vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
11:19 | 5 fevral 2019 | Çərşənbə axşamı Məqaləyə 1361 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gürcüstanda rus oyunları...

Bu yanaşma davam edərsə, ...

Nicat İSMAYILOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Gürcüstan Azərbaycanın əsas strateji müttəfiqlərindən biri olmaqla birlikdə regional iqtisadi layihələrdə əsas tərəfdaş ölkədir. Gürcüstan xüsusən Azərbaycan üçün Qara dənizə və Avropaya açılan qapıdır. Bütün bunlarla birlikdə yerləşdiyi region üzrə geostrateji cəhətdən ən önəmli Cənubi Qafqaz dövlətidir. Azərbaycanla həm tarixi, həm də siyasi-iqtisadi bağlara sahib bu ölkə artıq uzun illərdir ki, məxfi xidmət nəhənglərinin mübarizə məkanına çevrilmişdir.

Xüsusən 2008-ci ildə Rusiyanın hərbi müdaxiləsindən sonra Gürcüstan addım-addım NATO-ya yönəlməyə başladı. Ancaq görünən odur ki, hələ də Rusiya bu Cənubi Qafqaz ölkəsindən əl çəkməyib.

Gələk əsas məsələyə. Gürcüstan hökumətinin iki həftə ərzində atdığı addımlar ölkə daxilində azərbaycanlı vətəndaşların ciddi narazılığına səbəb oldu. Erməni terrorçu, separatçı, Qarabağ münaqişəsində onlarla günahsız azərbaycanlını qətlə yetirmiş Avakyana Axalkalakidə abidə ucaldılır. O Gürcüstan ki, orada 400 mindən çox azərbaycanlı yaşayır və enerji təchizatı cəhətdən birbaşa olaraq Azərbaycandan asılı vəziyyətdədir. O Azərbaycan ki, Rusiyaya rəğmən 2003-cü və 2008-ci illərdə Gürcüstana maddi yardımlar etmiş, minlərlə kub metr qazı heç bir maddi əvəz ummadan Gürcüstana güzəşt etmişdi. O zaman sual yaranır: nə üçün Gürcüstanda son günlər ardıcıl olaraq Azərbaycanı narahat edəcək addımlar atırlar?

Bu suala başqa bir sualla cavab vermək olar. Doğurdanmı bu addımları Gürcüstan dövləti atır?

Axalkalikdəki hadisəylə bağlı açıqlama verən Gürcüstan rəsmiləri belə bir addımdan xəbərləri olmadığını və bunun kimlərə və yaxud hansısa bir dövlətə qarşı atılmadığını bildirdilər. Əlbəttə, bu bəyanat inandırıcı deyil. Gürcüstanda nə az, nə çox - düz 4 min Milli Təhlükəsizlik Nazirliyi əməkdaşı fəaliyyət göstərir. Necə olur ki, onların və bütünlükdə Gürcüstan kəşfiyyatının Axalkalakidə yerli bələdiyyə sədrinin və erməni səfirinin iştirakıyla açılan abidədən xəbəri olmur?...

Məsələnin özü tam başqadır. Avakyanın abidəsinin pulu Rusiyada yaşayan bir biznesmen tərəfindən ödənilib. Çox maraqlıdır ki, abidənin ucaldılmasının səhəri günü Rusiyada yaşayan Gürcüstan azərbaycanlısı Söyün Sadıxov Gürcüstanda yaşayan azərbaycanlılara müraciət edir ki, dərhal Gürcüstan hökumətinə qarşı aksiyalara başlamaq lazımdır, çünki Gürcüstan hökuməti azərbaycanlıları qətl edən bir terrorçuya heykəl ucaldır. Bu fikrin abidənin ucaldılmasının səhəri günü deyilməsi və müəllifinin reputasiyası bu proseslərdə Rusiya əlinin olmasını sübut edən əsas amillərdən biri hesab edilə bilər.

Həqiqətən də ssenari çox gözəl qurulub. Ancaq məlum olmayan tərəf ondan ibarətdir ki, Gürcüstan hökuməti bu ssenarinin harasındadır? Ümumiyyətlə, İvanişvili hökumətinin yürütdüyü daxili və xarici siyasət bizə onu deməyə əsas verir ki, bu iqtidar Rusiyayla hələ ki barışmaq istəmir, ancaq bu barışmamanın səbəbi heç də siyasi problemlər deyil. 2008 hadisələrindən sonra gürcü xalqının daxilində ruslara qarşı nifrət hissi oyandığı bəlli məsələdir. Aydındır ki, ruslarla gürcülər hələ uzun illər bir araya gələ bilməyəcəklər. İvanişvili hökuməti də məhz bu amildən çəkinərək, Rusiyayla uzlaşmaq istəmir. Halbuki, “Gürcü arzusu” Rusiyadan gələn kapital hesabına ayaqda qalıb. Növbəti parlament seçkilərində İvanişvili yenidən qalib çıxarsa və Gürcüstanın NATO-ya inteqrasiyası yubanarsa, biz Gürcüstanın Rusiyayla bütün məsələlərdə uzlaşıb regional əməkdaşlığa başlayacağını görə bilərik.

Ən həssas məsələ isə Gürcüstanda yaşayan azərbaycanlılardır. Bir tərəfdən ölkədəki rejim onları sıxır, onların istər işlə təmin edilməsinə, istərsə də sosial vəziyyətlərinin yaxşılaşdırılmasına biganə yanaşır. Digər tərəfdənsə hökumətin dəstəyilə seçilən prezident Zurabişvilinin seçkidən əvvəl və sonra “anti-azərbaycanlı” propaqandasına qoşulması...

Zurabişvilinin seçkiqabağı kompaniyasında qeyd etdiyi bir cümləni xatırlayaq: “Azərbaycanlılara Saakaşvili dövründə böyük imtiyazlar verilib və ermənilərin haqları tapdalanıb. Biz bu problemi həll edəcəyik”.

Düzünü desək, bu yanaşma davam edərsə, Gürcüstanda daha böyük siyasi problemlər yaşanacaq. Orada yaşayan azərbaycanlılar nə ermənilər, nə də abxazlarla müqayisə edilə bilməz. Unutmaq olmaz ki, orada 500 minə yaxın Azərbaycanlı yaşayır və sayca Gürcüstanda ikinci etnik hesab edilir. Amma əsla azərbaycanlılar ikinci dərəcəli etnik hesab edilə bilməz. Gürcüstan hökuməti unutmamalıdır ki, orada yaşayan azərbaycanlıların yeganə vətəni Gürcüstan deyil, eyni zamanda, Azərbaycandır. Azərbaycan Respublikası, harada yaşamasından asılı olmayaraq, bütün dünya azərbaycanlılarının dövləti və hamisidir.

Qeyd etdiyimiz kimi, istər Avakyan abidəsi, istərsə də Nərimanovun heykəli məsələlərində Rusiyanın əli və birbaşa marağı olduğu məlumdur. Məqsədsə Azərbaycanla Gürcüstanın arasını vurmaq, bir siyasi xətlə iki hədəfə çatmaqdır. İlk hədəf eynən gürcü və abxazlar arasında ziddiyyətlərin yarandığı kimi ölkədə azərbaycanlı və gürcülər arasında ziddiyyət yaratmaq, azərbaycanlıları avtonomiyaya çağırmaq, Gürcüstanın NATO-ya inteqrasiyasını bu yolla yubatmaqdır. İkinci hədəfsə BTC layihəsini çökdürüb, Avropanı rus nefti və qazından asılı hala salmaqdır. Çünki Gürcüstanda azərbaycanlıların narazılığı istər istəməz qonşu və müttəfiq respublika olan Azərbaycanın Gürcüstanla əlaqələrinə təsir edəcək. Necə ki, etdi də...

SOCAR bu hadisələrdən sonra Gürcüstana satdığı qazın qiymətini 10% artırdı. Bu addım fikrimcə, Gürcüstan hökümətinə dinc yolla edilmiş bir etiraz idi. Hadisələrin gedişi onu göstərir ki, Gürcüstanda vəziyyət bir az da gərginləşəcək. Bizdə olan məlumata, görə azərbaycanlılar bu həftədən etibarən silsilə mitinqlər, yürüşlər və aksiyalar keçirəcəklər. Xüsusən gürcü polisi və ermənilərlə qarşıdurmaların yaşanması problemi daha da dərinləşdirə bilər. Ona görə də həm Azərbaycan, həm də Gürcüstan hökumətləri bu proseslərdə verilən bəyanatlarda, atılan addımlarda ikiqat diqqətli olmalıdır. Xüsusən də prezident Zurabişvili....

Gürcüstan və Azərbaycan bir-birilərinə hava və su qədər lazım olan iki dövlətdir. Azərbaycan üçün Gürcüstan neft ixracı baxımından Qara dəniz və Avropaya çıxış dəhlizidir. Gürcüstan üçünsə Azərbaycan əsas regional müttəfiq və enerji mənbəyidir. Ona görə də bu iki dövlət heç bir kənar amilin müdaxiləsinə imkan verməməli və əməkdaşlığı daha da genişləndirməlidirlər.