vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
ENERGETİKA  
11:53 | 23 fevral 2022 | Çərşənbə Məqaləyə 988 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

11 milyard dollarlıq layihə “batdı”

Baltik dənizinin dibi ilə çəkilən qaz kəmərindən imtinanın pərdəarxası...

MÖVZU İLƏ ƏLAQƏLİ

Şimal Axını-2 qaz kəmərinin yekun təsdiqi Rusiyanın Ukraynaya dair hərəkətləri səbəbilə dayandırılıb, Almaniya bildirib. Bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putin tanınmamış Donetsk və Luqansk respublikalarını tanındığını elan edib.

Qərb ölkələri bu addımı Minsk razılaşmalarının və Ukraynanın ərazi bütövlüyünün pozulması kimi qiymətləndirir. Kansler Olaf Şolts deyib ki, kəmərin sertifikatlaşdırılması prosesi “növbəti bildirişədək” dayandırılıb. “Bu sertifikatlaşdırma olmadan Şimal Axını-2 işə salına bilməz”, - Şolts vurğulayıb.

Almaniya hakimiyyəti xəbərdarlıq edib ki, Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaları tətbiq edəcəyi təqdirdə, Şimal Axını-2 layihəsi də həmin sanksiyaların təsirinə məruz qalacaq. Rusiya və Almaniya arasındakı bu qaz kəməri keçən ilin sentyabr ayından hazırdır, amma fəaliyyət göstərmir.

Həftələrdir Ukrayna sərhədlərində on minlərlə rus əsgərinin toplanması gərginliyi və işğal qorxusunu artırıb. Bu müddətdə Rusiya hücum planlaşdırdığını inkar edib. Həmin vaxt ABŞ da Rusiya qazını Qərbi Avropaya göndərəcək əsas boru kəmərinin açılışını dayandırmaqla hədələyib.

“Mən açıq demək istəyirəm: Rusiya bu və ya digər şəkildə Ukraynanı işğal edərsə, “Şimal axını-2” irəliləməyəcək,” - ABŞ dövlət departamentinin sözçüsü Ned Prays NPR-a deyib. Lakin o, layihənin necə dayandırılacağına dair “detallara girmək niyyətində olmadığını” bildirib. ABŞ-ın bu layihəni ləğv etmək səlahiyyətinin olub-olmaması ilə bağlı suallar cavabsız qalır. “Biz layihənin davam etməməsini təmin etmək üçün Almaniya ilə işləyəcəyik,” - cənab Prays deyib.

Almaniya xarici işlər naziri Annalena Birbok parlamentə deyib ki, Qərb müttəfiqləri “Şimal axını-2”-ni də əhatə edən “güclü sanksiyalar paketi üzərində işləyirlər”. Lakin o, əlavə edib ki, Moskva ilə “dialoqu davam etdirməyə” üstünlük verir. Onun şərhləri Almaniyanın ABŞ-dakı səfiri Emili Haberin “Rusiya Ukraynanın suverenliyini” pozarsa, “Şimal axını-2 də daxil olmaqla, heç nə masadan kənarda qalmayacaq” tvitindən sonra gəlib.


“Şimal axını-2” layihəsi nədir?


1,225 kilometrlik boru kəmərinin tikintisi beş il çəkib və 11 milyard dollara başa gəlib. Baltik dənizinin dibi ilə həyata keçiriləcək enerji layihəsi Rusiyanın Almaniyaya qaz ixracını iki dəfə artırmaq üçün nəzərdə tutulub. Ancaq layihə hələ ki, fəaliyyətə başlamayıb, tənzimləyicilərin noyabrda dediyi kimi, layihə Almaniya qanunlarına uyğun gəlmir və təsdiqi dayandırılıb. Keçmiş kansler Cerard Şröyder tərəfindən idarə olunan “Şimal axını-2” layihəsinə iri Avropa şirkətləri böyük sərmayə qoyublar. Ancaq bir çox qruplar bu plana etiraz edir. Ekoloqlar bunun Almaniyanın tullantıları azaltmaq və texnogen iqlim dəyişikliyi ilə mübarizə səyləri ilə necə uyğunlaşacağını sorğulayır, eyni zamanda, daxildə və xaricdəki siyasətçilər bunun Avropanın Rusiya enerjisindən asılılığını artıra biləcəyindən qorxurlar. Ukrayna Prezidenti Vladimir Zelenski daha əvvəl boru kəmərini “təhlükəli geosiyasi silah” adlandırıb.


Diplomatik tonda əhəmiyyətli dəyişiklik


Analitik Damien MakGinnesin təhlilinə görə, illərdir Almaniya hökumətinin “Şimal axını-2” ilə bağlı rəsmi xətti bu kəmərin siyasi olmayan, özəl biznes layihəsi olmasından ibarətdir. Amerikanın kütləvi təzyiqlərinə, o cümlədən layihədə iştirak edən Avropa şirkətlərinə qarşı sanksiya hədələrinə baxmayaraq, Berlin geri çəkilməkdən imtina edirdi. Bəziləri Washington-u Almaniyanın müstəqil enerji siyasətinə qarışmaqda ittiham edirdi. Vəziyyət keçən həftə Almaniya kansleri Olaf Scholz Rusiyanın təcavüzünə cavab vermək üçün “Şimal axını-2”-dən istifadə edilib-edilməyəcəyini soruşduqda dəyişdi. “Ukraynaya qarşı hərbi müdaxilə olarsa, hər şey müzakirə oluna bilər”, o deyib. Bu, qəribə səslənməyə bilər, lakin layihənin ləğvinin böyük xərcini nəzərə alsaq, buna böyük təhlükə kimi baxmaq olar.Bu boru kəməri layihəsi Almaniyada mübahisəlidir. Xüsusilə Yaşıllar Partiyası qismən ekoloji səbəblərə görə həmişə buna qarşı çıxıb. Lakin kanslerin sol mərkəzçi SPD partiyası ənənəvi olaraq boru kəmərinin Almaniyanın enerji təchizatı üçün çox vacib olduğuna inanaraq onu dəstəkləyir. Ukrayna sərhədində Rusiya ordusunun toplanması Amerikanın illərdir etdiyi təzyiqinin indiyə qədər bacara bilmədiyi nəticəyə nail oldu: Almaniyanı “Şimal axını-2” layihəsinə yenidən baxmağa vadar etdi.