vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
12:39 | 6 fevral 2019 | Çərşənbə Məqaləyə 1670 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Birbaşa ərazi iddiasıdır”

Tofiq Zülfüqarov: “Çox təhlükəli bəyanatdır, ...”

Nicat İSMAYILOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar son dövrlər yenidən intensivləşib. Bir çox yerli və xarici ekspertlər həm xarici işlər nazirləri, həm də dövlət başçıları səviyyəsində keçirilən görüşlərdə yeni formulların hazırlandığı, hətta Ermənistanın müəyyən güzəştə razı olduğunu bildirirlər.

Mövzu ilə bağlı sabiq xarici işlər naziri, siyasi analitik Tofiq Zülfüqarov öz fikirlərini ilə bölüşüb.

 

- Bir çox siyasi ekspertlər, xüsusən də rusiyalı politoloqlar 2019-cu ilin Qarabağ münaqişəsinin həlli üçün kritik il olacağını qeyd edirlər. Xüsusən, güzəşt formulları barədə mülahizələr tez-tez səsləndirilir. Necə düşünürsünüz, münaqişəsinin həlli üçün bu il ciddi dəyişiklik gözləməyə dəyərmi və tərəflərin mövqeyində lazımı dəyişikliklər yaranıbmı?

- Real güzəşt və danışıqlardan söhbət gedə bilməz. Problemin həllinə dair illərdir müxtəlif plan və formullar hazırlanıb. Lakin son iki ildə, demək olar ki, Qarabağ münaqişəsinin həlliylə bağlı heç bir yeni plan hazırlanmır. Əgər münaqişənin həlli üçün yeni yol tapılmayıbsa, heç bir həldən və irəliləyişdən söhbət gedə bilməz.

 

- Ermənistanda hakimiyyət dəyişikliyi nizamlama prosesinə necə təsir edib?

- Mən deyərdim ki, Ermənistanın Qarabağ məsələsindəki mövqeyi daha da sərtləşib. Paşinyan hakimiyyətə gəldikdən bəri problemin həlli üçün heç bir güzəşt mesajı verməyib. Əksinə, dəfələrlə sərt bəyanatlar səsləndirib. Xüsusən rus və erməni mətbuatında Paşinyanın güzəştə gedəcəyi tez-tez dilə gətirilir. Lakin o fərqindədir ki, bu fikirlər əslində ona müxalif olan Qarabağ klanını gücləndirmək məqsədilə ortaya atılır. Ona görə də tez-tez mətbuat qarşısında heç bir güzəştin edilməyəcəyini vurğulayır. Xüsusən də Paşinyanın son bəyanatı onun bu məsələdəki mövqeyini və izlədiyi siyasəti ortaya qoyur. O, qeyd edir ki, Ermənistan ərazilərini sülhə dəyişməyəcək. Bu, çox təhlükəli bəyanatdır, birbaşa ərazi iddiasıdır. Qarabağ klanının hakimiyyəti dövründə Ermənistan rəhbərliyi daha çox Dağlıq Qarabağ mövzusuna toxunur, iddialarını bu məsələyə kökləyir və bu ərazidə yaşayan ermənilərin öz müqəddəratını təyin etməsi və təhlükəsizliyi məsələlərini qabardırdı. Yəni, Qarabağ klanı əslində Dağlıq Qarabağın əhatə etdiyi 4 min kvadrat kilometr əraziyə iddia irəli sürürdü, Paşinyan isə son bəyanatıyla qalan 12 min kv.km. əraziyə də iddialı olduğunu bildirdi. Ona görə də, hesab edirəm ki, hakimiyyət dəyişikliyi Ermənistan mövqeyini daha da sərtləşdirib. Azərbaycan da bu mövqeyi ciddi analiz etməli və ona uyğun daha sərt və konkret siyasi xətt izləməlidir. Təəssüf ki, beynəlxalq ictimaiyyət və BMT, ATƏT və digər beynəlxalq institutlar Paşinyanın bu açıqlamalarına və ümumilikdə Ermənistanın illərdir Azərbaycan torpaqlarını işğal altında saxlamasına reaksiya vermirlər.

 

- Son günlər Gürcüstan-Azərbaycan münasibətlərində də müəyyən gərginliklər müşahidə olunur. Xüsusən də Axalkalakidə erməni terrorçuya abidə ucaldılması ölkəmiz tərəfdən narazılıqla qarşılanıb. Gürcüstan-Azərbaycan münasibətləri və ümumilikdə Gürcüstanın izlədiyi xarici siyasət xəttiylə bağlı fikirlərinizi bilmək maraqlı olardı.

- Əlbəttə, bu məsələ çox emosional, təsirli məsələdir. Həm Gürcüstanda, həm də Azərbaycanda yaşayan azərbaycanlılar bir erməni terrorçuya abidə ucaldılmasını normal qarşılaya bilməz və bu, etirazlarla səbəb olacaq. Ancaq fikrimcə, bu, sadəcə heykəl məsələsi deyil. Saakaşvilidən sonra Gürcüstanın bütövlükdə siyasi xətti dəyişib. İvanişvili hökuməti bir tərəfdən Qərblə əməkdaşlığı daha da intensivləşdirmək istəyir, bir tərəfdən də Rusiya ilə təmaslar quraraq, mövcud problemlərin həllinə səy göstərir. Rəsmi Tiflis Abxaziya və Osetiya yollarının açılmasına səy göstərir və Kremllə yenidən iqtisadi əməkdaşlığa başlamaq istəyir. Azərbaycanlı bağlı yürüdülən siyasət də əslində bu strategiyadan doğur. Gürcüstan guya balansı qurmağa çalışır. Ancaq bu, çox təhlükəli siyasi oyundur. Bu, həm Azərbaycanın, həm də Qərbdəki tərəfdaşların qəzəbinə səbəb ola bilər. Qərb bu siyasəti yaxından izləyir. Gürcüstana qarşı Qərb də ciddi addımlar ata bilər və bu addımlar Gürcüstanda siyasi böhrana səbəb ola bilər. Azərbaycan məsələsinə gəldikdə, enerji və iqtisadi cəhətdən həm Azərbaycan, həm də Türkiyə Gürcüstana təsir imkanlarına malikdir. İnanıram ki, qısa zamanda Azərbaycan lazımi diplomatik tədbirləri görüb, məsələləri yoluna qoyacaq və maraqlarını təmin edəcək.

 

- ABŞ-ın qoşunlarını Suriya və Əfqanıstandan çıxarmaq haqqında qərar qəbul etməsi, eyni zamanda, ABŞ neft şirkətləri olan “Exxon Mobile” və “Chevron”un Xəzərdəki paylarını satışa çıxarması, bir çox ekspertlərin fikrincə, ABŞ-ın Cənubi Qafqazdakı nüfuzunun azalmasına gətirib çıxaracaq. Hətta buna bənzər bir fikri amerikalı siyasi analitik Pol Qobl saytımıza eksklüziv müsahibəsində qeyd etmişdi. Siz bu məsələ haqda necə düşünürsünüz? Doğurdanmı Orta Şərq və Cənubi Qafqazda ABŞ və Qərbin nüfuzu azalacaq?

- Amerika qoşunları Yaxın Orta Şərqdən çıxmalıydı və təbii ki, çıxacaq. Ancaq bu, strategiya deyil, taktikadır. ABŞ burada öz maraqlarını yenə də başqa vasitələrin köməyilə qoruyacaq. Cənubi Qafqaz məsələsinə gəldikdə, bu regionda ABŞ-ın stabil maraqları var və onlar dəyişmir, dəyişən sadəcə onları təmin etmə metodları ola bilər. “Exxon Mobile” və “Chevron”un Azərbaycandan çıxması əsasən iqtisadi arqumentlərlə bağlıdır. Sirr deyil ki, Azərbaycanın neft ehtiyatları getdikcə tükənir. Bunu Azərbaycan rəhbərliyi də görür və əgər diqqət yetirsəniz görərsiniz ki, Azərbaycan son illərdə daha çox qaz sektoruna investisiya qoyur və qaz sektoruyla bağlı beynəlxalq və regional layihələrdə iştirak edir. Ona görə də bütün bunlar iqtisadi səbəblərlə bağlıdır və ABŞ-ın, eyni zamanda Qərbin Cənubi Qafqazda ciddi maraqları var və onlar öz nüfuz və maraqlarını maksimum səviyyədə qorumağa çalışırlar.