vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
19:47 | 8 noyabr 2017 | Çərşənbə Məqaləyə 2229 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

1917-ci il Rus inqilabları və Azərbaycan

İkihakimiyyətlilik niyə Bakı üçün keçərli deyildi?

MÖVZU İLƏ ƏLAQƏLİ

Tarixə 1917-ci fevral inqilabı kimi düşmüş hadisə Rusiyada 300 il hakimiyyətdə olmuş Romanovlar sülaləsinin devrilməsi ilə nəticələnir. Ölkədə Müvəqqəti hökumət qurulur.

Bu hökumətə ona görə «müvəqqəti» adı qoyulmuşdu ki, inqilabın nəticələrinə əsasən ölkədə azad seçkilər keçirilməli və bu seçkilər vasitəsilə Rusiyanın taleyini müəyyən edəcək ali orqan, Müəssislər Məclisi formalaşmalı idi.

Müvəqqəti hökumət də məhz bu məclisin çağırılmasına qədər fəaliyyət göstərəcəkdi.

Lakin məlumdur ki, Müvəqqəti hökumət və onun yerli orqanları ilə yanaşı əvvəl o vaxtkı paytaxt Petroqradda, sonra isə bütün ölkəboyu solçu siyasi təşkilatların nəzarəti altında olan fəhlə, əsgər və kəndli deputatları sovetləri də formalaşmağa başlayır.

Tezliklə bu iki qurum, yəni Müvəqqəti hökumət və sovetlər arasında hakimiyyət mübarizəsi qızışır ki, bu dövr də tarixdə ikihakimiyyətlilik dövrü adlandırılır.

Amma məsələ burasındadır ki, əsasında sinfi mübarizənin durduğu ikihakimiyyətlilik tezisi Rusiyanın əksər müsəlman regionları, o cümlədən Azərbaycan üçün keçərli deyildi.

 

Azərbaycanda ikihakimiyyətlilik niyə keçərli olmadı?

 

Çünki Azərbaycanda 1917-ci ilin fevralından sonra baş verən hadisələrin aparıcı xəttini sinfi mübarizə deyil, xalqların öz müqəddəratını təyin etməsi, başqa sözlə milli məsələ təşkil edirdi.

Yerli müsəlman əhali Müvəqqəti hökumətin buradakı orqanı olan Xüsusi Zaqafqaziya Komissarlığı ilə Bakı soveti arasında parçalanmamışdı.

Əksinə, böyük əksəriyyətlə bütövlükdə özlərinin yeni yaradılmış Milli Şuraları, komitələri ətrafında təmərküzləşmişdilər.

Ona görə də bizdə 1917-ci ilin fevralından sonra yaranmış şərait ikihakimiyyətlilikdən çox, üçhakimiyyətliliyə bənzəyirdi.

Bu reallıq özünü xüsusən 1917-ci ilin oktyabrından sonra, yəni sovetlərin Petroqradda Müvəqqəti hökuməti devirməsi ilə xüsusilə qabarıq şəkildə büruzə verəcəkdi.

Əgər Petroqradda sovetlərin Müvəqqəti hökuməti devirməsi ilə ikihakimiyyətliliyə son qoymuşdusa, Bakı Sovetinin burada tək hakimiyyətə çevrilmək istəyi milli qüvvələrin müqaviməti ilə rastlaşmışdı.

Nəticədə bir tərəfdən Şaumyanın Bakı soveti ilə, digər tərəfdən azərbaycanlıların mili qüvvələrinin qarşıdurması şəklində əsl ikihakimiyyətlilik indi başlamışdı.

Bu sinfi deyil, məhz milli-dini kimlik əsasında qarşıdurma idi.

Sinfi mənsubiyyətindən, ideologiyasından asılı olmayaraq, Bakıdakı bütün qeyri-müsəlman əhali, bolşevikləri sevməsələr belə, yerli müsəlman əhalinin iqtidar perspektivinə qarşı Şaumyanın rəhbərlik etdiyi Soveti dəstəkləyirdilər.

Eynilə müsəlman əhali də varlısından, kasıbından asılı olmayaraq öz milli təşkilatlarını dəstəkləyirdi.

Bakıda bu vəziyyət 1918-ci ilin martına qədər davam etmiş və yalnız o dövrdə erməni hərbi birləşmələrinin köməyilə Sovetlər azərbaycanlıların milli qüvvələrini məğlubiyyətə uğradaraq tam hakimiyyəti ələ keçirə bilmişdi.

 

Muxtariyyət istəyi

 

Muxtariyyət tələbi Azərbaycanın inzibati-siyasi varlıq kimi formalaşmasında 1917-ci ilin fevralı və oktyabrı arasındakı mərhələ həlledici əhəmiyyətə malikdir.

Dedik ki, buralarda aparıcı siyasi düşüncə milli məsələ və öz müqəddəratını təyin etmək məsələsi idi. Amma onun necə və hansı formada həyata keçirilməsi birmənalı problem deyildi.

İlk növbədə hamı Müəssislər Məclisinin Rusiyanı federativ əsaslarda formalaşdırmasını və bu federasiyada xalqlara muxtariyyət verilməsini arzulayırdı.

Rusiya müsəlmanları da bu işdə səylərini birləşdirməyi düşünürdülər. Lakin necə muxtariyyət məsələsində dərin fikir ayrılıqları mövcud idi.

Bir qrup Rusiya müsəlmanları ümumi, əsasən mədəni muxtariyyət tələbini irəli sürürdü. Digər qrup ayrı-ayrı bölgələrdə xarici siyasət və hərbi işləri çıxmaq şərtilə tam ərazi muxtariyyəti, özünüidarəçilik tələb edirdi.

Bu və digər milli tələbləri formalaşdırmaq üçün 1917-ci ilin mayında Moskvada Rusiya müsəlmanlarının qurultayı çağırılmışdı. Qurultay ərazi muxtariyyəti tərəfdarlarının qalibiyyəti ilə nəticələnmişdi.

 

Seçkilər

 

Məhəmməd Əmin Rəsulzadə də qurultayda bu fikri müdafiə edənlər içərisində aparıcı rol oynamışdı.

Qurultayda ərazi muxtariyyəti ideyası qalib çıxdıqdan sonra əsas iş əhalini Müəssislər Məclisinə seçkilərə və öz milli təşkilatlarına səs verməyə səfərbər etmək idi.

Qüvvələri parçalamamaq üçün Azərbaycan mili təşkilatları vahid seçki siyahısının hazırlanması ətrafında danışıqlara başlamışdılar. Lakin danışıqlar yalnız qismən nəticə vermişdi.

Azərbaycanın bir sıra müxtəlif ideologiyalı milli siyasi təşkilatları seçkilərə ayrıca siyahılarla qatılmışdılar.

Milli siyasi təşkilatların ən böyük birliyi isə Müsavatın və Milli Komitənin 10 nömrəli birgə seçki siyahısı idi.

Bolşeviklərin hakimiyyətə gəlməsi Bölgələrdə Müəssislər Məclisi və yerli hakimiyyət orqanlarına seçkilərə hazırlığın getdiyi bir zamanda baş verib.

Oktyabr ayının 25-də (yeni tarixlə noyabrın 7-i) paytaxtda bolşeviklər Müvəqqəti hökuməti qovaraq hakimiyyətin tam sovetlərə keçdiyini bəyan edirlər.

Lakin bolşeviklər Müəssislər Məclisinə seçkiləri saxlamırlar, ona görə də əsası fevralda qoyulmuş proses davam etdirilərək, noyabrda seçkilər keçirilir.

Seçkilərin nəticələrinə əsasən Müsavat və Milli Komitənin birgə siyahısına 600 mindən çox adam səs verir.

Bu qrup bölgə müsəlmanlarının, rəqiblərindən dəfələrlə güclü siyasi qruplaşması kimi meydana çıxır.

Regionun müsəlman siyasi təşkilatları içərisində bu qrupdan sonra ikinci yerdə 160 minə yaxın səslə «Müsəlman Sosialist Bloku», üçüncü yerdə 85 minə yaxın səslə sosial-demokrat «Hümmət» gəlirdi.

60 minlik barajı keçənlər arasında isə sonuncu yeri 66500 səslə islamçı «Rusiyada Müsəlmanlıq» firqəsi, gələcək İttihad partiyası tutmuşdu.

Bütün Rusiya imperiyası miqyasında isə Müsavat və Milli Komitənin birgə qrupu yeddinci ən böyük nəticəni göstərmişdi. Artıq mərkəzdə hakimiyyəti ələ keçirmiş bolşeviklər seçkidə yalnız ikinci böyük nəticəni göstərə bildilər.

Rusiya kəndlilərinin böyük dəstəyini almış Sosialist-İnqilabçılar partiyası isə (eser) seçkinin şəksiz qalibi olmuşdu.

Nəticədə hakimiyyətini yeni seçilmiş Müəssilər Məclisinə təhvil vermək istəməyən bolşeviklər 1918-ci ilin yanvarında onu dağıdıb, seçkinin nəticələrini tanımadıqlarını nümayiş etdirdilər.

Məhz bu addım Müəssislər Məclisinə Cənubi Qafqazdan seçilmiş deputatları tamamilə bolşeviklərlə əməkdaşlıqdan imtinaya vadar etdi və onlar Tiflisdə yığışaraq burada bölgənin yerli hakimiyyət orqanı kimi Transqafqaz Seymini yaratdılar.

1918-ci ilin aprelində isə bu Seym rəsmi şəkildə Rusiya ilə federasiya ideyasından imtina edib, müstəqil Cənubi Qafqaz-Transqafqaz respublikasnın yarandığını bəyan etdi.

May ayında isə Transqafqaz Respublikasının parçalanması üç yeni, o cümlədən Azərbaycan Cümhuriyyətinin elanı ilə nəticələndi.