vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AKTUAL  
09:42 | 15 noyabr 2017 | Çərşənbə Məqaləyə 1467 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sərkisyanın kritik Moskva səfəri

Ermənistan prezidentinin bugünkü ziyarəti həssas bir dönəmə təsadüf edir; rəsmi İrəvan çıxılmazda

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Ermənistan prezidenti Serj Sərkisyan Moskvaya səfərə gedəcək. Səfərin motivi Rusiyada «Ermənistan mədəniyyət günləri»nin açılışı olsa da, şübhəsiz ki, əsas hədəf Sərkisyanın Rusiya lideri Vladimir Putinlə görüşüb son dəfə «saat əqrəbləri»ni tutuşdurmaq olacaq. Buna dəlalət edən bir neçə mühüm detal var. Biri odur ki, Sərkisyan Moskvaya müdafiə naziri, özünün inandığı adamlardan biri olan Vigen Sərkisyanla gedir. İkincisi, bu, Avropa Birliyinin 24 noyabr Brüssel sammiti ərəfəsində onun Putinlə son məşvərət-məsləhəti olacaq - hansı sammitə ki, Sərkisyan da qatılmağa və təşkilatla Ermənistan arasında çərçivə sazişi imzalamağa hazırlaşır.

Sərkisyanın başqa bir qayğısı, gələn ilin aprelində parlament üsul-idarəyə keçiddən sonra yeni baş nazir postunu tutmaq üçün Kremlin «dobro»sunu almaq, indiki baş nazir, Rusiyanın adamı sayılan Karen Karapetyanı «bort arxasında» qoymaqdır. 

Bundan əlavə, Putinlə görüş Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla təmasdan cəmi iki gün sonraya təsadüf edəcək ki, bu da az əhəmiyyət kəsb eləmir. Nəhayət, Sərkisyan-Putin görüşünü qaçılmaz edən başqa bir detal bu ərəfədə işğalçı ölkədən və Rusiyadan yan keçən Bakı-Tiflis-Qars dəmiryolunun işə düşməsi ilə forpost ölkənin nəqliyyat blokadasının daha da güclənməsi perspektivi ilə bağlıdır. Təbii ki, əsas müzakirə mövzularından biri Dağlıq Qarabağ məsələsi olacaq.

Bəs, Moskva müzakirələri nə kimi nəticələr verəcək?

Hələlik konkret fikir söyləmək çətin olsa da, bir şeyi əminliklə demək olar ki, Sərkisyan hər şeydən öncə ölkə daxilində öz siyasi dayaqlarını möhkəmlətmək üçün də Moskvadan qarantlar almağa çalışacaq. Yeri gəlmişkən, son vaxtlar İrəvanda tələbə gənclərin etiraz aksiyaları genişlənməkdədir. Onlar hərbi xidmətdən möhlət hüququnun ləğvini nəzərdə tutam yeni qanun layihəsinə qarşıdırlar. Qanun layihəsi 14-17 noyabr arası parlamentdə müzakirə ediləcək. Hakimiyyət bu qanunu qəbul eləmək zorundadır, ona görə ki, işğalçı orduya çağırışçı problemi yaşanır.

 

***

 

Bu arada Ermənistanın Statistika Xidməti ölkədə əhalinin son 15 ildə 228,7 min nəfər azaldığını açıqlayıb. Qeyd edək ki, həmin dövr əsasən Köçəryan-Sərkisyan cütlüyünün prezidentliyi dönəminə təsadüf edir. Bu, əlbəttə ki, 1998-ci ildə Ermənistanda hakimiyyəti çevriliş yolu ilə ələ keçirmiş cinayətkar «Qarabağ klanı»nın öz xalqına vurduğu ciddi zərbələrdən biridir.

Çünki əhali boş yerə Ermənistanı tərk eləmir. Ona görə kütləvi köç baş verib və indi də davam edir ki, ölkədə normal dolanışıq üçün şərtlər, normal qazanc yerləri yoxdur. Xüsusən də gənc əhali üçün. Bu da ona görə qeyri-mümkün olub ki, Ermənistan «Qarabağ klanı»nın siyasəti üzündən hələ də blokada şəraitindədir.

Üstəgəl, müharibənin bərpa olmaq qorxusu, sabaha inamsızlıq daima erməni xalqının başı üzərində «Domokl qılıncı» kimi asılıb. Artıq əhalinin hakim rejimin boş vədlərinə, o cümlədən Qarabağla bağlı verdiyi vədlərə heç bir inamı qalmayıb. Bu vədlər çin olsaydı, 19 ildə olardı. Bundan əlavə, onsuz da kasad olan büdcənin 1/3-ni həll olunmamış Qarabağ ixtilafına görə hərbi xərclərə yönəltmək zərurəti acınacaqlı durumu daha fəlakətli edir.

«Görülən kosmetik tədbirlərə baxmayaraq, Ermənistanda əhalinin 40 faizi yoxsulluqdan da aşağı səviyyədə yaşayır». Bunu Axar.az-a açıqlamasında deputat Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, Ermənistan əhalisinin ölkəni kütləvi surətdə tərk etməsi artıq Dağlıq Qarabağ problemi boyda həlli müşkül məsələyə çevrilib.

«Ermənistan bu gün özünü təcrid vəziyyətinə salıb. Ermənistan əhalisi artıq bu durumun dəyişəcəyinə ümid bəsləmir, ona görə də yeganə çıxış yolunu ölkədən köçməkdə görür. Serj Sərkisyanın bu istiqamətdəki çağırışları cəmiyyətdə, sadəcə, gülüş doğurur. Çünki birincisi, ermənilər öz ölkələrində yaşamaq istəmirlər, ikincisi isə, ailədə uşaqların sayı getdikcə azalır. Yeganə çıxış yolu Ermənistanın qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkməsidir. Bu isə baş verməyəcək. Ancaq bu, o demək deyil ki, İrəvan bu prosesdən itkisiz çıxacaq. Ermənistanı qarşıda böyük sosial partlayışlar gözləyir. Əhalinin bir hissəsi köçsə də, yerdə qalanlar üçün iş yeri tapılmır. Büdcənin az qala, 25 faizi hərbi xərclərə sərf olunur. Bu situasiyada Ermənistanın yenidən qarışacağını əminliklə söyləyə bilərik. İndiki hakimiyyət elə bilir ki, vəziyyətə nəzarət edə biləcək, yaxud da hansısa bir möcüzə nəticəsində Ermənistan xilas olacaq. Ancaq Serj Sərkisyan və onun komandasından problemin həlli istiqamətində ciddi addımlar gözləməyə dəyməz. Bu fonda Ermənistanı heç Rusiya da xilas edə bilməyəcək», - deyə deputat əlavə edib.

 

***

 

Əlbəttə, nə qədər deyilsə də ki, İrəvan Rusiyadan asılıdır, onun təlimatları ilə hərəkət eləmək zorundadır, enində-sonunda erməni xalqının taleyi ilə bağlı əsas qərarı məhz o, verməlidir, Kreml yox. Bu qərar da müstəsna olaraq Dağlıq Qarabağ məsələsinin həllinə yekun yanaşmanı özündə ehtiva etməlidir.

Aydın məsələdir ki, əgər indiki yanaşma davam edəcəksə, «Qarabağ klanı»nın hakimiyyəti bitməyəcəksə, demək, erməni xalqının faciələri də bitməyəcək, onu daha ağır faciələr gözləyir və erməniləri doğrudan da, heç Rusiya da xilas edə bilməyəcək. Çünki, bur rus məsəlində deyildiyi kimi, «suda batmaqda olanın problemi öncə suda batmaqda olanın problemidir».

Yəni ermənilər həqiqətən ağ günə çıxmaq istəyirlərsə, o zaman öncə kriminal «Qarabağ klanı»ndan, ardınca da təcili şəkildə mifik, heç vaxt reallaşmayacaq sayıqlama-iddialardan qurtulmalıdır. Azərbaycana və Türkiyəyə əsassız torpaq və «soyqırımı» iddialarını nəzərdə tuturuq.

Əfsus ki, Sərkisyanın budəfəki Moskva səfəri ermənilərə bu yöndə pozitiv heç nə vəd eləmir. Həm də o səbəbə ki, Rusiyanın, Putinin özü də bunu arzulamır. Belə görünür, vəziyyətin müsbətə dəyişməsi üçün Rusiyada da hakimiyyət dəyişikliyini gözləmək lazım gələcək.