vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
18:47 | 14 noyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2368 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Raket adam» və Tramp-Putin görüşünün pərdəarxası

ABŞ mediası nəyi necə yazır?! Gördüklərim ...

Ayaz MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-da olarkən istər-istəməz medianın gündəmini izləyib, bu ölkənin mediasında xəbər nəbzinin necə vurduğu ilə tanış oldum. Özüm üçün fərqli nəticələr hasil etdim. Bəzilərini sizinlə bölüşmək istəyirəm. Bu bir faktdır ki, indi Rusiya ilə münasibətlər mövzusu Birləşmiş Ştatlarda heç vaxt olmadığı qədər müzakirə olunur. Baxmayaraq ki, ABŞ prezidenti Trampın prezidentlik müddətinin az qala 1 ili tamam olacaq, media Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi və Trampın komandasının Moskva ilə əlaqələrini gündəmdən düşməyə qoymur. Xüsusilə Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra ABŞ prezidentinin «Rusiya ilə çox yaxşı münasibətlərin olmasını istəyirik» sözləri çox ciddi narazılıqla qarşılanıb. Hər halda ABŞ mediası bunu belə təqdim edir.

Məsələnin gülməli tərəfi odur ki, Tramp bu görüşdən sonra verdiyi bəzi açıqlamalarını hətta dəyişməli olub. Əvvəlcə o Putinə «Siz bizim seçkilərə müdaxilə etmisinizmi ?» sualını verdiyini və buna cavabında Putinin «Yox. Heç vaxt» dediyini bildirib. Bu cavabdan sonra isə Putinə inamının olduğunu dilə gətirib. Eyni anda ABŞ-ın kəşfiyyat idarələrinin Rusiyanın seçkilərə müdaxiləsini rəsmi olaraq təsdiqlədiklərini elan etməsindən sonra çətin vəziyyətə düşən Trampın fikrini dəyişərək ABŞ-ın kəşfiyyat orqanlarına etibar etdiyini bildirməsi yeni qalmaqala səbəb olub. Getdiyim əksər media orqanlarında biz xüsusilə Rusiyanın müdaxiləsi məsələsinə çox ciddi yanaşıldığını gördüm. Kanallar hələ də ABŞ prezidenti Donald Trampın ilk milli təhlükəsizlik müşaviri olmuş Maykl Flinnin (Michael Flynn) məsələsini gündəmə gətirir və bu dəfə Flinnin oğlu hədəf göstərilir. Onun da Rusiya şirkətləri ilə əlaqəsi araşdırılır. Ümumiyyətlə ABŞ mediası indi 2 -yə bölünüb. Respublikaçıları və Trampı dəstəkləyən «Fox News» kimi kanallar . Qarşı tərəf də isə başda CNN olmaqla demokratlara daha çox üstünlük verib, Trampı tənqid edən kanallar. Amma bununla yanaşı Vaşinqtonun küçələrində rastıma maraqlı elanlar da çıxdı. Bunlardan biri CNN-in vaxtilə məşhur aparıcısı olan Larri Kinqin və keçmişdə məşhur olan bəzi hüquqi ekspertlərin Rusiyanın informasiya müharibəsində əsas media vasitəsi olan «Russian Today-RT» televiziyasının aparıcısı və ekspertləri kimi təqdim olunması idi. Həqiqətən bu şəxslər artıq xeyli müddətdir məhz bu Rusiya kanalı üçün işləyirlər. Rusiyanın bu kanalının özü də ABŞ-ın paytaxtında belə rahat reklam yerləşdirməsinə icazə verilməsini sözün düzü mən özüm də çox maraqla qarşıladım. Çünki məhz bu kanal demək olar ki, hər gün ABŞ-ın xarici siyasətini tənqid etməklə məşğuldur. «Russian Today»-in reklamlarının aqibətinin necə olacağını bilmirəm, amma kanalın Vaşinqton bürosunun taleyi naməlum olaraq qalır. Çünki ABŞ Ədliyyə Nazirliyinin Rusiyanın dövlət tərəfindən maliyyələşdirilən RT telekanalının Amerika bölümünə ABŞ xarici agentlər qanununa uyğun olaraq qeydiyyatdan keçmək üçün verdiyi vaxt dünən bitib. İngiliscə qısaldılmış adı FARA olan qanun Birləşmiş Ştatlarda xarici ölkələr üçün «siyasi və ya yarımsiyasi qismdə» işləyən şəxslərin Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsini tələb edir. Bu qanun 1938-ci ildə məxsusi olaraq ABŞ-da nasist təbliğatının və dezinformasiyanın yayılmasını önləmək məqsədilə qəbul olunub. Kanalın rəsmiləri bəyan edir ki, bu qeydiyyatdan keçmə məsələsi kanalın ABŞ-da fəaliyyətinin ümumiyyətlə dayandırılması ilə nəticələnə bilər. Rusiya isə cavab olaraq xəbərdarlıq edib ki, Rusiya mediası ABŞ-da qeydiyyatdan keçməyə məcbur edilsə, Rusiyada fəaliyyət göstərən ABŞ media qurumlarına qarşı da eyni tədbirlər görüləcək. CNN, «AzadlıqRadiosu» və Amerikanın səsi mümkün hədəflər kimi göstərilir. Göründüyü kimi vəziyyət kifayət qədər qəlizdir.

Bu ərəfədə ABŞ kanallarında Şimali Koreya lideri ilə prezident Tramp arasındakı bir qədər istehzalı dialoqa maraqlı yanaşmalar gördüm. Kanalların çoxu bu deyişməni həftənin ən gülməli hadisəsi adlandırdı. Xatırladım ki, Şimali Koreya Xarici İşlər Nazirliyi Trumpı «qoca» adlandırdıqdan sonra, ABŞ prezidenti «Twitter» səhifəsində yazıb kı, o, Şimali Koreya lideri Kim Çen Ina heç zaman «bəstəboy və gombul» deməyib. Kanallar bildirdi ki, əslində Tramp nə vaxtsa belə bir söz işlədə biləcəyinə eyham vurub. Bu da Amerika auditoriyası tərəfindən xeyli gülüşlə qarşılanıb. Söz Şimali Koreya liderindən düşmüşkən, ABŞ-dakı mağazaların birində çəkdiyim bu fotonu da sizinlə paylaşmaq istədim. Yerli paltar şirkətləri öz nüvə başlıqlı raketləri ilə dünyaya meydan oxuyan Kim Çen In fotosu olan köynəklər istehsal ediblər. Fotoların üzərində istehza ilə «Rocket Man» yəni «Raket Adam» yazısı yazılıb...