vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
15:57 | 11 noyabr 2017 | Şənbə Məqaləyə 1616 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ankara-İrəvan arasında insident

Türkiyə tank diviziyasını Ermənistan sərhədinə yeridir, prezident İrəvana zəng vurur...

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən əsrin 90-cı illərinin ortalarında Qarabağda atəşkəsin əldə edilməsinin ardınca Rusiyanın Ermənistana gizlicə 1 milyard dollarlıq silah-texnika ötürdüyü dövrlərdə baş vermiş hadisə o dövrün siyasi proseslərini izləyənlərin yəqin ki, yaxşı xatirindədir. Virtualaz.org qeyd edir ki, 90-cı illərin ortalarında Türkiyədə baş nazir Tansu Çillərin dövründə (prezident Süleyman Dəmirəl idi) 3-ci ordu komandanlığı ölkənin şərq sərhədləri boyu irimiqyaslı hərbi təlimlər keçirmişdi və bu təlimlər zamanı türk ordusunun tank diviziyası Ermənistan sərhədlərinə doğru yeridilmişdi. Türkiyənin Ermənistana bu güc nümayişi İrəvanda ciddi çaxnaşmaya səbəb olmuşdu.

Həmin dövrdə müdafiə naziri olmuş Vaqarşak Arutyunyanın sonralar etiraf etdiyi kimi türk tanklarının sərhədə doğru yeridildiyini eşidəndə İrəvanda bundan ciddi təşviş keçirmişdilər və kömək üçün təcili Rusiyaya müraciət etmişdilər.

«1990-cı illərdə Türkiyə 3-cü  səhra ordusunu sərhədlərimizdə yerləşdirərək Qarabağı qaytarmağımızı tələb edib. Türkiyə Ermənistan ilə sərhədi bağlayıb, bizim bu ölkə ilə diplomatik münasibətimiz yoxdur, bu isə düşmənçiliyin təzahürüdür», - Vaqarşak Arutyunyan demişdi.

Türkiyənin Ermənistana həmin misli görünməmiş güc nümayişi yəqin ki, Ankaranın Azərbaycana hərbi dəstək verməkdə qərarlı olduğunu göstərməyə, eləcə də Ermənistanın danışıqlardakı mövqeyinə təsir etməyə hesablanmışdı.

Lakin indi erməni jurnalist, 90-cı illərin ortalarında «Komsomolskaya Pravda» qəzetinin Ermənistan üzrə xüsusi müxbiri işləmiş Vardan Aloyan həmin hadisələri fərqli motivdə nəql edir. Onun danışdıqlarına «Sputnik Armenia» agentliyi yer verib. (https://ru.armeniasputnik.am/armenia/20171105/9329725/u-prezidenta-turcii-sdali-nervy-i-on-pozvonil-v-erevan---vinovat-armyanskij-zhurnalist.html)

Aloyan iddia edir ki, Türkiyənin Ermənistan sərhədlərinə qoşun yeritməsi o vaxt İrəvandakı dövlət qəzetlərindən birinin redaksiyasına ilk dəfə iki kompüterin verilməsindən qaynaqlanmışdı.

Aloyan danışır ki, həmin vaxt o, məzuniyyətdən Moskvaya, redaksiyaya qayıdanda qapıda məsul katib İqor Kots həyacanla baş redaktorun onu çağırdığını deyir: «Tez Sunqorkinin yanına! O, dəhşət qəzəblidir, səni çağırır».

Aloyanın dediyinə görə, baş redaktorun niyə ona qəzəbli olduğunu anlamayıb, çünki hansısa səhvə yol verməmişdi. Və o, kabinetə yaxınlaşanda baş redaktorun qışqırtısını eşidir: «Hanı Aloyan? Bu nə biabırçılıqdır, hanı bizim xüsusi müxbir? Dərhal mənə Aloyanı tapın!»

Aloyan baş redaktorun kabinetinə daxil olur. Sunqorkin dərhal ona qışqırır: «Aha, gəlib çıxdın! Nəyə görə sən öz regionunu başlı-başına buraxmısan? Sizdə orada müharibə başlayır, bəs sən burada nə gəzirsən?».

Erməni jurnalist hansı müharibədən söz getdiyini dərk etməyə imkan tapmamış NTV-nin xəbərlər buraxılışında diktor həyəcanlı səslə təcili xəbəri çatdırır: «İnterfaks» xəbər verir ki, bu gün səhər Mastara sərhəd məntəqəsində erməni və türk nümayəndə heyətləri görüşüblər, görüşdə yay aylarında Araz çayından əlavə su götürülməsi məsələsi müzakirə olunmalıydı. Danışıqlar zamanı Türkiyənin Qars vilayətinin qubernatorunun mühafizəçilərindən biri erməni nümayəndə heyətinin üzvlərinə atəş açıb. Nəticədə Şirak vilayətinin qubernatoru Ararat Qomtsyan öldürülüb, Ermənistan müdafiə naziri Vazgen Sərkisyanın isə güllə başını deşib keçib. Cavab atəşi ilə nazirin mühafizəçisi atəş açanı məhv edib...»

Aloyanın bu xəbəri eşidəndə dizləri əsir, tez yaxınlıqdakı stula oturur. Nə baş verdiyini dərk etməyə çalışır. Axı müdafiə naziri niyə su ehtiyatlarının bölüşdürülməsinə dair danışıqlarda iştirak edib? Lakin şoka düşdüyündən eşitdiyini dərk edə bilmir. Bu vaxt baş redaktor əmr edir: «Tez növbətçi maşınla Aloyanı aeroporta aparın və birinci reyslə Yerevana geri göndərin».

Aloyan baş redaktora deyir:

- Mən əlbəttə günahkaram, amma ən təhlükəli cinayətkarın belə bir dəfə zəng vurmaq haqqı var. Mənim belə hüququm varmı?

«Komsomolskaya Pravda»nın erməni jurnalisti elə baş redaktorun kabinetindən İrəvana, prezident aparatının rəhbəri Şaqen Karamanukyana zəng vurur.

- Bu absurddur, tamamilə uydurmadır. Heç buna yaxın gələn nəsə baş verməyib, heç kim heç kimlə görüşməyib, heç kim heç kimə atəş açmayıb. Araşdırırıq, görək bu təxribatı kim törədib.

Aloyan baş redaktor Vladimir Sunqorkinə Karamanukyanın dediklərini çatdırır. «Deyirlər bu informasiya yalandır», - deyir.

- Necə yəni yalandır, bu saat bütün dünya xəbər agentliklərində bir nömrəli xəbərdir, sən deyirsən yalandır?

Baş redaktor Ermənistan prezident aparatının rəhbərinin dediklərindən sonra bir az sakitləşir. Araşdırırlar ki, məlumatı ancaq bir mənbə-«İnterfaks» yayıb. Və hər yerdə informasiya eynilə təkrarlanır, heç bir yenilənmə yoxdur. Bir müddət sonra isə həmin xəbər ümumiyyətlə lentlərdən yığışdırılır, baş redaktor Aloyandan əl çəkir.

Ertəsi gün «Komsomolskaya Pravda»nın xəbərlər şöbəsinin rəhbəri Sergey Çernıx Aloyanı yanına çağırır. Ona məlumat verir ki, bu məlumatı yayan Ermənistanın hökumət qəzetinin əməkdaşıdır. Familiyasını deyir, məlum olur ki, həmin şəxs Aloyanın tələbə yoldaşıdır. «Biz onunla Moskvada beş il bir yataqxanada qalmışıq», - Aloyan deyir.

 

Bəs nə baş vermişdi?

 

Belə məlum olur ki, həmin Ermənistan qəzetinin redaksiyasına ilk dəfə iki kompüter verilibmiş. Biri baş redaktorun müavininə, o biri xəbərlər şöbəsinin rəhbərinə. Kompüterləri bir-birinə qoşublar və şəbəkə yaradılıb. Redaktor müavini isə zarafatcılın biriymiş, şəbəkəni yoxlamaq qərarına gəlir və həmin uydurma xəbəri yazıb xəbərlər şöbəsinin rəhbərinin kompüterinə göndərir. Tərslikdən həmin şöbə müdiri eyni zamanda «İnterfaks»ın Ermənistandakı ştatdankənar müxbiri idi. Və o, sensasion xəbəri görən kimi dərhal Moskvaya göndərir...

Prezident Levon Ter-Petrosyan aparıcı KİV-lərdə həmin xəbəri oxuyandan dərhal sonra müdafiə nazirinə zəng vurur. Məlum olur ki, heç kim heç yana getməyib, heç bir danışıqlar və güllələmə olmayıb. Lakin hər ehtimala qarşı bu həyəcanlı informasiyaya görə Ermənistan ordusuna döyüş hazırlığı əmri verirlər ki, Türkiyə birdən hücum edər.

Türkiyə prezidenti Süleyman Dəmirələ də təbii ki, xəbəri dərhal çatdırırlar. Dəmirəl Ermənistanla sərhəd bölgələrin qubernatorlarına zəng vurur, dəqiqləşdirir ki, belə əhvalat olmayıb. Bununla belə ordu komandanlarını müşavirəyə çağırır, xəbər müzakirə olunur. Qərara alınır ki, hər ehtimala qarşı şərq vilayətlərində dislokasiya olunmuş qoşunlar döyüş hazırlığı vəziyyətinə gətirilsin, habelə Ermənistan sərhədlərinə doğru təcili tank diviziyası yeridilsin.

Sonrası isə daha betər olur. Aloyanın nəql etdiyi kimi Rusiya kəşfiyyat peykləri Türkiyə qoşunlarının Ermənistanla sərhəddə anlaşılmaz aktivliyini, tankların sərhədə doğru irəlilədiyini qeydə alır. Dərhal Rusiya XİN Ankaraya nota göndərir: sərhədi keçsəniz bizimlə qarşılaşacaqsınız! İrəvanın «Erebuni» aerodromunda dislokasiya olunmuş Rusiya MİQ-ləri isə tam döyüş komplekti ilə bir-birinin ardınca havaya qalxır. Yəni, hər ehtimala qarşı.

Gərginliyin bu cür artdığını görən Süleyman Dəmirəl dəstəyi götürür və birbaşa İrəvana zəng vurur. Ermənistan və Türkiyə prezidentləri arasında ilk telefon danışığı bu cür baş tutur. Vəziyyət aydınlaşır, qoşunlar kazarmalara qayıdır, Rusiya qırıcıları aerodroma enir, türk tankları sərhəddən dönür. Aloyan Vazgen Sərkisyanın danışdıqlarına istinadla bildirir ki, türk tanklarının Ermənistan sərhədinə həmin yürüşü 20 milyon dollara başa gəlmişdi.

Ermənistan xüsusi xidmət orqanları araşdırıb xəbərin müəllifini tapır, həmin redaktor müavini işdən çıxarılıb sıravi müxbir təyin edilir. Ona sərt cəza verilmir...

Bu, əlbəttə, Aloyanın danışdıqlarıdır, Türkiyənin o vaxt Ermənistanla sərhədə qoşun yeritməsinin səbəbinin doğrudan da hansısa erməni jurnalistin axmaq zarafatı olduğunu dəqiqləşdirmək üçün həmin dövrün siyasi aktyorlarını dinləmək maraqlı olardı...