vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
00:08 | 26 iyun 2019 | Çərşənbə Məqaləyə 1611 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistan blokadaya düşə bilər

Azərbaycan üçün göydəndüşmə fürsət

Nicat İSMAYILOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Son günlər regionda baş verən proseslər bədxah qonşumuz olan Ermənistan ictimaiyyətində ciddi panika yaradıb. Ermənistanla həmsərhəd ölkələr olan Gürcüstanın Rusiyayla, İranın isə ABŞ-la münasibətlərinin kəskinləşməsi Ermənistan siyasi dairələrində “blokada xofu” yaradıb.

Belə ki, ötən günlərdə Qondarma Dağlıq Qarabağ respublikasının sabiq daxili işlər naziri Armen Melikyanda bununla bağlı bir açıqlama verib. O, verdiyi açıqlamada İran və Gürcüstanda baş verənlərin Ermənistanın blokadaya düşməsi ilə nəticələnə biləcəyini qeyd edib.

Nəzərə alsaq ki, Ermənistanın həmsərhəd olduğu digər iki dövlət ərazilərini işğal etdiyi Azərbaycan və heç bir diplomatik münasibət qurmadığı Türkiyədir, onda bu qorxunun səbəbini daha aydın başa düşə bilərik.

Bəs Rusiya-Gürcüstan, İran-ABŞ münasibətlərinin kəskinləşməsi hər iki dövlətlə qonşu olan Ermənistanın siyasi və iqtisadi durumuna necə təsir edəcək?

Məlumdur ki, İyunun 20-də Tbilisidə 26-cı Parlamentlərarası Pravoslav Assambleyasının toplantısı keçirilib. Gürcüstan ərazisinin işğalında iştirak etməsi ehtimal edilən Qurumun sədri, Rusiya Dövlət Dumasının üzvü Sergey Qavrilovun parlament sədrinin kreslosunda oturması və oradan nitq söyləməsi qonşu ölkədə etiraz aksiyasının başlamasına səbəb oldu. Etirazçıların spikerin və DİN rəhbərinin istefası şüarları ilə parlament binasına girmək cəhdinin rezin güllə və sair vasitələrlə polis tərəfindən qarşısının alınması yüzlərlə insanın saxlanılması və xəsarət alması ilə yekunlaşdı. İnsidentin ardından parlamentin spikeri İrakli Kobaxidzeistefa verdi, ölkə başçısı isə öz “Facebook” səhifəsində Rusiyanı “düşmən” və “işğalçı” adlandırdı. Bundan sonra Rusiya prezidenti Vladimir Putin iyulun 8-dən Gürcüstanla sərnişin avia daşınmalarının müvəqqəti qadağan edilməsi haqqında fərman imzaladı. Rusiyanın Nəqliyyat Nazirliyi 8 iyuldan Gürcüstan avia şirkətlərinin də Rusiya ərazisinə uçuşlarının dayandırılacağını elan edərək bunu lazımi təhlükəsizlik səviyyəsinin təmin olunmasının gərəkli olması və vaxtı keçmiş borcun mövcudluğu ilə əlaqələndirdi. Qeyd edək ki, Gürcüstanla Rusiya arasında münasibətlərin daha da gərginləşməsi və iqtisadi və diplomatik əlaqələrin dayandırılması da Gürcüstan parlamentində ciddi müzakirə olunan mövzulardan biridir.

ABŞ və İran arasında isə son günlər artan gərginlik, ABŞ-ın Körfəzə hərbi donanma göndərməsi, Körfəzdən keçən tankerlərə İran tərəfindən atəş açılması və son olaraq bu gün İranla ABŞ arasında diplomatik münasibətlərin dayandırılması iki dövlət arasında hər an genişmiqyaslı münaqişənin baş verə biləcəyi riskini özündə ehtiva edir.

Ermənistan üçün hazırda əsas “nəfəs koridoru” İran və Gürcüstandır. Ermənistan regionun ən az turist cəlb edən ölkəsidir və bu turistlərin 20 faizi Rusiyadan, 14 faizi isə İrandan gəlir. Hazırda İran turistləri və iş adamları Ermənistan bazarlarını canlandıran əsas lokomotivdir. İran həm də Ermənistanın ən çox məhsul idxal etdiyi 5 dövlətdən biridir. İrandan Ermənistana çəkilən qaz kəməri, regional elektrik qovşağı və dəmiryolları layihələri də iki dövlət arasında iqtisadi əlaqələrin gələcək perspektivlərindən xəbər verir. Lakin İranın ABŞ-la münasibətlərinin daha da kəskinləşməsi, ABŞ-ın ona qarşı sanksiyalara start verməsi bu ölkənin iqtisadiyyatında ciddi böhran yaratdı. İranın iqtisadi durumunun ağırlaşması da təbii ki, Ermənistanla olan ticarət dövriyyəsinin aşağı düşməsinə və turist axınının azalmasına gətirib çıxarır. ABŞ-la hərbi münaqişənin yaşanması ehtimalında isə İranın qapıları Ermənistanın üzünə bağlanacaq, desək yəqin ki, yanılmarıq. ABŞ-la müharibə aparan İran Ermənistanın nəinki iqtisadi partnyoru ola bilməyəcək, eyni zamanda, qonşuluğundakı Azərbaycan müqabilində Ermənistanla əməkdaşlıqdan çəkinəcək. Buna səbəb Azərbaycanın İsraillə olan müttəfiqliyidir ki, əgər İran ABŞ-la münaqişəyə başlasa ilk görəcəyi iş, Azərbaycanın neytrallığını təmin etməkdir. Azərbaycan isə həmişə neytral mövqedədir, təki, İran Qarabağ münaqişəsində tərəf tutmasın və neytral qalsın. Hazırda İran iqtisadi və siyasi cəhətdən blokadadır və özünə nəfəs koridoru axtarır. İranın regionda ən perspektivli iqtisadi əməkdaşı isə təbii ki, neft və qaz ölkəsi Azərbaycandır. Ona görə də ABŞ-la münaqişə baş verməsə belə, yaxın zamanlarda İranla Azərbaycan münasibətlərində yaxınlaşma başlaya və Ermənistanın blokadası daha da genişlənə bilər.

Rusiya və Gürcüstan arasında baş tutan krisiz də Ermənistanın iqtisadi və siyasi durumuna öz mənfi təsirini göstərəcək. Belə ki, Ermənistan  həm siyasi, həm də iqtisadi cəhətdən Rusiyadan asılılığı olan bir ölkədir. Ermənistanın ən çox məhsul ixrac etdiyi (25%) və ən çox məhsul idxal etdiyi (30 faiz) dövlət Rusiyadır, Ermənistana ən çox turist də bu ölkədən gəlir. Rusiya və Gürcüstan arasında problemlərin daha da dərinləşməsi halında Gürcüstan rus mallarının öz ölkəsindən keçib Ermənistana getməsinə (və ya əksinə) imkan verəcəkmi?

Qeyd etmək lazımdır ki, Rusiya ilə yaşanan son qalmaqal Gürcüstanın siyasi elitasında və gürcü ictimaiyyətində bir daha gürcü xalqının əsas dostunun Azərbaycanın olması fikrini yaradıb. Gürcü həmkarımız Tengiz Ablotiya qeyd edir ki, “İvanaşvilinin hakimiyyətdə olduğu illərdə Gürcüstanda belə bir fikir meydana gəlmişdi ki, Rusiya ilə ticarəti davam etdirmək lazımdır və Rusiyanı itirmək Gürcüstanın maraqlarına ziddir. Bu minvalla da hökumət Rusiya ilə iqtisadi əlaqələri genişləndirdi. Lakin son hadisələr bizə bir daha göstərdi ki, Gürcüstanın ərazi bütövlüyü təmin edilmədən Rusiya ilə iqtisadi əlaqələri sadəcə ölkənin Rusiyadan iqtisadi asılılığını artırmağa istiqamətlənir və Rusiya heç də etibarlı əməkdaş deyil. Bu vəziyyətdə Gürcüstanın əsas müttəfiqi yenə və yenidən Azərbaycan olmağa davam edəcəkdir”.

Həmkarımızın da açıqlamasında qeyd etdiyi kimi, Rusiya ilə son baş verən problemlər və Rusiya aviaşirkətlərinin Tiflisə uçuşlarını dayandırması, son dövrlər o qədər də ürəkaçan olmayan Azərbaycan-Gürcüstan münasibətləri üçün bir dönüş effekti yaradacaq. Gürcüstan Rusiyadan iqtisadi asılılığı aradan qaldırmaq üçün yenidən Azərbaycan investisiyasına ehtiyac duyur. Beləliklə, Gürcüstanın Azərbaycanla münasibətlərinin daha da güclənməsi Ermənistanın blokadasına da öz töhfəsini verəcək. Bu ehtimalda Gürcüstan nəinki rus mallarını Ermənistana buraxmayacaq, Ermənistanla ticarət dövriyyəsini daha da aşağı endirəcək. Qeyd edək ki, Gürcüstan olmadan Ermənistanın Rusiyaya quru yoluyla birbaşa ticarəti mümkün deyil.

Beləliklə, regionda baş verən hadisələr bizə onu deməyə əsas verir ki, yaxın gələcəkdə Ermənistan üçün yeni siyasi və iqtisadi blokada dövrünün başlanması ehtimalı böyükdür. Çünki Ermənistanla həmsərhəd dövlətlərin bu gün Azərbaycana ehtiyacı həmişəkindən daha artıqdır. Həmçinin Ermənistanın Gürcüstan və Rusiyadan mal ixrac edilə bilməməsi ölkə iqtisadiyyatında ciddi məhsul qıtlığı yarada bilər. Uzun sözün qısası, geosiyasi vəziyyət xeyrimizədir və Azərbaycan hazırkı vəziyyətdə Qarabağ konfliktini yerli-dibli həll edə bilmə iqtidarındadır, bunun üçün bircə şey çatışmır, o da “BAŞLAMAQ”...