vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
11:57 | 9 fevral 2022 | Çərşənbə Məqaləyə 542 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Öhdəliyinizə əməl edin”

Azərbaycan XİN-dən erməni həmkarlarına cavab

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin erməni əsilli 8 hərbi qulluqçunun qaytarılması müqabilində Birinci Ermənistan-Azərbaycan müharibəsində itkin düşmüş vətəndaşlarımız və onların basdırıldıqları kütləvi məzarlıqların yerləri barədə məlumatların Azərbaycan tərəfinə verilməsi ilə bağlı rəsmi İrəvanın öz üzərinə öhdəlik götürməməsinə dair açıqlaması beynəlxalq humanitar hüquqa və humanizm prinsipinə hörmətsizliyin ən ifrat nümunəsi kimi qiymətləndirilməlidir.

Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin açıqlamasında bildirilir. Xatırladaq ki, Ermənistan XİN rəsmisi bu barədə fevralın 7-də açıqlama verib.
“Ermənistan Xarici İşlər Nazirliyinə xatırladırıq ki, 1949-cu il Cenevrə Konvensiyası və onun müvafiq protokolları, bütövlükdə beynəlxalq humanitar hüquq normaları ilə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, Ermənistan tərəfi sözügedən dövlətin silahlı qüvvələri tərəfindən sistemli surətdə qətlə yetirilən mülki və hərbi Azərbaycan vətəndaşlarının və onların kütləvi şəkildə basdırıldıqları məzarlıqların yerləri barədə məlumatları Azərbaycan tərəfinə təqdim etməyə borcludur.
Bir daha vurğulamaq istərdik ki, bu il fevralın 4-də Fransa Respublikası Prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görüşün gündəliyində duran əsas məsələlərdən biri məhz humanitar məsələlər olub”, – deyə Azərbaycan XİN-in mətbuat üçün açıqlamasında vurğulanır.
Həmçinin qeyd olunur ki, Azərbaycan tərəfinin atdığı humanist addımların nəticəsi olaraq 44 günlük müharibədən sonra 1708 erməni hərbi qulluqçunun cəsədi tapılaraq qarşı tərəfə təhvil verilib. Bunun müqabilində Ermənistanın inkarçılıq siyasətini davam etdirməsi, beynəlxalq humanitar hüquq əsasında, həmçinin 2022-ci il fevralın 4-də videoformatda keçirilmiş görüş zamanı üzərinə götürdüyü öhdəlikləri inkar etməsi mənəvi-etik və beynəlxalq hüquqi çərçivələrdən tamamilə kənara çıxır.
“Biz beynəlxalq ictimaiyyəti Ermənistan tərəfinə təzyiq göstərərək Birinci Ermənistan-Azərbaycan müharibəsinin qanlı irsi olan itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirməkdə məsuliyyətli davranmağa və öz öhdəliklərinə əməl etməsini tələb etməyə çağırırıq.
Qeyd olunmalıdır ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən itkin düşmüş şəxslərin ailə üzvlərindən alınan DNT nümunələri əsasında 3000-dən artıq insanın DNT bazası yaradılıb.
Ermənistan tərəfindən veriləcək məlumatlar əsasında kütləvi məzarlıqlardan çıxarılacaq qalıqlar nəticəsində 30 ilə yaxın müddətdə barələrində heç bir məlumat verilməyən, itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirilə bilər”, – deyə Azərbaycan XİN bəyan edib.