vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
CƏMİYYƏT  
21:55 | 10 dekabr 2017 | Bazar Məqaləyə 2377 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ türmələrini bir-birinə vuran azərbaycanlı...

Bu torpaqlarda onun «ətindən-südündən» yararlanmaq istəyən xeyli insanlar var...

Sevinc TELMANQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu aralar ən maraqla izlədiyim mövzulardandır Rza Zərrabın məhkəməsi. Siyasi qalmaqal olması bir tərəfə, serial dadındadır. İçində hər şey var: maqazin, şou biznes, sevgi hekayəsi, ağlasığmaz rüşvət faktları, kriminal, mafiya qaydaları, türməni sarsan hərəkətlər... Üstəgəl, adamı hər yerdə Azərbaycan əsilli iş adamı kimi təqdim etməyimiz. Baxmayın son zamanlar namusa boğulub, müəllimi «İran əsilli» deyə yazmağımıza. Adam bizimkidir, ipinə-sapına qədər həm də...

Düşünün, 29 yaşlı adam birdən-birə Türkiyədə peyda oldu və bir-iki ilin içində ölkənin ən varlı adamları sırasına yerləşdi. Əvvəlcə məşhurlara mahnı sözləri verdi-falan, bir-ikisi ilə də eşq yaşadı. Sonra Ebru Gündəşlə evlənib, şöhrətinə şöhrət qatdı. Və başladı arvadına ağlasığmaz hədiyyə seli yağdırmağa. 90 milyon avroluq villa, son model maşınlar, yaxtalar... Türkiyəli jurnalistlərin yazmaqdan barmağı ağrıdı, bizim oxumaqdan gözümüz. Tipik azərbaycanlı hərəkəti deyilmi? Qadını hədiyyələrlə boğma... Görməmişcəsinə, insanların gözünə soxa-soxa...Özünü bilən, tanıyan, dünyagörmüş hansı avropalı, amerikan milyarder belə görməmişliklər edir, siz deyin...

Hələ bu harasıdır? Adam sanki təpədən-dırnağa rüşvətlə yoğrulub. Pul saça-saça gəzib bütün həyatı boyu. İçində 50-100 min dollar olan ayaqqabı qutusunun birini bir nazirə yollayıb, digərini o birinə. Nazirlərin qolundakı bahalı saatların əksəriyyətini bu «nəğməkar qardaş» alıb. İndi məhkəmədə bülbül kimi ötməsə, bunları  da biləsi deyildik. Hesabı o qədər itirib ki, bəzən bank rəhbərinə göndərəcəyi rüşvəti, çaşıb nazirə, nazirinkini bir başqa məmura yollayıb.

Türmədə isə ümumiyyətlə aləmi qatıb bir-birinə. Zarafat deyil, Amerika türməsindəki nəzarətçiyə vəkili vasitəsilə 40 min dollar (oxu – bir evin pulu) verib ki, onun telefonu ilə görüntülü danışsın, içki və narkotik aldırsın, türməyə qadın gətizdirsin. Bəli, qiyməti 200 dollar belə olmayan telefonla ayda-sənədə bir dəfə danışmaq üçün onun 100 qatını ödəyib.  Adam yüzlərlə il tarixi olan Amerika türmə sistemini də çökdürüb, onların imicini də yerlə-yeksan edib. Kəsdiyi başa sorğu-sual yoxdu içəridə. Sanki türməyə yox, bara düşüb mübarək: pulunu verib, içkisini, qadınını, narkotikini gətizdirib, kefə baxıb.

Son olaraq da ortaya 62 yaşlı bir kamera yoldaşı iddia atdı ki, bəs Rza ona ötən ilin 8 mart tarixində təcavüz edib. İndi Türkiyə mətbuatı söhbəti zarafata salıb. Yazırlar ki, əslən filippinli olan bu məhkum baxıb ki, Rza hər kəsə rüşvət paylayır, deyib, qoy bunu şərləyim, 40-50 min dollar da mən qabağa düşüm. Donuzdan bir tükün qənimət olma söhbəti...

Zarafat bir tərəfə, nəyə görəsə, mən bütün bu detalları oxuyanda, yazanda Rzanın qanında azərbaycanlı qanı olmasına zərrə qədər şübhəm qalmır. Rüşvəti sevirmi? Sevir! Şöhrəti sevirmi? Bayılır. Qanunsuzluqla, «kimi atım, qabağa düşüm» prinsipi ilə iş görmə həvəskarıdırmı? Yüz faiz. Cənab Zərrabın hətta rüşvətlə bağlı tarixə keçəcək kəlamları da var. Yadımda biri qalıb: rüşvətə təşnə olan hər kəsin bir qiyməti var. Necədir sizinçün? Tanış gəlir?

Əminəm ki, Rzanın işləklərini, qəhrəmanlıqlarını oxuyan milli, yüksək çinli  məmurlarımızdan tutmuş, türmədəki «nadzor»a qədər hər kəs dişini qıcayır: «Axxx, kaş ki, bizdə tutulaydı» deyə. Düşünün, neçə min insan onun çörəyini yeyər, uşaq oxudar, qız köçürdər, «ağ günə» çıxardı. Ayaqqabı qutuları ilə dolu rüşvət paraları, xidmətlər, sonsuz jestlər, jestlər, jestlər... Dünya tarixinin ən rüşvətxor adamı kimdir deyə soruşsaz, hər kəs qeyd-şərtsiz onu göstərər. 50 milyon avro rüşvət verib adam. Özünüzə baxmayın, uşağı bağçaya düzəltmək üçün 200 manat rüşvət verib, bütün ömrümüz boyu bunu danışırıq. 50 milyon e, üstəlik, avro.

O məşhur bir mahnını bilirsiz yəqin. Deyir, orda bir köy var uzaqda, getməsək də, görməsək də, o köy bizim köyümüzdür... İndi bütün bu detalları qızıl kimi ona görə xırdaladım ki, Rzanın bizim torpaqlarda böyüməməsinə, bizim ali məktəblərdə oxumayıb, müəllimlərimizə, dekan və kafedra müdirlərinə pul yedirtməməsinə, restoranlarda qonaqlıq verməməsinə, məmurlarımızı ihya etməməsinə baxmayın, bu uşaq bizimkidir. Özü də nəyi var bizimkidir. Amerika qanunlarını, türmə sistemini belə pulla yumağı bacaran adamın qabiliyyəti başqa heç nəylə izah edilə bilməz. Müəllimə təcili siyasi məhbus statusu verilməli və azadlığa buraxılmalıdır. Mümkünsə dərhal da Azərbaycana gətirilməlidir. Onun «ətindən-südündən» yararlanmaq istəyən xeyli insanlar var bu torpaqlarda...