vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNDƏM  
19:50 | 5 iyun 2022 | Bazar Məqaləyə 1016 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya çox pis qonşudur

“Beynəlxalq hüquqa tüpürüb və özlərini zora söykənən qəbilə kimi aparırlar”

Rəşad BAKUVİ
Azərbaycan Yüksəliş Partiyası başqan müavini

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu günlərdə Rusiya Federasiyasının dövlət informasiya agentliyi olan “Ria Novosti”nin Azərbaycanın beynəlxalq hüquqla Rusiyanın da tanıdığı suveren ərazilərində mövcud olan qondarma separatçı rejimin “rəsmisi” Beqlaryandan müsahibə götürməsi birmənalı qarşılana bilməz! Müsahibədə açıq formada Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdid olmaqla yanaşı, həm də separatçılığa dəstək elementləri var. Azərbaycan XİN-in baş verənlərə məhz bu şəkildə cavabı və “Ria Novosti”nin Azərbaycan ərazisində yayımının qadağan edilməsi təsadüfi deyil. Çünki bu agentlik birbaşa Kremlə bağlıdır, özbaşına deyil. Cənubi Qafqazda geosiyasi mövqelərini itirmək istəməyən Kreml zaman-zaman rəsmi Bakıya qarşı bu kimi qıcıq doğuran reveranslar edir, “Ria Novosti”də çıxan müsahibənin Moskvanın işi olduğu kimsədə şübhə doğura bilməz.

Görünən budur ki, Rusiya Qarabağda qalmış bir qrup erməni etnik azlığın dövlət olmaq iddialarını legitimləşdirməyə cəhd etməklə bölgədə uzunmüddətli sülhün, barışın və ən önəmlisi, birgəyaşayışın yaranmasına maneələr törətmək xətti tutub. Ermənilər yenə də Rusiyanın bölgədə Azərbaycana qarşı cinayətlərinə alət olmaqda davam edirlər. Rusiya hər kəslə, xüsusilə də qonşu dövlətlərlə zor dilində danışmaq siyasətindən əl çəkmədikcə bölgəmizdə uzunmüddətli sabitlik, hansısa sülh şəraitindən danışmaq çətin olacaq. Rusiya çox pis qonşudur və bunu bərabərhüquqlu dövlətlərarası münasibətlərə dırnaqarası baxmağından da bilmək olur. Zaman-zaman Rusiya Xarici İşlər Nazirliyinin rəsmilərinin  guya regionda sülhü, barışı, sabitliyi ən çox istəyən tərəfin elə Moskva olmasını tirajlamaları da boğazdan yuxarı deyilən sözlərdir. Gerçəklik isə Ukraynada, Gürcüstanda, Moldovada, Qırğız-Tacik sərhədlərində, Qazaxıstanda, həmçinin Azərbaycanda baş verənlərdə özünü büruzə verir. Yəni, Rusiya elə həmin Rusiyadır və bu aqressiyaya dayanan imperialist, ekspansionist siyasətə son qoymadıqca, hər bir postsovet ölkəsi elə, ya belə son dərəcə isterik vəziyyətdə olan Rusiyadan zərər görəcək. 

Ona görə də nə qədər gec deyil, Rusiyanın Azərbaycanın suveren ərazilərində separatçılığı legitimləşdirmə cəhdlərinə qarşı bütün istiqamətlər üzrə Milli Müqavimət təşkil olunmalıdır, siyasi mövqe açıq mətnlə çox kəskin qoyulmalıdır, əks halda, bu, növbəti ərazi bütövlüyü böhranına səbəb ola bilər ki, bu da Azərbaycan dövlətçiliyi üçün qırmızı cizgidir. Bu kimi qıcıq doğuran hərəkətlərlə Kreml hər vəchlə əndazələri aşmaqdadır və yerinə oturdulmalıdır. Fakt bu ki, rəsmi Moskva bağlanan dövlətlərarası müqavilələrə, sənədlərə məhəl qoyacaq siyasi mədəniyyəti, dövlət ərkanını artıq çoxdan itirib, beynəlxalq hüquqa, normalara, qaydalara tüpürüb, özünü zora söykənən qəbilə kimi aparır. Ətrafında bu qədər geosiyasi və geoiqtisadi ağır problemlər ola-ola Rusiyanın bir də hər mənada hava-su qədər ehtiyacı olduğu Türkiyə ilə hərbi-siyasi müttəfiq olan Azərbaycana qarşı məntiqə sığmayan təhdid nöqtələri yaratması onu göstərir ki, Kreml divarları arasında oturanlar reallıq hisslərini itirmək üzrədirlər və baş verənləri real planda qiymətləndirmək qabiliyyətindən də məhrum olublar. İsterika o həddədir ki, Putin və onun administrasiyasında olanlar rasional düşünmək, davranış nümayiş etdirmək keyfiyyətlərini itiriblər və bu, çox təhlükəlidir. Onlardan artıq hər cür avantürist addım gözləmək olar. Azərbaycan dövləti, cəmiyyəti və xalqı ayıq-sayıqlığını itirməməli, proseslərin hər cür inkişafına hazır olmalıdır.