vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
11:56 | 3 may 2018 | Cümə axşamı Məqaləyə 1725 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İran müharibəyə gedəcəkmi...

Elxan Şahinoğlu: “İsrailin hədələri rejimi daxildən çökdürməyə yönəlib”

MÖVZU İLƏ ƏLAQƏLİ

İran ətrafında cərəyan edən proseslər getdikcə təhlükəli həddə çatmaqdadır. İsrailin baş naziri Benyamin Netanyahunun “şok” ad verdiyi sənədləri açıqlaması bu ölkənin rəsmi Tehranla gərginliyini daha da artırıb. Təl-Əvivdəki “Kiriya” iqamətgahında müraciət edən Netanyahu bildirib ki, “Mossad” İranın nüvə arxivini bütünlüklə ələ keçirib.

Netanyahu iddia edib ki, Tehran nüvə silahı proqramından imtina etməyib, nüvə fəaliyyəti ilə bağlı beynəlxalq ictimaiyyəti aldadıb. Onun müraciətindən dərhal sonra İsraildə İranın bu ölkəyə hücum edəcəyi ilə bağlı şayiə yayılmağa başlayıb. Ancaq şayiə özünü doğrultmayıb, daha çox provokasiyaya bənzəyib. Çünki elə həmin gün İsrail Suriyada İran bazalarını bombalayıb. İlkin məlumata görə, İran bazasının vurulması nəticəsində 18 iranlı hərbçi öldürülüb.

İranın ali dini lideri isə baş vermiş hadisəyə görə cavab veriləcəyini bəyan edib.

Görünən odur ki, cənub qonşumuzun üzərinə xarici güclərdən gələn təzyiqlər olduqca təhlükəlidir.

İran ətrafında gedən proseslər bizi də narahat etməyə bilməz. Azərbaycanın burada necə bir mövqe tutmalı olduğu barədə fikirlər fərqlidir. Doğrudur, indiyə qədər bu tipli proseslər baş verib və rəsmi Bakı birmənalı mövqe sərgiləyib; daha çox balanslı siyasətə üstünlük verib, öz ölkəsinin daxilindən ikinci bir ölkəyə zərbə endirilməyəcəyini qəti şəkildə bəyan edib. Məhz bu siyasətinə görə Azərbaycan daim Qərb və digər dairələrdən gələn təzyiqlərlə üzləşib. Azərbaycan prezidentinin köməkçisi, PA İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ötən həftə Avropa Şurasının Azərbaycana qarşı fəaliyyəti ilə bağlı yazdığı geniş məqalədə bu məsələlərə toxunub.

Sitat: “Azərbaycan Qərbin qonşu dövlətlərlə bağlı apardığı kampaniyaların, sanksiyaların heç birinə qoşulmur, öz ərazisindən bu və ya digər ölkəyə qarşı platsdarm kimi istifadə edilməsinə imkan vermir. Azərbaycan 1990-cı illərin “demokratiya dalğası”nı onun vasitəsilə cənuba və Mərkəzi Asiyaya ixrac təşəbbüslərinə də isti yanaşmamışdı, bu gün də Böyük Yaxın Şərq, yeni “şiə hilalı” kimi proyektlərdə də yer almır, dost Rusiya, İran və Türkiyə xalqları əleyhinə heç bir sazişdə iştirak etmir. Hərçənd, bununla bağlı yetərincə təşviq, təhrik və təzyiqlər olub və davam edir”...

İran ətrafında yaranmış durumu Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu şərh edib. O, başlama ehtimalı yüksək görünən müharibənin Azərbaycanın maraqlarına cavab vermədiyini bildirdi: “İsrailin İrana qarşı əsas iddiası da odur ki, əlindəki kəşfiyyat məlumatları İranın nüvə çalışmalarının heç də sülh məqsədli olmadığını, beynəlxalq aləmin gözündən uzaq ”işlərlə" məşğul olduğunu göstərir. Bu iddialara Amerika inanır, Avropa qitəsi və digər ölkələr isə o qədər də inanmırlar və bu səbəbsiz deyil. Çünki İsrailin İranı hədəf aldığını hamı bilir və Tel-Əviv heç zaman Tehrana inanmayıb. Fransa və Almaniya İranla müharibə istəmirlər. Buna baxmayaraq, həm Paris, həm də Berlin İsrailin baş naziri Benyamin Netanyahunun İranla bağlı açıqladığı faktlara da reaksiya vermək məcburiyyətindədir. Fikrimcə, İsrail İranı qorxutmaqla bu dövləti nüvə çalışmalarından çəkindirməyə çalışır. Məsələn, ABŞ prezidenti Şimali Koreya liderini hədələdi, daha sonra Pxenyan bu hədələrə tab gətirə bilmədi və nüvə sınaqlarına ara vermək məcburiyyətində qaldı. Hətta iş o yerə çatdı ki, Şimali Koreya lideri onilliklərdən sonra Cənubi Koreyanı ziyarət etdi, indi isə əsas düşməni ABŞ prezidenti ilə görüşə hazırlaşır. İsrail də eyni hədə taktikasından istifadə etməyə çalışır. Bu hədələrin qarşısında İranın necə qərar verəcəyini söyləmək çətindir. Məncə, İsrailin hədələri İranı daxildən çökdürməyə yönəlib. Yəni İsrail İranı hədələməklə bu ölkədə yaşayan əhalini rejimə qarşı fəallaşmağa sövq edir. Çünki İran hədələnirsə, bu ölkədə iqtisadiyyatda təlatümlər yaşana bilər. Elə İsrailə bu lazımdır.

Ancaq İsraildə onu da anlamalıdırlar ki, İran Suriya deyil və bu ölkədəki təlatümlərin nəticəsi Avrasiya bölgəsini silkələyə bilər ki, bunun bir ucu da Livan və Suriya üzərindən İsrailə toxunacaq. İsrail İranı hədəf alarkən ancaq özünün təhlükəsizliyini düşünür, İrana zərbə nəticəsində bunun bölgəyə hansı fəlakətlər gətirəcəyini əsla diqqətə almır. Bu, bölgə üçün həm hərbi, həm iqtisadi, həm də humanitar fəlakətə yol açacaq. Gözümüzün qarşısında İraq, Liviya və Suriya nümunəsi var. Müharibənin başlaması ehtimalı Azərbaycanın da maraqlarına əsla cavab vermir. İran Azərbaycanın qonşusu və iqtisadi layihələrdə tərəfdaşıdır. Azərbaycanın İsraillə də bəlli əlaqələri var, neft satıb silah alırıq. Ona görə də tərəfdaşlarımız arasındakı gərginliyin Azərbaycana mümkün təsirləri ola bilər. 2000-ci illərin ortalarını xatırlayın, İran nüvə çalışmalarını davam etdirərkən İsrail və Amerika bu dövləti raket zərbələri ilə hədələyirdi. İrandakı bəzi dairələr də bizi hədələyirdilər ki, bəs “Siz Amerikanın və İsrailin tərəfdaşısınız, ona görə də düşmənlərimiz sizin torpaqlardan istifadə edəcəklər”. Nə qədər and-aman etsək də ki, Azərbaycanın hansısa dövlətlə münasibəti üçüncü dövlətə qarşı yönəlməyib, inanmadılar. Vəziyyəti qəlizləşdirən İsrailin bəzi nəşrlərinin İrana mümkün zərbədə Azərbaycanın hava məkanından istifadə etməsini yazmaları idi. Sanki qəsdən Azərbaycan-İran münasibətlərini daha bir az gərginləşdirirdilər. Nəhayət, İranla böyük dövlətlər razılığa gəldilər və Tehrandakı mərkəzlər bizdən əl çəkdilər. İndi yenə vəziyyət əvvəlki duruma gələ bilər".

Cavanşir ABBASLI