Ramil Şükürova və dələduzlar bandasına qarşı əməliyyat
“Yeni ictimai nəzarət şurası” adı altında fəaliyyət göstərən qruplaşma ifşa edildi
“Yeni İctimai Nəzarət Şurası” adlı qeyri-leqal təşkilat yaradıb vətəndaşları aldadan, onları rüşvət verməyə təhrik edən Ramil Şükürov həbs edilib. Bu barədə Baş prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Baş prokurorluq bildirir ki, həmin Ramil Şükürov əvvəllər dələduzluq və saxta sənədlər hazırlama kimi cinayət əməllərinə görə mühakimə olunub. Onun dövlət qeydiyyatından keçirilmədən qanunsuz yaratdığı “Yeni İctimai Nəzarət Şurası” adlı təşkilatın fəaliyyətinə cəlb etdiyi digər şəxslərlə mütəşəkkil dəstə şəklində etdiyi qanunsuz əməllər barədə daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat-axtarış tədbirləri həyata keçirib.
Əməliyyat tədbirləri zamanı həmin təşkilatın ofisində axtarış aparılarkən Ramil Şükürov və yaratdığı şuranın digər üzvlərinin qanunsuz əməllərinə dair iş üzrə əhəmiyyət kəsb edən çoxsaylı sübut və məlumatlar aşkar edilib. Cinayətkar şəbəkə şəklində təşkilatlanmış bu qanunsuz təşkilatın respublika üzrə bir çox rayon və şəhər üzrə bölmələrinin mövcud olduğu, xidməti vəsiqələr verilməklə yüzlərlə üzvlərin cəlb edildiyi bu yerli strukturların hər biri üzrə sədr, müavin və digər vəzifələrə təyinatların aparıldığı məlum olub. Habelə məlum olub ki, adı çəkilən şuranın rəhbər şəxsləri guya aztəminatlı ailələrin yaşayış və maddi vəziyyəti ilə bağlı problemlərinin həlli, eləcə də şəhid və qazi ailələrinə yardım edilməsi adı ilə ayrı-ayrı vətəndaşlardan ianələr toplayıblar. Və onların bu pulları mənimsədiyinə dair şübhələr meydana çıxıb.
Bundan başqa, keçirilən əməliyyat tədbirləri zamanı Ramil Şükürovun tanışı Aslanlı Elçin Heydar oğlu ilə qabaqcadan əlbir olaraq Bakı şəhəri ərazisində yerləşən ikimərtəbəli obyektin üçüncü mərtəbəsinin inşa edilməsinə rəsmi dövlət qurumlarından müvafiq icazələrin alınmasında köməklik göstərilməsi ilə bağlı ona müraciət edən şəxsi də aldadıb. O, həmin şəxsə özünün guya geniş əlaqələrinin olduğunu bildirib, aidiyyəti dövlət orqanlarının səlahiyyətli vəzifəli şəxsləri vasitəsilə məsələni müsbət şəkildə həll edə biləcəyi barədə yalan vəd verib. Və həmin şəxsdən 100 min manat tələb edərək bu pulun bir qismini alıb.
Habelə, Ramil Şükürovun rəhbərlik etdiyi qurumun qazilər və veteranlarla iş üzrə sədr müavini vəzifəsində işləyən İbrahimov Koroğlu Yelmar oğlu ilə qabaqcadan əlbir olaraq Ağdam rayonu, Xındırıstan kənd musiqi məktəbinə direktor təyin edilməsində köməklik göstərilməsi üçün ona müraciət etmiş şəxsə guya həmin sahə üzrə məsul qurumun səlahiyyətli vəzifəli şəxsləri ilə geniş əlaqələrinin olduğunu yalandan bildirib, özü barədə formalaşdırdığı inam və etibardan sui-istifadə edərək vətəndaşdan 17 000 manat məbləğində pul vəsaitini alaraq Koroğlu İbrahimovla aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə dair əsaslı şübhələr yaranıb.
Bundan əlavə, Ramil Şükürovun ona müraciət edən Hacıqabul rayon sakinindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş övladının azad edilməsi üçün guya aidiyyəti vəzifəli şəxslərə rüşvət verəcəyi adı ilə aldığı 12 000 manat pulu da ələ keçirməsinə əsaslı şübhələr yaranıb.
Eləcə də, sonuncunun tanışı Elçin Aslanlının vətəndaşın faktiki istifadəsində olan Tovuz rayonu ərazisindəki torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi üçün müvafiq dövlət orqanlarının yaxın əlaqədə olduğu vəzifəli şəxslərinə rüşvət verəcəyi adı ilə ondan aldığı 22 000 manat məbləğində pul vəsaitini ələ keçirməsinə, bununla da qeyd edilən şəxslərin həmin hərəkətləri ilə vətəndaşları təkrarən vəzifəli şəxsə rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr yaranıb.
İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Baş İdarədə Cinayət Məcəlləsinin (CM) müvafiq maddələri ilə cinayət işi başlanılıb, hər üç şəxs şübhəli şəxs qismində tutularaq onlara CM-nin 178.2.1 (dələduzluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (dələduzluq - təkrar törədildikdə), 178.2.3 (dələduzluq- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona təkrarən rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən bu və digər yeni halların, Ramil Şükürovun rəhbərlik etdiyi qurumun üzvləri tərəfindən törədilən digər çoxsaylı oxşar qanunsuz əməllərin, habelə cinayətlərin törədilməsində hər hansı formada iştirak edən digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
“Baş Prokurorluq qeyd edilən şəxslərin qanunsuz əməllərindən zərər çəkmiş şəxslərdən bu barədə “961” Çağrı mərkəzi və “161-Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmələrini xahiş edir”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, ötən həftə “İctimai Nəzarət Koalisiyası” adlı təşkilatın rəhbəri, uzun illərdir müxtəlif formada dələduzluq əməlləri və şantajla məşğul olan, bu yolla böyük pullar toplayan Rasim Məmmədov Sumqayıtda xüsusi əməliyyatla yaxalanmışdı. O, hələlik bir epizod üzrə ittiham edilir - “Azmetal” MMC adlı şirkətin direktor müavinini söyüb təhqir etməkdə və həmin şirkətin anbardarını döyməkdə günahlandırılır. Maraqlıdır ki, həmin Rasim Məmmədovla indi həbs edilən Ramil Şükürov arasında dələduzluq sahəsində kəskin rəqabət mövcud olub. İnternet mənbələrində ayrı-ayrı vaxtlarda yer alan məlumatlardan bəlli olur ki, Rasim Məmmədov onu qanunsuz fəaliyyətdə, “İctimai Nəzarət” adını mənimsəməkdə günahlandırırmış. R.Şükürov isə öz növbəsində rəqibinə qarşı qara piar aparmaqla məşğul imiş.