“Heç kim bu vəhşiliyi unutmamalıdır...”
Prezident İlham Əliyev: “Biz torpağımıza qan tökərək, şəhidlər verərək qayıtmışıq”
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən gün Ağdama səfərləri zamanı bir sıra təməl qoyma mərasimlərində iştirak ediblər. İlham Əliyev Ağdamda görülən işlər barədə nitq söyləyib. Dövlət başçısının çıxışını təqdim edirik:
“Ağdam rayonunun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsi bizə imkan verəcək ki, qısa müddət ərzində Ağdamı yenidən quraq, yaradaq. Bu gün Ağdamın gələcək inkişafı ilə bağlı çox önəmli addımlar atılıb, bir neçə təməlqoyma mərasimi keçirilib. Hesab edirəm ki, qısa müddət ərzində görülmüş işlər yaxın gələcəkdə konkret nəticələrə gətirib çıxaracaq.
Bu gün Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşı qoyuldu. Sənaye parkının təməl daşını mən keçən dəfə Ağdamda qoymuşdum, Müstəqillik Günündə qoymuşdum. Bu gün isə artıq ilk müəssisələrin təməli qoyuldu. Artıq 5 rezident vardır və onlar işə başlayırlar. Beləliklə, 190 hektar ərazidə qurulacaq Ağdam Sənaye Parkının ilk müəssisələri artıq bu sahədə ilk addımlarını atır. Bu, çox önəmli hadisədir. Ona görə ki, Ağdam şəhərinin gələcək inkişafı ilə bağlı planlarımızda, ilk növbədə, yaşayış binalarının inşası və iş yerlərinin açılması var. Çünki burada yaşayacaq ağdamlılar işlə təmin olunmalıdırlar. İş yerlərinin yaradılması ilə bağlı əlavə addımlar da atılacaq. Əminəm ki, yaxın gələcəkdə Ağdam Sənaye Parkında onlarla müəssisə işə başlayacaq. Azərbaycan iş adamlarına da mən bu gün burada – Ağdam Cümə məscidinin önündə çağırış edirəm ki, gəlsinlər həm Ağdama, həm də azad edilmiş bütün digər ərazilərə sərmayə qoysunlar, vəsait qoysunlar. Çünki bu gün Azərbaycanda biznes üçün, sahibkarlar üçün çox gözəl şərait yaradılıb. Dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda, güzəştli kreditlər verilir. Əlbəttə ki, bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Ona görə Azərbaycan sahibkarları gərək azad edilmiş torpaqlara gəlsinlər və burada müəssisələr qursunlar, iş yerləri yaratsınlar. Biz azad edilmiş torpaqları ancaq bu yolla tezliklə canlandıra bilərik. Əlbəttə, dövlət öz tərəfindən lazımi addımları atır və atacaq. Ağdam şəhərinin Baş planı hazırlanıb, Baş plan əsasında işlər görülür. Əlbəttə ki, özəl sektorun nümayəndələri bu işlərdə fəal olmalıdır.
Bu gün, eyni zamanda, iki yarımstansiyanın açılışı olmuşdur. Beləliklə, azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək. Bu gün Ağdamda mehmanxananın təməli qoyuldu. Müasir mehmanxana təqribən 2 ildən sonra fəaliyyətə başlayacaq. Buraya böyük sayda gələcək qonaqlara indi şərait yaradılır. Əlbəttə ki, bu gün qeyd etdiyimiz hadisələrdən biri də yaşayış kompleksinin təməl daşının qoyulmasıdır. Altı evdən ibarət yaşayış kompleksi təqribən il yarıma - iki ilə inşa ediləcək, bəlkə də ondan da tez və beləliklə, Ağdamın hərtərəfli inkişafı təmin olunacaq.
Bu gün, eyni zamanda, Ağdam Mərkəzi Şəhər Xəstəxanasının təməli qoyulur. Əlbəttə ki, 210 çarpayılıq xəstəxana ağdamlılara tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq.
Keçən dəfə Ağdamda olarkən mən burada 1 nömrəli məktəbin təməlini qoydum. O məktəbdə təqribən minə yaxın şagird oxuyacaq. Yəni, bir daha demək istəyirəm, kompleks tədbirlər görülür – elektrik enerjisi ilə təchizat, Ağdama qaz xətlərinin çəkilişi layihəsi indi işlənilir, içməli suyun gətirilməsi, o cümlədən Xaçınçay su anbarının təmiri layihəsi builki İnvestisiya Proqramında vardır, yaşayış binaları, mehmanxana, iş yerləri. Yəni, bu, hərtərəfli inkişaf deməkdir. Elə bu gün açılışında və təməlqoyma mərasimində iştirak etdiyim obyektlərdə biz bu genişmiqyaslı işləri görə bilərik.
Bununla yanaşı, Ağdamın yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Hesab edirəm ki, avtomobil yolu təqribən bir ilə hazır olacaq. Mənim göstərişimlə Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi artıq icra olunmağa başlanılıb. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək, eyni zamanda, Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və Ağdama başqa ölkələrdən gəlmək daha asan olacaq.
Bu işlər bir daha onu göstərir ki, biz vaxt itirmədən, tarixi Zəfərdən sonra vaxt itirmədən bu işlərə start vermişik, siyasi iradə ortaya qoymuşuq, bütün maliyyə və texniki imkanlarımızı, kadr potensialımızı səfərbər etmişik. Bütün bu işləri biz özümüz görürük, öz vəsaitimiz hesabına, büdcəmiz hesabına, heç kimdən yardım istəmədən, heç bir kredit almadan. Bunu Azərbaycan vətəndaşları edir. Əlbəttə ki, müxtəlif xarici şirkətlər artıq bu işlərdə fəal iştirak edirlər. Bu şirkətlərin sayı artmaqdadır. Mən çox şadam ki, həm yerli şirkətlər, həm xarici şirkətlər azad edilmiş torpaqlarda işləməyə can atırlar, maraq göstərirlər və biz bunu alqışlayırıq.
Qarşımızda böyük işlər vardır. Bu işləri maksimum səmərə ilə və keyfiyyətlə aparmaq üçün əlbəttə ki, düşünülmüş addımlar planı olmalıdır. Bütün şəhərlər Baş plan əsasında yenidən qurulacaq. Ağdamın, Füzulinin Baş planları təsdiq edilib. Ağdam və Füzuli rayonlarının ictimaiyyəti bu Baş planlarla tanış olub və öz müsbət rəyini verib. Hazırda yerli və xarici şirkətlər tərəfindən digər şəhərlərin Baş planları işlənilir. Onlar hazır olan kimi biz artıq praktiki işlərə başlayacağıq.
Görülmüş bütün bu işlərlə yanaşı, əlbəttə ki, biz tarixi, dini abidələrimizi də bərpa edirik. Mənə bu gün verilən məlumata görə, Ağdam Cümə məscidinin bərpa işlərinə başlanılır. Artıq bütün tədqiqatlar aparılıb və mart ayından başlayaraq məscidin həm daxilində, həm çöl hissəsində təmir-bərpa işlərinə start veriləcək. Azad edilmiş torpaqlarda hazırda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi nəzərdə tutulub. Bütün bu istiqamətlər üzrə işlər gedir. Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri əsaslı təmir edilir. Şuşa şəhərində yeni məscidin inşasına start verilib. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi prosesi başlayıb.
Bütün bu işləri Heydər Əliyev Fondu öz imkanları hesabına görür. Bu, Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir. Bu, bizim borcumuzdur. Bunu biz edirik. Vətən qarşısında bu borcu şərəflə yerinə yetiririk. Necə ki, Vətən müharibəsində Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi, düşməni doğma torpaqlarımızdan qovdu. Beləliklə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Mən müharibədən sonra Ağdama 3-cü dəfədir ki, səfər edirəm. Hər dəfə buraya gələndə ürəyim ağrıyır. Çünki Ağdamda bir dənə də olsun salamat bina yoxdur. Təkcə bu yarıdağılmış məsciddir ki, onun da dam örtüyü zədələnib. Bu məscid ermənilər tərəfindən təhqir edilib, burada inəklər, donuzlar saxlanılıb. Ermənilər nəinki Azərbaycan xalqını, bütün müsəlman aləmini təhqir ediblər. Ağdam şəhərində, Ağdam rayonunda bu yarıdağılmış məsciddən başqa bir dənə də bina ayaq üstə deyil. Bütün binalar, bütün kəndlərdəki evlər, ictimai binalar ermənilər tərəfindən dağıdılıb. Bu, misli görünməmiş barbarlıqdır, vandallıqdır, vəhşilikdir. Bu, erməni faşizminin eybəcər sifətinin göstəricisidir. Bütün dünya bunu görməlidir və görür. Biz bundan sonra da xarici vətəndaşları buraya dəvət edəcəyik. Onlar gələcəklər və erməni vəhşiliyi nədir onu görəcəklər.
Artıq Ağdama və Şuşaya avtobus marşrutları təşkil edilib. Ağdamlılar, şuşalılar və digər bölgələrdən olan vətəndaşlar gəlirlər, tanış olurlar və öz gözləri ilə görürlər ki, bizim xalqımız hansı bəla ilə üz-üzə idi. Otuz il ərzində məqsədyönlü şəkildə bütün şəhərlərimiz, kəndlərimiz, məscidlərimiz, qəbiristanlıqlarımız ermənilər tərəfindən dağıdılıb. İmarət ermənilər tərəfindən dağıdılıb, təhqir edilib. İndi bəziləri gələcək barışıq haqqında danışırlar. Əlbəttə ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə bu sülh müqaviləsi imzalanmalıdır. Mən də onu demişəm. Ancaq heç vaxt Azərbaycan xalqı bu vəhşiliyi unutmamalıdır. Heç kim bu vəhşiliyi unutmamalıdır.
Əminəm ki, bizim bu gün gördüyümüz işlər, o cümlədən ordu quruculuğu sahəsində gördüyümüz işlər Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq. Biz öz torpağımızdayıq. Biz bu torpağa qan tökərək, şəhidlər verərək qayıtmışıq. Bu torpaqda möhkəm dayanmışıq və bu torpaqlarda əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!”.