vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
19:52 | 11 dekabr 2017 | Bazar ertəsi Məqaləyə 2446 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Alovun üstünə neft tökən kimdir?

Qüds, yoxsa «qara qızıl» müharibəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Neft ili başa çatır, il ərzində Birləşmiş Ştatlarla OPEK arasında gedən qiymət müharibəsində hələlik kartel öndədir. OPEK-in səyləri nəticəsində il ərzində neftin qiyməti 17,52 faiz bahalaşıb, digər markalar üçün indikator rolunu oynayan «Brent» markalı neftin minimum qiyməti 44,35 dollar, maksimum qiyməti isə 64,65 dollar olub. Yəni, şist inqilabına ev sahibliyi edən ABŞ bütün səylərinə rəğmən nefti 44 dollardan ucuzlaşdıra, OPEK isə 65 dollardan bahalaşdıra bilməyib. Dünyada gedən siyasi və iqtisadi proseslər gələn il üçün bahalaşma vəd edir. Dünya iqtisadiyyatında inkişaf tempinin yüksəlməsi neftə tələbatı artırır, neftlə zəngin regionlarda, xüsusilə Yaxın Şərqdə gərginliyin artması bu prosesi dəstəkləyir.

Neft satışı bir çox ölkələrin əsas gəlir mənbəyidir, qiymətlərin ucuzlaşmasından ən çox belə ölkələr əziyyət çəkir. Təkcə Səudiyyə Ərəbistanında baş verənləri xatırlatmaq kifayətdir. Gəlirlər azalan kimi ölkə iqtisadi islahatlar aparmaq, büdcəni daraltmaq, dünyanın neft nəhənglərindən «Saudi Aramco»nu özəlləşdirməyə çıxarmaq məcburiyyətində qaldı. Taxt-tac uğrunda mübarizənin kəskin hal alması da neftin ucuzlaşmasına dolayı təsirlərdən biridir.

Ucuz neft iqtisadi və siyasi islahatlara rəvac versə də, «neft dollarlarına» öyrənmiş «tənbəl iqtisadiyyatların» canlanması çətin olur. Buna görə də neft ölkələri diqqəti iqtisadi islahatlardan çox nefti hər vəchlə bahalaşdırmağa üstünlük verirlər. Neft çox azsaylı xammal növlərindən biridir ki, onun qiymətinin formalaşmasında siyasi amillər əsaslı rol oynayır. Dondurulmuş münaqişələrin alovlanması, neft kəmərlərində terror aktları, neft müəssisələrində tətillər, neft ölkələrində siyasi böhranların başlaması, ən nəhayət müharibələr «qara qızıl»a dəyər qazandırır. Bu həftə dünyada, xüsusilə dünyanın neft damarı sayılan Yaxın Şərqdə baş verən hadisələrə də bu prizmadan baxmaq lazımdır.

Həftə ərzində neftin qiymətlərində dəyişiklik olmayıb. Birjalarda dekabrın 4-də keçirilən ilk ticarət sessiyasında «Brent» neftinin bir bareli 63,41 dollara satılıb, bu gecə başa çatan son ticarət sessiyasında isə qiymət 63,33 dollar olub. Həftə ərzində neftin minimum qiyməti 61,21 dollar, maksimum qiyməti isə 64,23 dollar təşkil edib. Qiymətlərə ənənəvi olaraq ABŞ-ın neft və benzin ehtiyatlarının həcminə dair hesabat, ölkədə neft hasilatına cəlb olunan buruqların sayına dair statistik açıqlama, Çin iqtisadiyyatının vəziyyətinə dair rəsmi hesabat, Venesuelada hiperinflyasiya, Nigeriyanın neft müəssisələrində tətillər, OPEK razılaşmasını dəstəkləyən bəyanatlar təsir göstərib.

Qiymətlərə təsir göstərən ən güclü amil isə ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanımaq qərarı və bu qərarın dünyada doğurduğu rezonans olub. Qüds məsələsi təkcə bu həftə deyil, ən azı ilin sonuna kimi neft qiymətlərinə təsir göstərəcək əsas  amil olaraq qalacaq. Ortada bir münaqişə var, bu münaqişənin tərəflərindən biri dünyanın neftlə zəngin 9-cu ölkəsi olan ABŞ, digərləri dünyanın ən çox neft ehtiyatına sahib 10 dövləti içərisində təmsil olunan Səudiyyə Ərəbistanı, İran, İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Liviyadır. Buraya İslam Əməkdaşlıq Təşkilatının üzvü olaraq avtomatik münaqişə tərəfinə çevrilən Nigeriyanı, Qətəri, Əlcəzairi də aid etmək olar. Digər tərəfdən «OPEK+» razılaşmasında iştirak edən Rusiya, Azərbaycan, Qazaxıstan kimi ölkələr də Donald Trampın qərarına qarşı çıxırlar.

Mənzərə belədir, münaqişə tərəfləri neft ölkələri olduğundan qiymətlərin bahalaşacağı qarantiyadır. Məntiq başqa bir iddianı da ortaya qoyur - neftin bahalaşmasını istəyən ölkələr münaqişənin dərinləşməsində də maraqlı olacaqlar. Məsələn, neft nə qədər baha olsa, Səudiyyə Ərəbistanı «Saudi Aramco»nun özəlləşməsindən bir o qədər çox gəlir əldə edəcək, o zaman Ər-Riyad Qüds qalmaqalı ilə bağlı əlinə düşən fürsəti niyə dəyərləndirməsin? Səudiyyə kralı Salmanla vəliəhd Məhəmmədin Qüds məsələsinə 180 dərəcə fərqli münasibəti nefti bahalaşdırmaq üçün münaqişəni dərinləşdirmək məqsədi daşıya bilməzmi? Sualların cavabını zaman, neftin önümüzdəki həftələrdəki qiyməti verəcək.

Vüqar HÜSEYNOV