üç istiqamətdə təsir aldığını ifadə edir.


Bölgə ölkələri etnik icmaların durumu ilə bağlı bir-birindən təsir alır

 

«Üç növ təsir alınır. Birincisi, İranı idarə edənlər və ya bunların qulaq asdığı elmi dairələr səviyyəsində alınan təsirdir. Onlar qonşu ölkələrdə olanlara baxıb, oradan nəticə çıxarırlar. İkincisi, həm qeyri-fars millətlər həm də fars toplumu. Bunlar da Türkiyə, İraq və Suriyada azlıqların vəziyyətinə baxırlar və bundan bir nəticə çıxarırlar. Üçüncüsü də, dünya miqyasında etnik ya dini azlıqlar məsələsinə dair bir növ baxış formalaşır və yeni cəhət tapır.»

Ərdəbilli hazırda hər üç istiqamətdə alınan təsirin mənfi olduğunu vurğulayır.

Onun sözlərinə görə, «etnik cəmiyyətlərin siyasi hərəkətliliyi İranda daha dərində, qığılcım halında və səssiz gedir. Diktatorların idarə etdiyi və dövlət basqısının effektiv və hakim olduğu yerlərdə hadisələrin səsi həmişə daha gec çıxar. Amma bu gün Türkiyədə, habelə Suriya və İraqda etnik cəmiyyətlərin münasibətləri aydındır. Bu münasibətlər bütün dünyanın gözü önündə dəyişir və bir-birinə təsir qoyur. İranda həm İran hakimiyyəti, həm hakim millət, həm də onları qidalandıran elmi dairələr, universitetlər və yazar səviyyəsində mənfi təsir yaradır».

 

Türkiyədə şəhərlər müharibə meydanına çevrildi

 

«Tribun» vebsaytının redaktoru 2002-ci ildən bəri Türkiyədə baş verən olaylara diqqət çəkir:

«Türkiyəyə baxanda görürük ki, 2002-ci ildən bəri çözüm prosesi və demokratikləşmə adları altında qeyri-türk millətlər, xüsusilə kürd siyasətçilərə verilən imkanların cavabında Türkiyənin cənub-şərq bölgələrində bir çox şəhər müharibə meydanına, silah anbarına çevrildi. Hətta Ankara və İstanbulda həmin siyasi cərəyanların aşırı qanadları tərəfindən terror aktları həyata keçirildi.

Həmçinin baxdıq gördük ki, kürd mənafeyi və kürd milləti adını danışan partiya (HDP), Türkiyə və Rusiya arasında böyük bir gərginliyin olduğu bir dönəmdə Moskvaya gedir və Rusiyanın mövqeyini dəstəkləyir. O dövrdə Rusiyanın hərbi təyyarəsi Türkiyə tərəfindən vurulmuşdu və iki ölkə arasındakı vəziyyət muharibəyə yaxın bir vəziyyət idi».

Ərdəbilli həmçinin İraq Kürdüstanı ilə İraq Mərkəzi Hökuməti arasında ortaya çıxan problemlərdən bəzi nümunələrə işarə edib.

 

İranda bölgədə baş verən olaylardan alınan nəticə məyusedicidir

 

Bu nümunələri İrandakı vəziyyət ilə qarşılaşdıran yazar əlavə edir ki, «biz İranda görürük ki, kürd millət vəkilləri İranın İslami Şura Məclisində daimi şəkildə dövləti tərifləməli olurlar. İran rejimi və ya bölgədə olan digər dövlətlər eləcə də, ölkədə hakim olan millətin fikri nümayəndləri bundan bu nəticəni alır ki, azlıqlara nə qədər artıq basqı olsa, başımız o qədər sakitdir. Basqı olsa, terror az olacaq, bizim ölkədən bir siyasi partiyanın lideri bizim münaqişədə olduğumuz bir ölkəyə gedib, orada bizə qarşı düşmən qüvvələri ilə həmrəylik göstərməyəcək. Yəni İranda alınan nəticə tamamilə məyusedicidir.»

 

İranda qeyri-fars siyasi qruplara qarşı irəli sürülən üç ittiham

 

«İranda mərkəzçi dövlət strukturu qurulandan bəri, qeyri-fars öz haqqını tələb edəndə, ona qarşı üç ittiham irəli sürülür. Biri bu ki, sizin gizli gündəminiz var. Yəni, siz öz ana dilinizdə təhsil almaq istədiyinizi deyirsiniz, amma ürəyinizdə başqa niyyət var. İkincisi bu ki, siz xarici qüvvələrin maşası, onların vasitəsisiniz. Onlar istədiyində sizi təhrik edib və bizə qarşı basqı yaratmaq üçün istifadə edir. Üçüncüsü də budur ki, etnik cəmiyyətlərin istəklərinə cavab verilsə və onların önü açılsa, orada bir etnik münaqişə yarana bilər», deyə Əlirza Ərdəbilli ifadə edir.

Onun dediklərinə görə, İran hakimiyyəti Türkiyə, İraq və Suiyadakı olayları bəhanə edib və irəli sürdüyü hər üç ittihamda özünə haqq qazandıra bilər. «Misal üçün İraq Kürdüstanı tərəfindən türkmən, ərəb və aysorların bölgələrinin işğal edilməsini gördük. Bir növ etnik münaqişəsi..,» deyə o qeyd edir.

Yazar deyir ki, «biz Suriya, Somali və Liviya kimi ölkələrdə gördük ki, dövlət strukturu aradan gedəndə, sadəcə onun basqısı ya onun gizli servisi aradan getmir. Onun səhiyyəsi, dərman və təhsil sistemi də aradan gedir. Yolları, rabitə şəbəkələri də. Polis və jandarma, yəni fərdi və kollektiv təhlükəsizliyi təmin edən orqanlar da işdən düşür. Biz indi görürük ki, İraqda və Suriyada küçələrdə bomba partlayır, ‘etnik təmizləmə’, və ‘müharibə cinayəti’ baş verir.

 

Bu vəziyyətdə toplum diktatora qarşı mübarizə məsələsinə ehtiyatla yanaşır

 

Araşdırmaçı yazarın fikrincə, bu daxili müharibələr hakimiyyətlərdən əlavə toplum üzərində də mənfi təsirlərə yol verir və diktatora qarşı mübarizənin doğruluğu ilə bağlı şübhələr yaradır: «İranda həm farslar həm də başqa millətlər bunları görür və orada diktatora qarşı etiraz və səs qaldırmaq məsələsi ilə bağlı bir növ ehtiyat və mühafizəkarlıq ortaya çıxır. Çünki, onlar gördülər ki, o ölkələrdə, diktatorluq aradan getdi amma xəstəxanaların, məktəblərin, polis və jandarmanın, banklar və digər zəruri strukturların aradan getməsi də böyük faciə oldu. Sadəcə fars toplumu deyil, qeyri-farslar da bunu görür».

Əlirza Ərdəbili belə bir dönəmdə demokratiya və insan haqları uğrunda mücadilə edən qrupların aydın və səmimi şəkildə fəaliyyət yürütməsinin vacibliyini önə çəkir.

«Bu gün demokratiya və insan haqları üçün mücadilə edən hər kəs, öz tərəfdarları və müxaliflərini açıq-aydın və səmimi şəkildə başa salmalıdır ki, biz bu mövcud vəziyyətdən daha yaxşısını istəyirik. Bu barədə açıq və aydın olmalıdır. Bölgədə mənfi işlər görən qruplara qarşı mövqe tutmalıdır. İranda öz tərəfdarlarına anlatmalıdır ki, biz o işi görmək istəmirik», deyə Əlirza Ərdəbilli əlavə edir.