vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
11:59 | 3 may 2018 | Cümə axşamı Məqaləyə 1708 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-ın “ögey-doğma işğalçı” siyasəti

Dövlət katibinin köməkçisi Gürcüstandan bəhs edərkən Azərbaycanı “unutdu”; ikili standart göz deşir

Analitik xidməti

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu günlər Ermənistanda yaşanan məlum hadisələr fonunda ABŞ-dan Qarabağ məsələsinə də dəxli olan maraqlı açıqlama gəlib. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçell Tiflisdəki NATO-Gürcüstan xalq diplomatiyası forumunda bəyan edib ki, “Rusiya öz hərbi kontingentini Gürcüstan ərazisindən çıxarmalıdır”. Mitçell ardınca öz ölkəsinin Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha bəyan edib.

Xatırladaq ki, az öncə - ötən ay ABŞ-ın ATƏT-dəki missiyası analoji bəyanat yaymış və Rusiyanı işğalçı adlandırmışdı. Bundan əlavə, postsovet ölkələri arasında Gürcüstan Ukraynadan sonra ABŞ-dan ən çox maliyyə-humanitar yardımı alan ölkədir: 2018-ci il üçün onun həcmi təxminən 500 milyon dollar nəzərdə tutulur.

Gürcüstan və Ukrayna üstəlik, Birləşmiş Ştatların NATO-dan kənar hərbi müttəfiqləri elan edilib. Həmçinin bu il ABŞ Senatının təsdiqlədiyi maliyyə sənədində xüsusi vurğulanır ki, Gürcüstanın işğal altındakı Abxaziya və Cənubi Osetiya regionlarında iş görən, ora maliyyə yatıran bütün şirkət və qurumlar avtomatik şəkildə Amerikanın sanksiyaları altına düşəcək.

 

***

 

Bunları xatırlatmaqda məqsəd postsovet məkanındakı işğal faktlarına və separatçılığa dünyanın 1 nömrəli dövlətinin ikili standart yanaşmasını diqqətə gətirməkdir. Çünki Azərbaycanın da ərazisinin bir qismi öz qonşusu Ermənistan tərəfindən işğal edilib. 1 milyondan çox insanımız öz tarixi yurd yerindən qovulub, ərazilərimizdə etnik təmizləmə, hətta soyqırımı (Xocalı) həyata keçirilib.

Amma Vaşinqtondan bir dəfə də olsun, bu işğalı və erməni separatizmini pisləyən, Ermənistanı işğalçı adlandıran, “Ermənistan Azərbaycan ərazisindən hərb kontingentini çıxarmalıdır” kimi bəyanat eşitməmişik. Halbuki, Mitçelin tədbirə qatıldığı Tiflis təcavüzkar Ermənistanın cəmi 100 km-liyində yerləşir.

Bəyanatlar bir yana qalsın, üstəgəl, biz Azərbaycana qarşı hələ də aradan qaldırılmayan bədnam “907-ci düzəlilş”in, Azərbaycan türməsinin darıxdığı erməni separatçı-quldurlara ABŞ-a vaxtaşırı səfərləri üçün vizalar verilməsinin (özü də məlumatlara görə, qondarma rejimin saxta sənədləri əsasında), bəzi amerikalı konqresmenlərin cəzasız şəkildə Qarabağa qanunsuz səfərlər etməsinin şahidi olmuşuq. Habelə separatçı bölgəyə və işğalçı Ermənistana hər il ABŞ-ın maliyyə yardımları ayrılıb. Ötən həftə isə Ermənistandakı məlum hadisələrlə bağlı ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda işğalçı “dost və qardaş ölkə” adlandırılırdı...

 

***

 

Görəsən, bu, o anlama gəlmirmi ki, günün birində Azərbaycan beynəlxalq hüquqa, Qarabağla bağlı BMT TŞ-nin qətnamələrinə söykənərək öz ərazilərin güc yolu ilə azad eləməyə başlasa, ABŞ-ın simpatiyası “dost-qardaş”, “doğma” Ermənistana olacaq? Yəni Amerika Gürcüstan kimi işğala məruz qalan Azərbaycanın yanında yer alacaq, yoxsa işğalçının?

Bu sualın cavabı bizim üçün Rusiyanın mövqeyi qədər vacibdir və onu özümüz üçün dəqiqləşdrməmiş hərəkətə keçmək yəqin ki, riskli olar.

Sözsüz ki, özünün əlverişli coğrafi mövqeyi, təbii resursları və balanslı xarici siyasəti ilə Azərbaycan ABŞ üçün qat-qat önəmli ölkə, mühüm strateji tərəfdaşdır, nəinki Ermənistan. Avropanın Rusiyadan energetik asılılığının azalmasında ölkəmizə mühüm dəyər verilir. Bundan əlavə, Əfqanıstandakı ABŞ sülhməramlı hərbi kontingenti üçün yük daşınmalarında Azərbaycan vacib tranzit ölkə, Vaşinqtonun daima hədəfində olan İranın qapı qonşusudur. Azərbaycan eyni zamanda vassal Ermənistandan fərqli olaraq, Rusiyanın siyasi-hərbi təsir zonasından maksimum uzaq duran, ərazisində rus hərbi bazası saxlamayan ölkədir.                     

 

***

 

Bütün hallarda sağlam məntiq diktə edir ki, Moskva kimi rəsmi Vaşinqtonun da ən azından, neytrallığına əmin olmadan Bakı Qarabağla bağlı güc yoluna əl atmağa tələsməməlidir. Paralel surətdə ABŞ-Azərbaycan münasibətlərinin daha proqnoza yatımlı və isti olması, ölkənin demokratik imicinin möhkəmlənməsi üçün əlavə addımlar atmalıdır. Bura təməl insan haqları, siyasi məhbus adlandırılanlarla bağlı vaxtaşırı məkrli dairələr tərıfindən qabardılan məsələlər də daxildir. Necə deyərlər, Azərbaycan müharibəyə siyasi məhbuslarla gedə bilməz.   

Belə addımlar xüsusən də Ermənistanda guya demokratik hərəkatın, “məxməri” inqilabın baş verməsi fonunda Amerikanın işğalçı ölkəyə artan rəğbətindən dolayı ikiqat vacib görünür. Bu mənada işğalçı ölkədə daxili ictimai-siyasi proseslərin dinc, demokratik məcradan çıxaraq qanlı ssenari üzrə inkişaf eləməsi, iğtişaşların yaşanması, yekun etibarilə hərəkatın Qərbin, ABŞ-ın gözündən düşməsi Azərbaycanın maraqlarına tamamilə cavab verir - öncəliklə də işğal altındakı ərazilərimizi silah gücünə azad eləmək üçün daha əlverişli fürsətin yaranması baxımından...

Bu xüsusda erməni politoloq Ovannes İgityanın aşağıdakı fikri ibrətamizdir. Sitat: “Çox təəssüf ki, Ermənistan bu prosesin (etiraz hərəkatının - red.) ədalətli həll ehtimalının olduğunu bütün dünyaya göstərmək şansını itirdi. Həmin 58 millət vəkili (mayın 1-də baş nazir seçkisini əngəlləmiş hakim partiya deputatları - red.) beynəlxalq aləmdə erməni xalqının çətin vəziyyətdə məntiqli qərar qəbul edə bilmədiyi təəssüratını yaradaraq Ermənistanı rüsvay etdilər”.

İşğalçı ölkənin rüsvayçı durumu isə əlbəttə ki, Azərbaycanın, Qarabağın nəfinədir...