vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 19 fevral 2018
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.1335 AZN
Rusiya rublu 1 RUB = 0.0302 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.4037 AZN
Türk lirəsi 1 TRY = 0.4521 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
18:38 | 3 yanvar 2018 | Çərşənbə Məqaləyə 607 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranı kim çalxalayır...

… və yaxud rejimin «kənar əl» xofu

Hüseynbala SƏLİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

İran rəhbərliyinin ölkədə baş verənlərə reaksiyasında təəccüblü bir şey olmadı. O vaxt təəccüblü olardı ki, hətta İrana yağış yağanda da bunun arxasında ABŞ-İsrail cütlüyünün dayandığını iddia edən Tehran rəsmi dairələri bu boyda etirazları başqa ünvanla və yaxud səbəblə bağlamağa cəhd edəydilər.

Heç kimi «təmizə çıxarmaq» və yaxud da durub kiməsə vəkillilk etmək fikirimiz yoxdur. ABŞ və İsrail heç bir vaxt İrana qarşı münasibətini gizlətməyib. Amma onları «sehrbaz» qismində görməyə də ehtiyac yox. Şəxsən mən haradasa çox lokal bir hadisə baş verəndə bunun arxasında kiminsə dayandığına və hətta kiminsə bunu törətdiyinə inana bilirəm. Amma böyük etirazlara gələndə, yerli amilləri də yada salmaq lazım gəlir, məsəl var, deyirlər ki, od olmasa, tüstü çıxmaz...

Avtoritar və yaxud qeyri-azad ölkələrin liderlərinin çox qəribə məntiqi var. Bunlar bir az keçəndən sonra özləri yalanlarına inanmağa başlayırlar, həqiqətən də cəmiyyətin onları sevdiyini düşünür, ağıllarına da gəlmir ki, cəmiyyət bir gün onların üzünə ağ ola bilər, təsəvvür belə edə bilmirlər ki, on illərlə əzdikləri insanlar günlərin birində onlara asi olar və hətta onları devirərlər...

Normal insan üçün bu «məntiqi» anlamaq çətindir. Hətta keçmiş, klassik monarxları da haradasa başa düşmək olurdu. Onlar hakimiyyətlərini Tanrıdan aldıqlarını zənn edir və elə təbəələrinin də onların taxt-tacına baxışında sakral motivlər olurdu.

Bəs indiki halda nə var? Adi teokratik İran rejimi, hansı ki, illərdir, insanların azadlığını boğur, yürütdüyü siyasətə görə ölkə öz imkanlarından qat-qat aşağı səviyyədə yaşayır, böyük pullar silahlara, xüsusən də nüvə silahı ilə bağlı xəstə çalışmalara sərf edilir, başqa ölkələrdə də ara qarışdırmaq və «İran inqilabının təcrübəsi»ni digər ölkələrə yaymaq üçün xeyli vəsait xərclənir... Belə ölkədə insanların bezərək ayağa qalxmasında təəccüblü nəsə varmı? Şəxsən bizim üçün yoxdur, amma yenə də «təəccüblənən»lər az deyil...

Ən təəccüblüsü isə budur ki, «inqilab» sözünü çox işlədən elə İranın ruhani elitasıdır. Sanki heç ağıllarına da gəlmir ki, cəmi qırx il bundan əvvəl bu xalq inqilab edərək şahı devirdisə, deməli, daha bir inqilab da edə bilər. Deməli, bu xalqı çox «sıxmaq», incitmək lazım deyil və onu orta əsr qaydaları ilə yaşamağa məcbur etməyə gərək yoxdur...

O ki qaldı məsələnin «geosiyasi tərəfləri»nə, heç kim onları inkar etmir, bu məqam «ərəb ssenariləri»ndə də vardı və nə vaxtsa işə salınacaq «İran ssenarisi»ndə (bəlkə də artıq işə düşüb!) olacaq.

Amma bu məsələnin yalnız «geosiyasi tərəflərini» görmək əslində heç nəyi görməmək deməkdir. Baxın, Türkiyəni çıxmaq şərtilə müsəlman ölkələrinin hamısında sərt avtoritar rejimlər hökm sürür, azad və demokratik seçki yoxdur və yaxud İranda olduğu kimi, məhdud çərçivə içindədir,- insanlar, necə deyərlər, ruhani elitasının irəlicədən seçdikləri iddiaçıların sırasından kimisə «seçməyə» məcburdurlar.

Bəli, cəmiyyətlər illər uzunu demokratik vərdişlərdən kənarda qalır, onlara demokratik təcrübə və vərdişlər aşılanmır. Belə vəziyyətin sonu partlayış olmayacaqmı? Belə ağır vəziyyətin son anda sosial partlayışla nəticələnməsində təəccüblü nəsə varmı?

İranı bircə anlığa kənara qoyaq və ərəb ölkələrindəki radikal dini qrupları yada salaq. Onlar niyə və necə yaranır? Əslində elə burada da təəccüblü heç nə yoxdur. Bu kontekstdə ABŞ politoloqu Fərid Zəkəriyyənin maraqlı yanaşması var. O qeyd edir ki, müsəlman Şərqinin despotları uzun illər bütün sosial-siyasi institutları yasaq ediblər, yalnız məscidlərə toxuna bilməyiblər. Ona görə etirazlar da ilkin olaraq məscidlərdə formalaşır, orada cilalanır və ideoloji bir forma alır. Elə bu səbəbdən də radikal müsəlman cərəyanlarının harada və necə yaranması haqda baş sındırmaq lazım deyil...

İranı götürsək, burada qırx ilə yaxındır, sərt teokratik bir rejim hökm sürür, insanlar dinlə siyasətin sintezinin bütün fəsadlarını yaşadılar və ruhanilərin vəd etdiyi «sosial-siyasi cənnət»in, dini utopiyanın nə olduğunu bildilər. Bu səbəbdən indiki rejimin yerinə nə vaxtsa gələcək yeni rejim böyük ehtimalla artıq dini rejim olmayacaq. Amma Z.Freydin bir fikrini daim özümüz üçün təkrarlamağı sevirik: insanın davranışı uşaqlıqda topladığı təcrübədən asılı olur...

İndi iranlıların da başqa siyasi təcrübəsi yoxdur: şahın dövründə azad siyasi fəaliyyət yox idi, ruhanilərin İranının vaxtında isə yalnız və yalnız «dini demokratiya»nın imkanlarından yararlanmaq mümkün idi. Ona görə də «uşaqlıq təcrübəsi» iranlılara da çox əngəl olacaq, necə ki, bir vaxtlar ruslar deyirdi: keçmiş sovet məkanının istənilən ölkəsində hansı partiyanı yaradırsan-yarat, axırda gəlib kommunist partiyası olacaq...

O ki qaldı indiki etirazlara, bu da bir yerdə toplanan neqativ enerji kimidir. Ölkədə azadlıq varsa, o, partlama həddinə çatmır, insanlar azad seçkilər, aksiyalar, media vasitəsilə etirazlarını ifadə edir. Bütün bunlar omayanda isə etirazlar zorakı müstəvidə təzahür edir.

Avtoritar rejimlər həmişə ölkəni qapatmağa meylli olur və bunu elə qələmə verirlər ki, guya, cəmiyyəti və ölkəni neqativ təsirdən qorumağa, dövlətin və cəmiyyətin sosial immunitetini artırmağa çalışırlar. Əslində isə məqsəd özlərini qorumaqdır. Təcrübə göstərir ki, məhz demokratik rejimlərin immuniteti yüksək olur və məhz belə rejimlərdə insanlar ağı qaradan daha asan seçirlər. Qeyri–azad rejimlərdə isə cəmiyyət daim bir barıt çəlləyi kimi olur. Yetər ki, kənardan bir kibrit atılsın – bunu etmək istəyənsə həmişə tapılır. Avtoritar rejimlərin liderlərinin faciəsi də ondadır ki, onlar kibrit çöpünü görürlər, amma barıt çəlləyini görmürlər və yaxud da görmək istəmirlər...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *