İndi növbə vətəndaşındır
Aqressiv davranışlara ən adekvat cavab xeyirxahlıq, vətəndaş rifahı və humanist yanaşmadır
Dövlət, toplum, biznes, vətəndaş maraqları arasında harmoniyanın təmin edən cəmiyyətlər hər zaman uğur qazanır. Son illər Azərbaycanda bu harmoniyanın yaranması üçün əlavə səylərə ehtiyac yaranmışdı. Xüsusən iki devalvasiya bu tarazlığı biznes və hökumətin xeyrinə pozmuşdu.
Dövlət qurumları və biznesə dəyən ziyan, onların üzləşdikləri çətinliklərin bir çoxu hökumət resursları hesabına həll edildi. Hətta hökumət bank sektoruna da dəstək verdi. Hüquqi müstəvidə banklar qalib gəldi, amma hökumət də onların vətəndaşlara, biznesə təzyiqini müəyyən həddə saxlaya bildi. Son illər biznes böyük güzəştlər əldə etdi. İş adamlarına da yardımlar edildi. Şübhəsiz ki, bütün bunlar makroiqtisadi sabitlik, inkişaf üçün potensial yaradılmasından ötrü zəruri idi. Hökumət yığım mexanizmlərini təkmilləşdirərək, cərimə və rüsumları artıraraq maliyyə imkanlarını da yaxşılaşdırdı. “Kölgə iqtisadiyyatı”na qarşı mübarizə tədbirləri də hökumətə əlavə gəlirlər əldə etməyə imkan yaratdı. Amma bütün bunların baş verdiyi son 4 ildə vətəndaşlar kəmər sıxmalı oldular. Cəmiyyət, əhali də bu tədbirləri anlayışla qarşıladı. Amma bu proses bu qədər uzanmamalıydı...
İndi növbə vətəndaşındır. Prezidentin təşəbbüsləri də məhz vətəndaşa yönəlib. Sosial müdafiə tədbirlərinin güclənməsi və əhatəsinin genişlənməsi, əhalinin gəlirlərinin yüksəlməsi üçün atılan addımlar indi biznes, hökumət səviyyəsində anlayışla qarşılanmalı, dəstəklənməlidir. İndi hökumət resursları daha çox vətəndaşa doğru istiqamətlənməlidir. İndi son 4 ildə yaralarını sağaldan biznes, hökumət öz kisəsindən xərcləməlidir. İqtisadi prosesləri tənzimləyən dövlət qurumları isə elə qəraralr verməlidirlər ki, həm inflyasiyaya nəzarət itməsin, həm də əhalinin gəlirlərinin artırılması üzrə tədbirlər davamlı, ardıcıl olsun. Prezident məhz bunun mesajını verdi və müvafiq təşəbbüslər etdi. Dövlət orqanları, biznes əlavə məsuliyyət götürməlidir. İndi növbə vətəndaşındaır. 4 il anlayış göstərən vətəndaşlarımız buna layiqdirlər və hökumət strukturları vətəndaşın yükünün azalması üçün ən yaxşı həlləri tapmalıdır. İndi hökumət xərclərinə qənaət etməlidir, məmurlar daha çox işləməlidir. İndi hökumət həmişəkindən xeyirxah, səxavətli və humanist olmalıdır. Aqressiya və biədəb davranışlara ən adekvat cavab elə budur.