Ayna Sultanova parkı nə vaxt açılacaq?
Yaxud qaşqabaqlı, tündməcaz abidəsinin üzündəki təbəssüm
Bizim parkın əcəb seyrəngahı var, Yaşılbaş sonası, hayif ki, yoxdur...
Park nədir?
Park insanların asudə vaxtlarını açıq havada səmərəli keçirməsi üçün nəzərdə tutulmuş istirahət guşəsidir.
Mən Ayna Sultanovanın abidəsi yerləşən kiçik parkın yaxınlığında yaşayıram.
Bir neçə il bundan əvvəl, parkın adı müxtəlif diskussiyalar mövzusu oldu, abidənin yerində qalıb-qalmaması müzakirə edildi.
Çoxdan, lap çoxdan, 2014-cü ilin əvvəllərində isə Ayna Sultanova parkı təmir adı altında qapadıldı, hündür, çox hündür hasarların mühasirəsinə alındı. Müvəqqəti narahatçılığa görə üzrxahlıq devizi altında hər tərəfi toz-torpaq, qaynaq iyi bürüdü. Lakin, parkın hasara yapışdırılmış layihə fotoşəkillərindəki tikintidən sonrakı abad, xoşbəxt görüntüləri ətrafda yaşayan insanlara, sakinlərə bir təskinlik verirdi. Onlar nəhayət, gözəl bir istirahət məkanı əldə edəcəklərinə ümid edirdilər.
İllər sürətlə dalbadal keçdi, aradan nə az, nə çox, düz beşcə il ötdü və zavallı park elə hündür hasarlar arxasındaca əli-qolu bağlı, çar-naçar haldaca qaldı.
Bu yaxınlarda, parkda yenə də tikinti, təmir canlanması baş verdi. İşçilər, fəhlələr, mühəndislər, nəzarətçilər tökülüşüb gəldilər, qol çırmayıb canfəşanlıqla işə başladılar. Əraziyə ağır maşınlarla qum, sement, müxtəlif tikinti materialları daşındı. Yenə də, toz-torpaq, hay-küy...
“Axır ki...”, “nəhayət ki...” deyən nikbin insanlarda yeni ümidlər yarandı. Beş illik “əsarət”dən sonra park da sanki sevinirdi, üzü gülürdü. Ayna Sultanovanın Sfinksə bənzəyən qaşqabaqlı, tündməcaz abidəsinin üzündə hətta xəfif təbəssüm də yaranmışdı.
Təəssüf, bu da uzun sürmədi. Bir neçə gün ərzində, parkın ortasında olduqca əcaib, ikimərtəbəli bir tikili peyda oldu. Tikili parkın onsuz da dar olar ərazini bir az da daraltdı.
Tikilinin görünüşü, təyinat ehtimalı, onun yaxın gələcəkdə restoran, iaşə yaxud ticarət obyekti olacağından xəbər verir.
İndi parkın içərisinə tələm-tələsik dürtüşdürülmüş həmin qondarma tikili təsəvvürlərdə kabab tüstüsü, diringi bir musiqi sədası, parka, istirahət etməyə gələnlərə qıcıq olan, əsəb yaradan hay-küy, izdiham basabası canlandırır.
Sakinlərə isə təsəlli olaraq, normal istirahətə imkan verən yaşıllaşdırılmış, skamyalar düzülmüş abad ərazi, kitab oxumağa, mütaliəyə şərait yaradan səliqəli guşə, sakit, təmiz havalı gəzinti yeri, açıq ünsiyyət məkanı arzulayıram.