vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
BÖHRAN  
22:40 | 2 mart 2018 | Cümə Məqaləyə 2113 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Suriya «dejavü»sü

Hələbin acı taleyini yaşayan Şərqi Quta

Bəxtiyar UMARLI

MÖVZU İLƏ ƏLAQƏLİ

«Şərqi Qutanın azad edilməsi uğrunda «mübarizə» demək olar hər cəhətdən Hələb şəhəri üçün «səfərbərliyi» xatırladır. Belə ki, şəhər «terrorçular»dan azad edildikdən sonra Qərb mediasının və NATO ölkələrinin münaqişə nöqtəsinə olan marağı itəcək.

Şərqi Quta şəhərin məhv edilməsindən tutmuş mediada işıqlandırılmasına qədər bir çox cəhətdən Hələb şəhərinin acı taleyini yaşayır...»

Rusiyalı yazarın fikrincə, Qərb mediasının Şərqi Qutada baş verənləri şişirdilmiş formada işıqlandırmaq və «saxta xəbərlər» yaymaqda məqsədi Bəşər Əsədi və Rusiyanı gözdən salmaqdır.

Şərqi Qutada nə baş verir?

Şam şəhərinin şərqində yerləşən, 104 kvadrat kilometrlik Şərqi Qutda 2012-ci ildə məskunlaşan müxalif qüvvələrlə hökumət qüvvələri arasında vətəndaş müharibəsi baş verir. Müharibəyə görə ən çox əziyyət çəkənlər isə hər zamankı kimi uşaqlar və qadınlardır.

İslam Ordusu (Ceyş-ül İslam) Şərqi Qutadakı ən güclü qruplaşmadır. 2011-ci ildə Zehran Alluş tərəfindən, Səudiyyə Ərəbistanının dəstəyi ilə qurulub. Şərqi Qutadakı ikinci ən böyük qruplaşma 2013-cü ildə yaradılan Feylak ər-Rəhmandır. Feylak ər-Rəhman qruplaşmasının Şərqi Qutanın üçdə birini idarə etdiyi deyilir. Digər qruplaşmalar isə «Heyat Tahrir əş-Şam» (keçmiş «Cəbhat Ən-Nusra») və «Əhrar-əş Şam»dır.

Bu qruplaşmalar Douma, Ayn Tarma, Saqba, Ən-Naşabiya və Harasta kimi bölgələrdə məskunlaşaraq hökümət qüvvələrinə qarşı vuruşurlar. «Terrorçular» üçün əsas məntəqə hesab edilən Cobardan Şamdakı Rusiya səfirliyinə atəş açılır. Onlar hökumət qüvvələri ilə mübarizə aparmaq üçün minalardan, raketlərdən və başqa iriçaplı silahlardan istifadə edirlər.

Suriya hökuməti Qutada məskunlaşan «ən-Nüsrə», «Ceyş-əl İslam», «Faylaq ər-Rəhman» kimi qruplaşmalarla mübarizə apardığını, onların isə mülki vətəndaşları qalxan kimi istifadə etdiyini söyləyir.

Şərqi Qutanın əhalisi təxminən 400 min nəfərdir. Müxaliflər uşaqları hökumət qüvvələrindən qoruyurlar, hökumət qüvvələri də müxaliflərdən... İkisi də «qoruyur», amma ölənlər uşaqlardır...

Anadolu Agentliyinin çəkdiyi şəkillərdə uşaqlar qabırğaları sayacaq haldadırlar. BBC-nin hazırladığı reportajda uşaqlar jurnalistlərdən kömək istəyirlər. Hətta reportajın birində oğlunu xəstəxanaya gətirən qadın ağlayaraq Allaha oğlunu öldürməsi üçün yalvardığını söyləyib.

«Allahım, sən oğlumu al yanına, ən azından cənnətdə ac qalmayacaq».

Türkiyə və Qərb mediasının verdiyi məlumata görə, Şərqi Qutada son üç ay ərzində 700, bir həftə ərzində isə 200 mülki vətəndaş ölüb. Son 3 ay ərzində 185 uşaq, 109 qadın qətl edilib.

Rusiya mətbuatı isə yazır ki, müxalif qruplaşmaların hücumları nəticəsində 4 nəfər ölüb, 50 nəfər yaralanıb. Yaralananlardan 16-sı uşaqdır.

Şərqi Qutada kimyəvi silahdan istifadə edildiyi iddia olunur. Bu barədə video və fotoşəkillər yayılsa da, kimyəvi silahdan istifadə edilməsi barədə məlumat təsdiqini tapmayıb.

Suriya dəfələrlə mülki əhaliyə qarşı kimyəvi silahlardan istifadə etməkdə günahlandırılsa da, Şam bunu həmişə təkzib edib. Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) tərəfindən də bu silahların məhv edildiyi təsdiqlənib.

Dəməşq ətrafındakı Şərqi Qutanın Suriya ordusu tərəfindən bombalanması və çoxlu sayda qadın və uşağın ölümü dünya ictimaiyyətində ciddi narahatlıq yaradıb. BMT Təhlükəsizlik Şurası fevralın 24-də Suriyada 30 günlük atəşkəs rejiminin tətbiqi və ölkə ərazisində humanitar əməliyyatların aparılmasına dair qətnamə qəbul edib.

Daha sonra Rusiya Müdafiə Nazirliyi Suriyanın Şərqi Quta vilayətində atəşkəsin pozulması barədə məlumat yayıb. Məlumatda Şərqi Qutada fəaliyyət göstərən «Ceyş əl İslam» qruplaşmasının atəşkəsi pozduğu qeyd olunub. Bildirilib ki, atəşkəsin pozulması nəticəsində 13 mülki vətəndaş yaralanıb.

«Sübutlar göstərir ki, Şərqi Qutadakı qanunsuz silahlı qruplaşmalar hökumət qüvvələrini mülki vətəndaşlara qarşı kimyəvi silahların istifadəsində günahlandırmaq üçün zəhərli maddələrdən istifadə edərək təxribat hazırlayırlar», - nazirliyin bəyanatında qeyd olunub.

Jurnalist Aron Lundun yazdığına görə, mülki vətəndaşların Şərqi Qutanı tərk etməsi ümumilikdə mümkünsüz olsa da, istisnalar mövcuddur. Aralarında jurnalistlərin də olduğu bəzi Şərqi Quta sakinlərinin bölgədən çıxmasına icazə verilir. Onlar buranı tərk etmək üçün minalanmış və snayperlər tərəfindən xüsusi nəzarət edilən Vafidin keçid məntəqəsindən istifadə edirlər.

Bir müddət əvvəl BMT şəhərdəki 500-dən çox yaralı və xəstələrin oradan çıxarılmasını təklif edib, hökumət isə buna icazə verməyib.

«Şərqi Quta müxalif qruplaşmalardan azad edilsə, Hələbdə olduğu kimi, burda da qərb mediasının və NATO ölkələrinin marağı itəcək. Hətta, buraya yardım belə göndərilməyəcək», - Andrey Kot yazıb.

O, bildirib ki, digər ölkələr bu məsələdən öz mənafeləri üçün istifadə edirlər.

Rusiya xarici işlər naziri Sergey Lavrov Cenevrədə keçirilən BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyasında çıxışı zamanı terrorçuları yaxşı və ya pis olmaqla iki hissəyə bölməyin qəbuledilməz olduğunu söyləyib.

O, bildirib ki, Şuranın bəzi üzvləri söz azadlığını müdafiə etmək bəhanəsi ilə beynəlxalq terrorizmi qınamağa hazır deyil.

«Şuranın bəzi üzvləri söz azadlığını müdafiə etmək bəhanəsi ilə beynəlxalq terrorizmi qınamağa hazır deyillər. Terrorçuları, xüsusilə də məqsədlərinə və maliyyə mənbələrinə əsasən yaxşı və ya pis olmaqla iki hissəyə bölmək qəbuledilməzdir».

Həmçinin Lavrov bildirib ki, terrorçularla mübarizə aparmaqda Rusiya Suriyanı dəstəkləyir.

Türkiyə isə Şərqi Quta məsələsinə qarışmır, sadəcə «Zeytun budağı» əməliyyatı ilə Suriya ilə sərhədindəki terrorçuları zərərsizləşdirir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı Türkiyədə yaşayan suriyalıların Afrində, terrorçulardan azad edilən bölgələrdə məskunlaşacağını söyləyib.

«Suriyanın kimyəvi silahlarının saxlanıdığı bazanı vuracağıq. Bu gün kimyəvi silahdan istifadə edilməsi ilə bağlı sübut yoxdur. Amma buna dair sübut tapılsa, mən bunu edəcəm», - Fransa prezidenti Emmanuel Makron Yelisey sarayında çıxışı zamanı deyib.