vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
GÜNDƏM  
16:40 | 30 noyabr 2017 | Cümə axşamı Məqaləyə 2477 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kremllə sövdələşib İrəvanı əzməyin məqamıdırmı?

Rusiyanın Qarabağı hansı şərtlərin müqabilində qaytaracağını düşünməkdənsə, onu almağın yollarını aramalıyıq

Hüseynbala SƏLİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanı Avropa Birliyinə (AB) aparan motivlər haqda xeyli yazmışıq. Amma onların bu addımının yaxın gələcək üçün siyasi təzahürləri, Qarabağ problemində və Rusiya-Ermənistan münasibətlərində nə kimi nəticələr doğuracağı diskussiya olunmaqda davam edir.

Avropalı strateqlərin də «Şərq tərəfdaşlığı» konsepsiyasına baxışı xeyli dərəcədə mürəkkəbdir.

Üç yanaşma sezilir. «Şərq tərəfdaşlığı»na geosiyasi və geoiqtisadi prizmadan baxıb, onu Rusiyanın müəyyən bölgədə siyasi və iqtisadi -ticari təsirini azaltmaq yolu kimi təsəvvür etməkdən tutmuş, Ermənistanın imzaladığı sazişi Avrasiya İttifaqı ilə AB arasında «körpü» kimi dəyərləndirmək cəhdlərinədək geniş baxış palitrası var...

İrəvanın sazişdən hansı dividentlər umması başqa bir söhbətin mövzusudur və bu haqda da az-çox yazmışıq. Azərbaycanda daha çox maraq doğuran onun Ermənistan-Rusiya münasibətləri üçün yaradacağı nəticələrdir.

Ermənilərin sazişi rusların iradəsinin ziddinə olaraq imzalaması haqqındakı fikirlərin ciddi əsası yoxdur. Neçə ay idi ki, Ermənistanda bununla bağlı vurnuxmaları izləyirdik. Bu müddətdə Rusiyanın baş nazirinin və xarici işlər nazirinin İrəvana səfərləri oldu, sazişin detalları Kremllə razılaşdırıldı və üstəlik, o qədər «razılaşdırıldı» ki, şəxsən bizdə bu təsəvvür yarandı ki, əslində o, siyasi deklarasiyadan başqa şey deyil...

Üstəlik, ermənilər AB ilə ilk assosiasiya sazişləri imzalanarkən də möhkəm «Avropa sevdası»na düşmüşdülər. Amma o vaxt Putin Serjiki Kremlə çağırıb hara «girməyi» ona göstərdi və ermənilər də kor-peşman Avrasiya İttifaqına üz tutdular.

Yəni birinci dəfədəki kimi elə indi də Kreml istəsəydi, Serjiki heç Brüsselə də buraxmazdı! Ona görə də düşünmək ki, guya, Kreml İrəvan üçün hansısa cəza fikirləşir, - zənnimizcə, bu, sadəlövhlük olardı...

Nə Ermənistan üçün Rusiya, nə də ki, elə Rusiya üçün Ermənistan hansısa sakral məzmun kəsb etmir, hər ikisi biri-birindən faydalanır. Ötən dəfə də yazdıq ki, yüz ildən artıqdır, fantastik xəyallara qapılan İrəvan görür ki, bunları «reallaşdırmaq» üçün nəinki bölgədə, dünyada belə Rusiyadan sərfəli güc və müttəfiq yoxdur.

O səbəbdən də sığınıblar Kremlə və onu da anlayırlar ki, Kremlin bölgədə başqa hədəfləri də var, onun nəzərləri həm də Azərbaycana və Gürcüstana tuşlanıb. Bu, onları razı salmır, çünki arzuları rusun Qafqazdakı siyasətini tamamilə öz maraqlarına tabe etməkdir, amma Moskva bunu edə bilməz və elə bu səbəbdən haylar hətta Kremlin özünə də təzyiq yolu və alternativ geosiyasi kanallar arayırlar.

Bu, onların bir növ, daxili motivləridir, üzdə isə axıra qədər rus imperiyasına sadiq qalacaqlarını vəd edirlər. Əslində dediklərimiz Rusiyanın da məqsəd-məramına yetərincə aydınlıq gətirir və İrəvan da Rusiya üçün yalnız vasitədir.

Həm də Qərbin artan təsiri qarşısında aciz qalan və özünün böyük geoiqtisadi layihələrin mühərriyinə çevrilmək iqtidarı olmayan Rusiya da barışır ki, bəlkə həqiqətən də İrəvanla imzalanan saziş AB ilə «körpü» ola bildi? Axı onun Avrasiya İttifaqı ölü doğulmuş uşaq kimidir, üstəlik, Kremlin yan - yörəsindəkilər, eləcə də haylar həm də çörək və konkret dividendlər umurlar. Bu səbəbdən də Moskva ən sadiq nökərinin belə müəyyən məhdudiyyətlərlə AB ilə «ittifaq» qurmasına mane olmadı...

O ki qaldı Rusiya-Ermənistan ittifaqında yarana biləcək «çat»lara və bundan yararlanaraq Kremllə sövdələşib Qarabağı qaytarmaq haqdakı düşüncələrə, - onlar yeni deyil, müstəqilliyimizin əvvəllərindən mövcuddur, hətta müstəqillik referendumunu keçirərkən də bir gözümüz Ermənistanda idi ki, görək, haylar necə edəcək?!.

Rusiya böyük dövlətdir və böyük də «siyasi mətbəxi» var. Ruslar ermənilərin sayıqlamalarına ciddi yanaşmır, amma bütün hallarda onlara  daha çox ürək qızdırırlar, çünki erməninin arzuları sayıqlamadır, amma azərbaycanlısa başqa məsələdir, -  onlar türkdür və nə vaxtsa, reallaşacaq potensial türk amilinin real komponentləridirlər.

Üstəlik, konkret şərtləri var: Avrasiya və Gömrük İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, həm də Qarabağ üçün yüksək status və rus sülhməramlıları...

Əmin olsalar ki, Azərbaycan artıq ovuclarındadır, bundan sonra nəsə edərlər, indisə Qarabağı nə İrəvana, nə də Bakıya hədiyyə etmək fikirləri yoxdur; Abxaziya və Dnestr kimi bu bölgə də onlara lazımlıdır.

Ona görə də Rusiyanın Qarabağı hansı şərtlərin müqabilində qaytaracağını düşünməkdənsə, millət olaraq onu almağın əsl yollarını aramalıyıq. Əminik ki, onlar mövcuddur və sadəcə, illüziyaları buraxıb o yola istiqamətlənmək lazımdır...