vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
GÜNDƏM  
10:53 | 27 fevral 2018 | Çərşənbə axşamı Məqaləyə 2111 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrəvan üçün «divar qurtarır»

İşğalçı ölkə təşviş içində; müharibə qapını kəsdirib, üstəlik, ABŞ-ın Rusiyaya sanksiyaları İrəvanı yalnız silahsız deyil, həm də enerjisiz qoya bilər; ekspertlər deyir ki...

MÖVZU İLƏ ƏLAQƏLİ

Fevralın 23-də Moskvada səfərdə olan Ermənistan prezidenti Viqen Sərkisyan İrəvana dönəndən dərhal sonra işğal altındakı Azərbaycan ərazilərinə gəldi.

Ardınca erməni mediası da V.Sərkisyanın Qarabağ separatçılarının lideri Bako Saakyan və «müdafiə naziri» Levon Mnatsakanyanla görüşündən bəhs edərək bəzi təxminləri yazıb. İşğalçı ölkənin mediası ötən günlərdə ABŞ Dövlət Departamentinin Rusiya hərbi sənayesi ilə əməkdaşlıq edən ölkələrə sanksiya xəbərdarlığı etməsinə diqqət çəkib. İddia olunub ki, ABŞ-ın xəbərdarlığı regionda status-kvonu dəyişə və yeni situasiya yarada bilər. Sözügedən materialda Azərbaycana hərbi yardımı qadağan edən «907-ci düzəliş» də xatırlanıb. Erməni mediası vurğulayıb ki, əgər ABŞ-ın Rusiya-Ermənistan əməkdaşlığı ilə bağlı sanksiya təhdidi həqiqətən də ciddidirsə, o halda alternativə ehtiyac yaranır. Bu məqamda məqalədə xeyli absurda gedilərək iddia olunub ki, Rusiya silahının birbaşa Dağlıq Qarabağa çatdırılması variantı gündəmə gələ bilər. Ancaq bu həyasız iddianın hansı şəkildə həyata keçirilməsinə toxunulmayıb.

«ABŞ-ın Maliyyə Nazirliyi yaxın bir neçə həftədə Rusiyaya qarşı yeni sanksiyalar haqda məlumat verəcək». Bunu ötən həftəsonu ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Ağ Evdə jurnalistlərə bildirib. «Biz Rusiyaya qarşı sanksiyalar üzərində işləyirik. Sizi əmin edə bilərəm ki, proses gedir və mən qarşıdakı bir neçə həftə ərzində yenidən burada - Ağ Evdə olacağam». Ötən ayın sonunda Rusiyaya qarşı Amerikanın yeni sanksiyaları qüvvəyə minib. Bu sanksiyalar ABŞ-a imkan verir ki, Rusiyanın müdafiə və ya kəşfiyyat idarələri ilə əlaqədə olan istənilən şəxsə, ölkəyə qarşı bir sıra maliyyə sanksiyaları tətbiq eləsin. Sanksiyalar işə düşər-düşməz, Rusiya artıq 3 milyard dollar itirib. Belə ki, bir neçə ölkə ilə imzalanan hərbi müqavilələr Moskvanın istəyi əleyhinə ləğv olunub. Bu haqda məlumat verən Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov onu da bildirib ki, «ABŞ şantaj və hədə-qorxu yolu ilə, məqsədyönlü şəkildə Rusiyanın başqa ölkələrlə hərbi-texniki əməkdaşlığına mane olmağı hədəf götürüb».

Düzdür, Ermənistan Rusiyadan ən uzağı kreditlə silah almaq imkanına malikdir və İrəvanın onun silah bazarından uzaqlaşması ehtimalı Kremli narahat etmir. Amma Ermənistan Rusiyadan pulsuz silah ala bilməyəcəyini, üstəlik də maliyyə imkanları olmadığından başqa bazarlara - məsələn, Azərbaycan kimi İsrail bazarına - üz tutmaq şansının yoxluğunu göz önünə gətirdiyi üçün təşviş içində vurnuxur. EurasiaNest.org portalında getmiş təhlili məqalədə isə deyilir ki, Amerikanın İrəvandakı səfirliyi bu ölkənin də sanksiyalar altına düşmə təhlükəsi haqda artıq Ermənistan hökumətini xəbərdar edib.

Politoloq Elçin Mirzəbəyli bildirdi ki, Rusiyaya qarşı tətbiq edilən və edilməsi nəzərdə tutulan sanksiyalar haqqında danışanda nədənsə daha çox hərbi-sənaye kompleksinə diqqət çəkilir: «Halbuki bu sektor Rusiyanın ixrac potensialının 4,2 faizini təşkil edir. Rusiya əsas gəlirlərini enerji sektorundan əldə edir və bu sektorda 2017-ci ilin göstəricilərinə əsasən ixracın payı 63 faizdir. Bu baxımdan, şübhəsiz ki, Rusiyanın enerji sektorunda fəaliyyət göstərən şirkətlərinə qarşı sanksiyalar bu ölkəyə daha ciddi təsir göstərəcək. Nəzərinizə çatdırım ki, ABŞ Maliyyə Nazirliyinin konqresə təqdim etdiyi «Kreml hesabatı» adlı sənəddə Rusiyanın enerji sektorunda fəaliyyət göstərən bütün şirkətlərin adı var».

Bəs ermənilər nə üçün Rusiyaya tətbiq olunan sanksiyalardan narahatdırlar?

E.Mirzəbəyli: «Erməniləri narahat edən təkcə Rusiyanın hərbi-sənaye kompleksinə tətbiq edilən sanksiyalar deyil. Ermənistanın enerji sektorunun təxminən 80-90 faiz səhmlərinə Rusiya şirkətləri nəzarət edir. Nümunə gətirək: 1. Ermənistan Qazpaylayıcı şəbəkəsi («ArmRosqazprom» QSC) - Bu şirkətin səhmlərinin 80 faizi Rusiyanın «Qazprom» şirkətinə, 20 faizi isə Ermənistan hökumətinə aiddir 2. «Ermənistan Elektrik Şəbəkəsi» QSC - Bu səhmdar cəmiyyət Rusiyanin «İnter RAO EŞ» şirkətinin törəmə müəssisəsidir və səhmlərin 100 faizi Rusiya şirkətindədir 3. Razdan Energetika Şirkəti - Şirkətin yeganə sahibi Rusiyanın Federal Mülkiyyətin İdarə Edilməsi üzrə Dövlət Agentliyidir. Göründüyü kimi, Ermənistanın bütün enerji sektoruna Rusiya nəzarət edir və təbii ki, Rusiyanın bu sektoruna tətbiq olunan sanksiyalar Ermənistana ciddi təsir göstərəcək».

Politoloq qeyd etdi ki, Ermənistanın seçimi yoxdur: «İrəvan Rusiya şirkətlərindən imtina edə bilməz. Digər tərəfdən, Ermənistanın Rusiya şirkətlərini əvəz etmək üçün alternativi də yoxdur. Əgər Ermənistan müstəqil enerji resurslarına, yaxud enerji idxalı üçün alternativ mənbələrə sahib olsaydı, o zaman sanksiyalardan yayınmaq və manevr etmək üçün hansısa imkanları ola bilərdi. Lakin qeyd etdiyim kimi, bütün bunlar yoxdur. Regionda əsas alternativ enerji qaynaqlarının və tranzitinin sahibi Azərbaycan, Türkiyə və Gürcüstandır. Ermənistanın bu ölkələrə yalnız Azərbaycan torpaqlarının işğalından əl çəkəcəyi təqdirdə üz tuta bilər. İndiki halda Ermənistan üçün yeganə çıxış yolu İrana üz tutmaqdır. Hesab edirəm ki, artıq bu yol da qapanmaq üzrədir. İndiki halda regionda əsas təhlükə mənbəyi olan Ermənistanın tam təcrid olunması İranın da milli maraqlarına xidmət edir. Digər tərəfdən, artıq İranın da Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu transmilli enerji layihələrində iştirakı üçün imkanlar yaranıb. Rəsmi Tehran isə çox güman ki, bu imkanlardan yararlanmaq niyyətindədir».

Rusiyanın hərbi-sənaye kompleksinə tətbiq olunan sanksiyalara və bunun Ermənistana təsirinə gəldikdə isə E.Mirzəbəyli bunları bildirdi: «Sirr deyil ki, İrəvan tamamilə rus silahından asılıdır. Sanksiyaların növbəti mərhələsində ABŞ və müttəfiqləri tərəfindən Ermənistanın qarşısına ciddi şərtlər qoyulacaq. Ermənistan Rusiyadan silahı «kreditlə» və yaxud əvəzi ödənilmədən alır. Başqa ölkələrdən silah almaq üçün isə Ermənistanın pulu yoxdur. Əslində heç Rusiyanın özü də buna imkan verməz. Belə olduğu təqdirdə Ermənistan ya Rusiyadan silah almağa davam etməli və bununla da ABŞ-la münasibətlərə son qoymalı, manevr imkanlarını tükətməli, ya da hərbi müqavimət gücünün tamamilə tükəndiyini elan edərək təslim olmalıdır. Ermənistan siyasətçilərini narahat edən də bu məqamlardır. Manevr imkanları minimuma enir. Vaxt uzatmaq, gah ABŞ-ın, gah Rusiyanın qucağına atılmaq, sağa-sola vurnuxmaq üçün yol qalmayıb. İndi ortaya konkret mövqe qoymaq lazımdır, ya da neytrallığını təmin etmək üçün ciddi resurslara malik olmalısan. Ermənistanın bu resursları yoxdur. Birtərəfli mövqe sərgiləməsi isə bu ölkəni digər tərəfin hədəfinə çevirəcək. Yəni «divar qurtarır»».

İstisna deyil ki, yuxarıda qeyd etdiyimiz kimi, erməni naziri təcili şəkildə Qarabağa gətirən səbəblərdən biri işğalçı ordunun son itkiləridir. Qeyd edək ki, ötən həftə düşmən ordunun bir hərbçisi əsgərimizin sərrast atəşi ilə məhv edildi, yaralıların olduğu da deyilir. Sanksiya xəbərdarlığı ilə yanaşı, Qarabağda dağıdıcı müharibənin olacağı barədə ABŞ kəşfiyyatının xəbərdarlıqları düşmən ölkəni ciddi şəkildə narahat edib. Bu mənada şübhə yoxdur ki, V.Sərkisyan son durumu öyrənmək üçün Xankəndi şəhərinə gəlib. Ermənistanın ordu rəhbərliyinin Rusiyaya səfərini başa vurandan dərhal sonra Sərkisyanın Qarabağda görünməyi, hər halda, sıradan bir hadisə deyil. Əcnəbi ekspertlər də durumun mürəkkəbliyini təsdiqləyir. Xüsusilə də prezident seçkilərindən sonra savaşın başlaya biləcəyi xəbərdarlıqları Azərbaycanda nə qədər böyük ruh yüksəkliyi yaradıbsa, erməni tərəfində təşvişə səbəb olub.

«Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanması imkanı 20 il bundan əvvələ nisbətən indi daha məhduddur. Manevrlər üçün məkan daralır və burada ən kəskin, ən ağrılı məsələ budur ki, ermənilər təkcə Dağlıq Qarabağın özünü nəzarətdə saxlamırlar». Virtualaz.org xəbər verir ki, bu fikirlə AzadlıqRadiosunun «Exo Kavkaza» proqramına müsahibəsində Qarabağ üzrə nüfuzlu britaniyalı ekspert, Karnegi fondunun elmi əməkdaşı Tomas de Vall çıxış edib. «Münaqişənin alovlanması riski yüksək olaraq qalır və mənim fikrimcə, indi bu məsələyə daha çox diqqət ayırmaq, daha çox səy göstərmək daha yaxşı olardı, nəinki nə vaxtsa birdən münaqişə alovlanandan sonra» - Tomas de Vall əlavə edib.

Hər halda, davamlı müharibə xəbərdarlıqları, həmsədrlərin bölgəyə həmişəkindən daha çox çəkən son səfərləri, üstəlik, onların Dağlıq Qarabağ ətrafındakı rayonları da dolaşması, ardınca düşmənin hərbi təlimlərə başlaması və atəşkəsi pozan işğalçıya sərrast atəşlə cavab verilməsi təsadüfi ardıcıllıq olmaya da bilər. Ermənistandakı seçkilərə sayılı günlər qaldığı vaxtda gərginliyi tətikləyib, seçkiqabağı Azərbaycana zərbə vurmaq planını hətta Serj Sərkisyan da həyata keçirməyə çalışa bilər, sözsüz ki, ordumuz daim ayıq-sayıqdır. Amma istənilən halda budəfəki müharibə dağıdıcı olacaq və düşmən üçün fəlakətli sonluqla bitəcək, buna heç kimin şübhəsi yoxdur. 2016-cı ildə, başının dinc vaxtında aprel döyüşlərinə yalnız dörd gün sonra reaksiya verən Rusiya indiki durumunda çiynində yükdən başqa bir şey olmayan forpostunun hayına, ümumiyyətlə,  yetişməyə bilər...