vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
15:05 | 27 yanvar 2019 | Bazar Məqaləyə 1617 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sülhə hazırlıq –

… Ermənistan hazırdırmı?

MÖVZU İLƏ ƏLAQƏLİ

Son günlər kütləvi informasiya vasitələrində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə apardıqları müzakirələrin nəticələri ilə bağlı təhlillərin sayı artıb. Siyasətçilər, beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər və analitiklər bununla bağlı tezislər irəli sürürlər. Onları daha çox nazirlərin cəmiyyətlərin sülhə hazırlanmasından bəhs etməsi maraqlandırır. Bunu Azərbaycan XİN verdiyi açıqlamada da qeyd edib. Ancaq Ermənistan mətbuatında həmin mövzu ilə bağlı dərc edilən məlumatların qısa təhlili göstərir ki, burada hər şey göründüyü kimi deyil. Faktiki olaraq erməni tərəfi real vəziyyəti təhrif edən fikirlər ifadə edir. Onlar “sülhə hazırlıq” məsələsini özlərinin təsəvvür etdikləri kimi təqdim etməyə çalışırlar. Məsələnin bu aspekti üzərində bir qədər geniş dayanmağa ehtiyac görürük.


Münaqişədən barışa: ədalət və reallıq naminə

 

Hər bir müharibənin sonu sülhdür. Münaqişələr də barışla nəticələnməlidir. Artıq onillərdir ki, ermənilərə bu adi həqiqəti başa sala bilmirlər. Onlar havadarlarının müharibə meydanında əldə etdiyi müvəqqəti üstünlüyü özlərinin “əbədi qələbəsi” kimi təsəvvür etmək mərəzindən xilas ola bilməyiblər. Utanmadan Aprel döyüşlərində erməni ordusunun və xalqının “qəhrəmanlığı”ndan bəhs edirlər. V.Putini görəndə “dillərini udan” (A.Lukaşenkonun deyimi) erməni liderlər suverenlikdən, müstəqil ordudan və ya xarici siyasətdən dəm vururlar. Bu hal Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yanvarın 16-da Parisdə olan görüşündən sonra bir az da şiddətlənib. Maraqlıdır, səbəb nədir?

Ermənistan mediasının analizi göstərir ki, səbəb münaqişənin həlli istiqamətində hansısa ümidverici əlamətin görünməyə başlamasıdır. Təbii ki, hələ konkret həldən və ya ciddi addımdan söhbət gedə bilməz. Ancaq Azərbaycan XİN-in məsələ ilə bağlı yaydığı informasiyada da göstərildiyi kimi, danışıqlar pozitiv istiqamətdə gedib və müəyyən problemlərin həlli ilə bağlı danışıqların davam etdirilməsi qərara alınıb. Azərbaycan XİN-in yaydığı açıqlamada deyilir: “...tərəflər arasında 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı və çox müsbət fikir mübadiləsinin aparıldığı bildirilir. Ardıcıl və nəticəyə yönəlik danışıqların qarşıdan gələn ay davam etdirilməsi razılaşdırılıb. Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər”.

Ermənistan XİN də oxşar açıqlama yayıb. Lakin bu ümumi fikirlərə münasibətdə erməni mediasında bir isterika özünü göstərməkdədir. Öncə onu deyək ki, BMT-nin baş katibi müzakirənin nəticələrini müsbət qiymətləndirib. Avropa İttifaqı konkret nəticələrin alınmasını “səbirsizliklə gözlədiyini” bəyan edib.

Yeri gəlmişkən, müzakirələr ATƏT-in Minsk Qrupu formatı çərçivəsində aparılıb və təbiidir ki, onlar da nəticələrə öz münasibətlərini bildiriblər. Həmsədrlər danışıqların müsbət ruhunu vurğulayır, regional əməkdaşlığın potensialının artırılması zərurəti baxımından bunu ümidverici addım kimi qiymətləndirir.

Belə təəssürat yaranmasın ki, biz münaqişənin həlli üçün təcavüzkar tərəfin hansısa konkret addım atmağa hazır olduğundan bəhs edirik. Qətiyyən elə deyil, burada başqa incəliyə diqqət yönəltmək istərdik. Məsələ ondan ibarətdir ki, insanlar hələ münaqişənin həll oluna bilmə imkanlarından danışır, ermənilər isə artıq təlaşa düşürlər. Onlar ifadə edilən hər bir fikrə belə yanaşırlar: “Ermənistan işğal etdiyi torpaqlardan çıxmamalıdır. Azərbaycan müharibənin sonucunu reallıq kimi qəbul etməli və oyuncaq “dqr”-i tanımalıdır. Erməni tərəfinin hansısa işğal rayonundan çıxması Ermənistanın məğlubiyyəti, erməni xalqının biabır olmasıdır” (bax: məs., Сергей Шакарянц. Армения-Азербайджан. Что такое “подготовка населения к миру”? / “Regnum”, 22 yanvar 2019).

Bir başqaları xalqların sülhə hazırlanması məsələsinə qlobal güclərin münasibətləri kontekstində baxmağı tövsiyə edir. Burada da Rusiya və İran dünyanın digər güclərinə qarşı qoyulur (münaqişə məsələsində). Yazırlar ki, Rusiya və İran Dağlıq Qarabağda status-kvonun dəyişməməsinə, digərləri isə dəyişməsinə çalışırlar (bax: Акоп Бадалян. Кто пытается изменить статус-кво в Арцахе: заблуждение или искажение / "Lragir", 18 yanvar 2019).

 

Birtərəfli yanaşma: təcavüzkarın köhnə xisləti

 

Bu cür primitiv analiz və qərəzli qiymətləndirmə onu göstərir ki, Ermənistanda siyasi dairələr və ekspertlər münaqişənin ədalətli həllinə qətiyyən hazır deyillər. Onlar erməni xalqının adından istifadə edib manipulyasiyalarla məşğuldurlar. Sadə ermənilər öncədən hesab edirdilər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və bunun nəticələri çox pis olacaq. İndi həmin məqam gəlib çatıb. Ermənistan nə dövlət kimi özünü təsdiq edib, nə də vətəndaşlar normal həyat sürə bilirlər. Demoqrafik, iqtisadi, sosial, psixoloji problemlər baş alıb gedir. Ermənistan bütün regional əməkdaşlıq layihələrindən təcrid olunub. Heç üzvü olduğu Avrasiya İqtisadi İttifaqında belə hörməti yoxdur.

Ermənistan indiyə qədər heç bir səmərəli layihə təklif etməyib. Bundan sonra da öncəki mərhələlərdə apardığı siyasəti davam etdirərsə, hansısa müsbət məzmunu olan layihəni təklif etməsi gözlənilən deyil. Bəs onda xilas yolu nədən ibarətdir? Bunu Azərbaycan Prezidenti dəqiq və aydın ifadə edir. Təkrar-təkrar mesajlar verilir. Yəni Ermənistan işğal etdiyi ərazilərdən birmənalı olaraq çəkilməlidir. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bir qarış olsun belə Vətən torpağı yad işğalı altında qalmamalıdır. Öz yurdlarından didərgin salınmış azərbaycanlı qaçqınlar evlərinə dönməlidirlər. Yalnız bundan sonra Ermənistanın təcridi aradan qalxa bilər.

Bunları indi adi insanlar belə anlayırlar. Əgər Ermənistanın indiki rəhbərliyində də başa düşənlər varsa, buna ilk növbədə Ermənistan ictimaiyyəti sevinsin. Həmin aspektdə Parisdəki danışıqlarda da erməni tərəfi müəyyən dərəcədə konstruktiv mövqe tutmağa çalışıbsa, buna da ermənilər özləri sevinsinlər. Eyni zamanda, həmin hadisəyə erməni mətbuatının reaksiyası dünya birliyi və konkret olaraq həmsədrlər üçün növbəti dəfə bir işarədir.

Ermənistan siyasi dairələri açıq göstərirlər ki, münaqişənin həllində maraqlı deyillər. Onlar beynəlxalq ictimaiyyətdə yanlış təsəvvürlər yaratmaqda davam edirlər. Bir tərəfdən sülhə hazırlıqdan danışır, digər tərəfdən isə cəmiyyətdən buna böyük təpkinin olduğunu nümayiş etdirirlər. Çünki bu “sülh” anlayışını ermənilər adi insanların anladıqlarından fərqli təsəvvür edirlər. Onlar üçün sülh Azərbaycanın işğalla barışıb, öz ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına razı olmasından ibarətdir. Bundan kənarda erməni separatçı təfəkkürü üçün sülh yoxdur.

Belə olmasaydı, bir sıra erməni ekspertləri Azərbaycanın geniş muxtariyyət vermək haqqında mövqe bildirməsinə istehza ilə yanaşmazdılar. Onlar hesab edirlər ki, “dqr”-in müstəqil dövlət kimi tanınmasından başqa variant erməniləri qane etməməlidir. Deməli, əslində, beynəlxalq təşkilatlar, ictimaiyyət və konkret olaraq ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan siyasi, ekspert dairələrini və cəmiyyətdəki radikal kəsimi sülhə hazırlamalıdırlar. Onlara başa salmalıdırlar ki, əgər erməni silahlı qüvvələri işğal etdiyi əraziləri tərk etməsə, Ermənistan məhv olacaq.

Azərbaycan cəmiyyətini sülhə hazırlamağa isə ehtiyac yoxdur. Çünki biz daim sülh tərəfdarı olmuşuq, tolerant münasibət göstərmişik. Azərbaycanda kimsə başqa cəmiyyətlərə qarşı radikal münasibət göstərməyib və göstərmir. Əgər kimsə "sülhə hazırlıq" adı altında azərbaycanlıların ölkənin ərazi bütövlüyündən imtina etməsini nəzərdə tutursa, həyatının ən böyük səhvini edir. Bu, mümkün olan şey deyil, çünki həm ədalətsizlikdir, həm də müstəqilliyə xəyanətdir.

Azərbaycan başqasının torpaqlarında gözü olmayan dövlət və cəmiyyətdir. Belə bir toplumun özü başqalarına sülhdən dərs verə bilər. Lakin səbrin də bir həddi-hüdudu var. Təcavüzkar işğal etdiyi ərazilərdən çıxmasa, ermənilər sülhə məcbur ediləcəklər. Bu da hər kəsə aydındır!