vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
21:28 | 10 noyabr 2017 | Cümə Məqaləyə 2941 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İran Səudiyyədən yox, onun arxasındakılardan çəkinir

«Pandoranın mücrüsü açılsa, bu münaqişənin haradan başlanıb harada bitəcəyini bilmək olmaz»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Financial Times» qəzeti yazır ki, İran özü ilə Səudiyyə Ərəbistanı arasında artmaqda olan gərginlikdən narahat olduğunu, bu həftə mühafizəkarlara bağlı olan «Keyhan» qəzetinin müvəqqəti bağlanması ilə büruzə verib.

«Keyhan» özünün bazar ertəsi sayında dərc etdiyi bir başlıqda İran tərəfindən dəstəklənən Yəmən hutilərinin Riyad üzərinə ballistik raket hücumunu alqışlamışdı.

Səudiyyə Ərəbistanı bu hadisəni İslam Respublikası tərəfindən «müharibə aktı» adlandırıb. «Keyhan» hətta ehtimal irəli sürmüşdü ki, növbəti hədəf Dubay olacaq.

Bu məqalə Tehranın ciddi həyəcanına səbəb olmuşdu, çünki Tehran rəsmən Yəməndəki vətəndaş müharibəsinə qarışmadığını bəyan edir.

İranın Ali Milli Təhlükəsizlik Şurası dövlət qəzetini milli təhlükəsizliyə qarşı təhdiddə ittiham etmişdi. Bunun ardınca mühafizəkar ədliyyə qəzetin iki gün müddətində çapının dayandırılmasına göstəriş vermişdi. Bu, redaktorunu ayətullah Əli Xameneyi təyin etdiyi «Keyhan» qəzeti barəsində görünməmiş ölçü sayıla bilər.

FT yazır ki, «Keyhan» qəzetinin bağlanması həm də İranın siyasətindəki taktiki dəyişikliyi göstərir. Tehran Səudiyyə Ərəbistanı və Birləşmiş Ştatları qəzəbləndirməməyə çalışır.

İranın Xarici İşlər Nazirlyindəki siyasi müşavirlərdən biri deyib ki, bu, İran siyasətini sərt xətt-hərəkət tərəfdarlarının müəyyən etmədiyinə dair aydın mesajdır.

Ekspertlər isə deyirlər ki, İran Səudiyyə Ərəbistanı ilə birbaşa qarşıdurma siyasətinə ciddi baxmasa da, öz regional niyyətlərindən də çəkinmir. Lakin Tehran eskalasiyanı da istəmir, çünki qarşı duran tərəf - ABŞ, İsrail və Səudiyyə daha böyük və daha güclüdür.

Özlərini dünya şiə və sünnilərinin müdafiəçisi hesab edən İran və Səudiyyə Suriya münaqişəsi başlanandan bəri regional hegemonluq davasındadırlar. Lakin açıq qarşıdurma bu iki ölkənin əlaltıları arasında gedir. ABŞ-da Səudiyyəni dəstəkləyən Trump-ın prezident seçilməsi bu qarşıdurmadakı qüvvələr balansını dəyişib.

FT hesab edir ki, məhz bu səbəbdən də ötən həftə baş vermiş iki hadisə - Riyad üzərinə raket hücumu və Livan baş naziri Həririnin istefa verməsi Tehran rəsmlərini şoka salıb.

Məqalədə deyilir ki, İranın ehtiyatlığına səbəb onun 2015-ci il nüvə sazişinin salamatlığını təmin etmək istəməsidir. Donald Trump bu sazişi ləğv edəcəyini və Tehran üzərinə sanksiyaların bərpasına çalışacağını deyib.

Eyni zamanda Riyad Tehranın Livan Hizbullahına dəstəyini kəsməyə, onun Yəmən hutiləri və İraq şiələri arasındakı nüfuzunu neytrallaşdırmağa çalışır.

İranın islahatyönlü politoloqlarından Səid Laylaz deyir ki, Səudiyyə hakimiyyətin kral Salmandan onun oğlu vəliəhd Məhəmməd bin Salmana rəvan keçməsi üçün regional sakitliyin yaranmasına çalışır.

İran heç bir təxribata əsəbi reaksiya verməmək siyasəti yürütsə də, özünün regional siyasətini dəyişmək niyyətində deyil.

«İran bilir ki, o, bircə addım geri çəkilsə, Səudiyyə-ABŞ-İsrail alyansı daha da aqressiv olacaq. Biz sakitcə oturub Səudiyyənin regional hegemonluğunu qəbul edə bilmərik. Hər hansı tərəfdən güzəştlər münaqişələr yox, danışıqlar vasitəsi ilə mümkün ola bilər» -müşavir deyib.

İki rəqib artıq Yəməndə fəal qarşıdurmadadır və Tehran Livanın daha bir təzyiq nöqtəsinə çevriləcəyindən narahatdır.

İslahatyönlü universitet professoru Nasir Hadian deyir ki, «İran liderləri ABŞ və İsraillə şahmat oynadıqlarını düşünürlər, amma Pandoranın mücrüsü açılsa, bu münaqişənin haradan başlanıb harada bitəcəyini bilmək olmaz».

Professorun fikrincə, hətta Yəməndə belə uğur qazana bilməyən Səudiyyənin İrana hücum etməyə cəsarət tapacağına İranda heç kəs inanmır.

Düşmənçilik İraqda qızışa bilər. Ötən cümə axşamı 2 milyon iranlı üçüncü şiə imamı Hüseynin şəhidliyinin 40-nı qeyd etmək üçün bu ölkəyə yollanıb.

İran hökumətinin müşavirlərindən biri FT-yə deyib ki, «bu izdiham bizim potensialımızı göstərir, lakin biz ondan yalnız ehtiyac olsa istifadə edərik».