vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
21:59 | 26 fevral 2018 | Bazar ertəsi Məqaləyə 2143 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sumqayıtı, 20 yanvarı və Xocalını yaşayandan sonra...

Nəyə inanaq - gördüklərimizə, yoxsa eşitdiklərimizə?

Hüseynbala SƏLİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Etiraf edim ki, cəmi bir-iki ay bundan öncə Rusiya televiziyalarındakı siyasi verilişlər haqqında yazandan sonra demək olar ki, onları daha izləmirdim və yalnız bu yaxınlarda dözməyərək telekanallardan birinin düyməsini basdım. Yenə də Ukrayna haqqında danışırdılar və dərhal da bir cümlə diqqətimi cəlb etdi: Bu Ukrayna ilə də hesabı bitirməyin vaxtı çatıb...

Diqqət edin, hətta «Ukrayna ilə...» deyil, «Bu Ukrayna ilə...» deyirdilər, elə bil, 45 milyon əhalisi, 602608 kv. km. ərazisi olan Ukrayna bunlar üçün heç dövlət deyil, dünya siyasi səhnəsində nəzərə almaq lazım gəlməyən önəmsiz bir nöqtədir...

Biz tez-tez Rusiyadakı imperialist təsəvvürlərin əcaib təzahürlərindən yazırıq. Bu da bəzən belə anlaşır ki, guya, bərk rusofobiya ilə məşğuluq. Əslində isə belə deyil, daim imperialist «cameyə»nin digər iştirakçılarını da görürük. Onları görmək üçün xüsusi durbin və ya teleskop lazım deyil, yetər ki, «hamının hamıya qarşı müharibə apardığı» Suriyaya baxasan və bir daha əmin olasan ki, ABŞ və digərləri də mələk deyillər.

Amma biz daha çox Rusiya imperializmini görmüşük, daha çox imperializmi Kremlin timsalında duymuşuq. Hər dəfə fevral ayı, bundan bir az əvvəl də yanvar gələrkən Sumqayıt, 20 Yanvar və Xocalı yadımıza düşür və ixtiyarsız olaraq özümüzə bir sual veririk: İmperiyalar daha nəyə qadirdirlər? Onlar öz vətəndaşlarına qarşı daha hansı məkrli planlar qura və onları daha hansı məqsədlər üçün «istifadə» edə bilərlər?

Bunları düşünürkən məşhur Xatın faciəsi yadımıza düşdü. Yenidənqurmanın ilk illərində rəsmi tarixin ayrı-ayrı hadisələri təftiş edilməyə, hətta Böyük Vətən müharibəsinin böyük epizodları bir daha nəzərdən keçirilməyə başlandı, çoxlu yeni ehtimallar, fərziyyələr, hətta rəsmi yozumlarla dərin ixtilafa girən fikirlər meydana çıxdı.

Xatın faciəsi də bu cərgədən kənarda qalmadı. Artıq o illərdə ciddi bir şəkildə guya, bu faciəni sovetlərin özlərinin törətməsi haqqında «nəzəriyyə»lər peyda oldu. Guya ki, məqsəd bu yolla dinc əhalidə işğalçı faşistlərə qarşı nifrəti bir az da gücləndirmək və onların faşizmlə mübarizəsinə yeni impuls verməkmiş.

Düzdür, illər sonra bunların hamısı unuduldu və artıq hamının qəbul etdiyi rəsmi versiya, dəqiq tarixi fakt budur ki, Xatın faciəsini də faşistlər törədib, amma bircə düzəlişlə ki, onlar xüsusi polis batalyonunda xidmət edən və vətənə xəyanət edərək faşistlərin tərəfinə keçən sovet vətəndaşlarıymış – aralarında rus, ukraynalı, hətta belaruslar olub...

İndi heç kim bu sonuncu versiya ilə mübahisə etmir. Amma bir daha deyirik ki, Sumqayıtı, 20 Yanvarı və ya Xocalını yaşayandan sonra istər-istəməz adamın ürəyində yenə də şübhə yeri qalır.

Məsələ bundadır ki, hamı bilir ki, Sumqayıt hadisələri DTK tərəfindən, onun ssenarisi üzrə, onun çətiri altında törədilmişdi: talanlara və insanlara qarşı zorakılıqlara başçılıq və bələdçilik edən erməni əsilli bir məxluq olmuşdu...

Hamı bilir ki, 20 Yanvarı da sovet ordusu törətdi. Bunun üçün Bakıya gələn hərbi hissələri kimlərdən təşkil etmişdilər – bu haqda da yetərincə və şahidlərin ifadələrinə istinad edərək yazılıbdır...

Nəhayət, gələk, Xocalı məsələsinə. Onu da Rusiya ordusu törətdi və hamı bilir ki, 366-cı alay Rusiyaya məxsus idi. Düşünürsən ki, təkcə 20-ci əsrin sonlarında bu imperiya bu qədər dəhşətli hadisələr törədibsə, niyə bunu başqa vaxt, başqa bir reallıqda edə bilməsin?..

Axı rus-sovet ordusunun dünyanın ən humanist ordusu olması haqqındakı nağıllara artıq kiçik yaşlı uşaqlar da inanmır, hamı bilir ki, əgər imperiyanın maraqları tələb edərsə, onlar həmin silahı tərəddüd etmədən elə uşaqlara tərəf yönəldə bilərlər. Amma bir vaxt bizə nələri təlqin edirdilər? Guya ki, sovet əsgəri döyüş meydanında qalmış uşağı azad etmək üçün irəli atılır və onu azad edərək özü həlak olur! Amma ötən il ermənilər rusların hədiyyə etdiyi silahla üç yaşlı körpə Zəhranı qətlə yetirdilər! Axı biz bunları yaşamışıq...

İnanın, bu gün də düşünürük ki, ümumiləşmələr aparmaq, ekstrapolyasiya ilə məşğul olmaq siyasi elmlərdə heç də ən uğurlu bir metod deyil. Mümkündür ki, ayrı-ayrı humanist insanlar və humanist aksiyalar olub. Amma ümumi halda, biz artıq, necə deyər, gördüyümüzü görmüşük, çünki 20 Yanvarı, Sumqayıtı və Xocalını gördük. İndi durub nəyə inanaq? Gördüklərimizə, yoxsa eşitdiklərimizə?..