vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
21:44 | 22 iyun 2022 | Çərşənbə Məqaləyə 1353 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ən çox turist qonşulardan gəlib

Quru sərhədlərinin mərhələli açılışı turizm sektorunu dirçəldəcək

Vüqar BAYRAMOV

Bu ilin ilk 5 ayında Azərbaycana gələn turistlərin sayı 2.2 dəfə artaraq 468 minə çatıb. Gələnlərin 24,8 faizi Türkiyə, 24,7 faizi Rusiya Federasiyası, 13,8 faizi İran, 5,6 faizi Gürcüstan, 3,7 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,7 faizi Ukrayna, hər birindən 2,4 faiz olmaqla Hindistan və Pakistan, 1,7 faizi Qazaxıstan, 1,3 faizi Küveyt, 1,2 faizi Böyük Britaniya, 12,9 faizi digər ölkələrin vətəndaşları olublar. Göründüyü kimi, Azərbaycana ən çox qardaş Türkiyədən gəlir.

Statistik məlumatlara görə, ötən ilin eyni dövrü ilə müqayisədə Omandan gələnlərin sayı 505,9 dəfə, Səudiyyə Ərəbistanından - 198,2 dəfə, Küveytdən - 172,8 dəfə, Bəhreyndən - 70,8 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 69,5 dəfə, Pakistandan - 44,0 dəfə, Hindistandan - 26,5 dəfə, İsraildən - 9,1 dəfə, ABŞ-dan - 6,0 dəfə, Qazaxıstandan - 5,0 dəfə, Almaniyadan - 3,5 dəfə, Fransadan - 3,3 dəfə, Ukraynadan - 2,2 dəfə, Böyük Britaniyadan - 2,1 dəfə, Türkiyədən - 2,1 dəfə, İrandan - 1,8 dəfə, Rusiya Federasiyasından - 1,6 dəfə, Gürcüstandan - 17,7 faiz artıb. Bir sıra ölkələrdən gələnlərin sayının kəskin artması pandemiya səbəbindən ötən il həmin dövlətlərdən Azərbaycanda səfər edənlərin sayının kəskin azalması ilə bağlıdır. 

Belə ki, xüsusən körfəz ölkələrdən ötən il Azərbaycana gələnlərin sayı kəskin azalmışdı. 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 2,9 dəfə artaraq 107,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,6 dəfə artaraq 22,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 149,7 min nəfər olub.

Artıq yeni turizm mövsümü başlayıb. Qeyd edək ki, 2019-cu ilə ölkəyə 3.2 milyon turist gəlmişdisə 2021-ci ildə pandemiya səbəbindən bu rəqəm 791,8 minədək azaldı. Bu ilin ilk aylarından etibarən ölkəmizə gələnlərin sayında artımın olmasına baxmayaraq hələ də rəqəmlər pandemiyadan əvvəlki səviyyədən aşağıdır.

Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhfə verir. 

Artıq əksər ölkələrdə karantin qaydaları kəskin yumşaldılıb. Azərbaycanda da karantin qadağalarının əksəriyyəti aradan qaldırılıb. Bununla yanaşı, bu sektorun inkişafı baxımdan quru sərhədlərinin mərhələli açılışı ölkəyə gələn turistlərinin sayının kəskin artmasına səbəb ola bilər. 

Statistika da göstərir ki, Azərbaycana səfər edənlərin əksəriyyəti qonşu ölkələrdən gəlirlər. Onlar eyni zamanda quru sərhədlərdən istifadəyə üstünlük verirdilər. Bu ilin 5 ayında da Azərbaycana gələn turistlərin 68.9  faizi quru sərhədlərimizin olduğu ölkələrin payına düşüb. Yəni, Azərbaycana gələn hər 10 turistin 7-sinin vətəndaşlığı olduğu ölkə ilə quru sərhədlərimiz var. Bu baxımdan, quru sərhədlərin açılması ölkəyə daha çox turistin gəlməsinə səbəb olmaqla real sektora dəstək ola bilər.