vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
MƏHKƏMƏ, İSTİNTAQ  
10:11 | 30 iyul 2014 | Çərşənbə Məqaləyə 2986 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bunu Mehriban Əliyeva qadağan edib»

Puluna arxayın olub «mənəm-mənəmlik» edən İsgəndər Xəlilov işi çətinə düşəndə özündən bəhanələr uydurur

Lev MAAS

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu günlərdə Yasamal Rayon Məhkəməsində Rusiyada yaşayan azərbaycanlı milyarder İsgəndər Xəlilovun adının hallandığı qalmaqallı məhkəmə çəkişməsi olub. Proses hakim Mətanət Qasımovanın sədrliyi ilə keçirilib. Virtualaz.org saytının prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, «Svithaus» MMC tikinti şirkətinin maraqlarını təmsil edən vəkil İradə Həsənovanın məhkəmə iclasında verdiyi açıqlama daha çox maraq doğurub.

Vəkil deyib: «İsgəndər Xəlilova məxsus olan və burada maraqlarını təmsil və müdafiə etdiyim «Svithaus» MMC şirkətinə həmin evi tikməyi Mehriban xanım Əliyeva qadağan edib».

Vəkilin bu açıqlaması məhkəmə heyəti tərəfindən heyrətlə qarşılanıb. Bundan sonra hakim vəkilə belə bir sual ünvanlayıb: «Sizin əlinizdə bu iddianı sübut və ya təsdiq edən müfaviq arqumentlər varmı?»

Vəkil İradə Həsənovanın cavabı ziddiyyətli olub: «Bu, hökumətin göstərişidir. Cavabdeh şəxsə tikintini dayandırmağı əmr ediblər. Çünki Nazirlər Kabineti həmin ərazidə 7 ulduzlu otel tikməyi planlaşdırır. Daha sonra isə cavabdeh Xəlilova elə həmin mənbələrdən deyiblər ki, orada otel yox, konfrans zalı tikiləcək...»

Hakim M.Qasımova vəkildən bu ziddiyyətli açıqlamalarına aydınlıq gətirilməsini istəyib: «Yəqin siz də razılaşarsınız ki, iddia etdiyiniz kimi, vətəndaş Mehriban Əliyevanın tələbi ilə Azərbaycan hökumətinin göstərişi bir-birinə diametral şəkildə zidd olan anlayışlardır. Aydın məsələdir ki, Nazirlər Kabinetinin bu göstərişi dövlət maraqlarından irəli gəlir. Ona görə də gətirdiyiniz bu dəlil əsassızdır. Bununla bağlı sual yaranır: maraqlarını müdafiə etdiyiniz «Svithaus» MMC-nin mübahisə predmeti olan həmin ərazidə çoxmərtəbəli yaşayış binası tikməyə müvafiq rəsmi icazəsi olubmu?»

 

***

 

Bu məqamda bir qədər geri qayıdıb məsələnin mahiyyəti barədə məlumat vermək lazım gəlir.

Oliqarx İsgəndər Xəlilovun qalmaqallı məhkəmə çəkişməsinin «qəhrəmanı» olmasının səbəbi Bakı sakini, 27 yaşlı Məmməd Ələkbərovdur. Səbəb sadədir. Cəzasız qalacağına güvənən, əlindəki maliyyə imkanlarının hesabına qanunlara da təzyiq-təsir edəcəyini düşünən «Svithaus» MMC bu gənc bakılını nəinki sadəcə aldadıb və onu evsiz qoyub, onun həm də şəxsi xoşbəxtliyinə mane olub. M.Ələkbərov oliqarxın şirkətinin onu aldatması ucbatından hətta toyunu da təxirə salmağa məcbur olub. Nəticədə M.Ələkbərov məhkəmə müraciət edib.

İddiaçı M.Ələkbərovun vəkili Kamandar Nəsibov virtualaz.org saytına açıqlamasında tələblərini belə izah etdi: «Mənim müvəkkilimin tələbi haqlıdır. Biz İsgəndər Xəlilovdan o qədər də böyük təzminat tələb etmirik. O, müvəkkilimə cəmi 165 min manat ödəməlidir ki, Məmməd Ələkbərov bu pulla özünə balaca bir mənzil ala bilsin. İndiki qiymətlərlə yalnız belə mənzil almaq olar. «Svithaus» MMC Ələkbərovu öz qanunsuz və qeyri-dürüst hərəkətləri ilə aldadıb, onun halal mənzilindən məhrum edib».

Məmməd Ələkbərov özü isə başına gələnləri virtualaz.org saytına belə nəql edib: «Gec-tez ailə quracağımı, valideynlərimə yük olmamaq üçün ata evindən ayrılacağımı nəzərə alıb hələ subay ikən özümə güzəran qurmaq istəyirdim. 2010-cu ildə qərara gəldim ki, özümə ayrıca mənzil alım. Qazancım pis deyildi. Allaha şükür, prezident İlham Əliyev ölkədə hamıya yaxşı iş, yaxşı yaşamaq şəraiti qurub.

Yaşadığım Ağa Nemətulla küçəsindən bir qədər aralıda, Heydər Əliyev Mərkəzinin yaxınlığındakı iki çoxmərtəbəli binanın arasında yeni binanın özülü qoyulurdu. Şəhərdə gəzən söhbətlərə görə, bu yaşayış kompleksini Moskvada yaşayan azərbaycanlı oliqarx, haqqında əfsanələr dolaşan milyarder İsgəndər Xəlilov tikirdi. Ora gedib məsələni aydınlaşdırdım. Doğrudan da «Svithaus» MMC-nin icraçı katibi və onun təsisçilərindən biri milyarderin elə öz qardaşı, «Bakı Toxucu Tikiş» ASC-nin sədri Cavanşir Ağasəlim oğlu Xəlilov idi. MMC-nin sədri isə mənə dediklərinə görə, Cəmilə İsmayıl qızı İbrahimova adlı bir xanımdır. Bu şirkətin İsgəndər Xəlilova məxsusluğu təsdiqləndiyi üçün daha bir şübhəm qalmadı. Tikilməkdə olan kompleksin rəisi Məmməd Xudayevlə görüşümüzdə o da təsdiqlədi ki, «Svithaus» MMC moskvalı oliqarxa məxsusdur. Xudayev məni daha da inandırmaq üçün gülə-gülə hətta belə dedi: «Əgər bir yerdə 3-4 daşı üst-üstə qoysanız, polis o dəqiqə gəlib uçuracaq. Bizdə isə gördüyün kimi, bütün işlər öz qaydasında gedir, heç kim də gəlib mane olmur».

Xudayev daha sonra mənim maddi imkanlarımla maraqlandı. Vəziyyətim, qazancım barədə dediklərim onu qane etdiyindən tikilməkdə olan binadan mənə kvadratmetri 500 manat olmaq şərtilə mənzil satmağa razılaşdı.

Elə həmin gün - 2010-cu il, dekabrın 8-də mən «Svithaus» MMC şirkəti ilə tikintisi gedən binanın 10-cu mərtəbəsində ümumi sahəsi 90,9 kvadratmetr olan ikiotaqlı mənzilin alqı-satqısına dair müqavilə imzaladım.

Həmin gün şirkətdən mənə belə vəd də verdilər: «Müqavilədə də göstərildiyi kimi, 2012-ci ilin dekabrında hazır mənzili bizdən təhvil alacaqsınız. Biz sənə İsgəndər Xəlilovun sözünü deyirik. İsgəndər müəllimin sözü isə bank zəmanətindən də etibarlıdır».

Və mən «Svithaus» MMC-nin mühasibatlığına hər ay səliqə ilə, vaxtlı-vaxtında 2000, qazancım çox olanda bəzən hətta 2800 manat ödəməyə başladım. Ödənişi heç vaxt gecikdirmədim.

Üstündən yarım il keçdi. Birdən fikir verib gördüm ki, həmin binada tikinti elə 3-cü mərtəbədə də dayanıb. Dərhal ora getdim. Amma şirkətdə məni sakitləşdirib dedilər ki, qabaqlar icazə sənədlərini tikinti gedə-gedə verirdilər, indi isə guya qayda dəyişib, əvvəl sənədlər hazırlanmalı, sonra tikinti getməlidir, bir-iki həftəyə hər şey yoluna düşəcək, siz mənzili müqavilədə göstərilən vaxt təhvil alacaqsınız və s.

Buna inanıb ödənişləri yenidən səliqə ilə vaxtında etməyə davam etdim. Bir dəfə də maraqlandım ki, yeni binamızda qaraj da ala bilərəmmi. Dedilər yox, hamısı çoxdan satılıb qurtarıb. Amma az sonra - sentyabr ayında şirkətdən qəfildən zəng vurub dedilər ki, müştərilərin biri öz qarajından imtina edib, onu satırıq. Ora getdim, razılaşdıq. 2011-ci il, sentyabrın 9-da «Svithouse» MMC ilə daha bir müqavilə imzalayıb həmin binada 22,5 kvadratmetr sahəsi olan qaraj aldım və başladım həm mənzilə, həm də qaraja görə ödəniş etməyə. Amma vaxt keçsə də binanın tikintisi elə qaldığı yerdə qalmışdı, davam etmirdi. Bina 3-cü mərtəbədən qalxmırdı ki, qalxmırdı. Bunu görəndə 2013-cü ilin yanvarından etibarən ödənişləri dayandırdım (halbuki müqaviləyə görə, mən 2013-cü ili yeni mənzildə qarşılamalı idim). Çünki mən öz öhdəliklərimi yerinə yetirmişdim, «Svithaus» MMC isə yox. Mən mənzilin dəyərinin 65 faizini, yəni 28150 manat şirkətə ödəmişdim. Üstəlik qaraja görə də 10800 manat vermişdim. Bunu mənə şirkətdən verilən qəbzlər də sübut edir.

Bu şirkətlə müqavilənin daha heç bir əhəmiyyəti qalmamışdı. Ona görə də məhkəməyə üz tutdum. Hərçənd ki, məhkəmənin də İsgəndər Xəlilov adlı Qoliafla çətin bacaracağını anlayırdım...»

 

***

 

...İndi yenidən bayaq yarımçıq qoyduğumuz məsələyə - həmin məhkəmə prosesinə qayıdaq.

Hakim Mətanət Qasımova deyir: «Sualımı təkrar edirəm. Cavabdeh tərəfin hazırda məhkəmə heyəti tərəfindən nəzərdən keçirilən həmin ərazidə çoxmərtəbəli yaşayış binası tikmək üçün müvafiq icazəsi var idimi?»

Vəkil İradə Həsənova suala belə cavab verir: «Bu sənədlər alınma mərhələsindədir».

Hakim M.Qasımova: «Hər halda bu mərhələ çox uzun çəkdi. Tam 4 il... Bu müddətdə vətəndaşlarla müqavilələr imzalanmaqda isə davam edib. Sizin müdafiə etdiyiniz şirkət binanı 3-cü mərtəbəyə qədər tikib də... Bəs tikintini sonradan niyə davam etdirmədilər?»

 

Vəkil İ.Həsənova: «Möhtərəm hakim, iddiaçı pulu ödəməyi dayandırdığı üçün...»


Hakim dözməyib bu qəribə cavaba gülümsəməklə reaksiya verdi: «Deməli, belə çıxır ki, cavabdeh şirkətin binanı tikib başa çatdırmağına yalnız iddiaçı Ələkbərovun ödəmədiyi 17 min manatlıq kəsir mane olub?! Çox maraqlıdır...»

«Svithaus»un arxasında İ.Xəlilovun dayanması üzündən məhkəmənin onlar üçün asan keçəcəyinə əmin olan vəkil İ.Həsənova bu məntiqi suallara cavab verməyə hazır deyildi.

Hakim vəkilə daha bir sual verdi: «Tikinti dayanandan sonrakı bir il yarım ərzində cavabdeh tərəf (şirkət-red.) ondan mənzil almış vətəndaşlardan ödəniş qəbul etməkdə davam edib. Bu vəsaitə, bu ödənişlərə Vergilər Nazirliyi tərəfindən nəzarət olunubmu?»

Vəkil İ.Həsənova bu suala da ağlabatan cavab verə bilmədi. Çünki işdə bununla bağlı sənədlər də yox idi. Nəticədə yerində müşavirə edən məhkəmə heyəti ilk dinləmələri avqustun 1-nə təyin etdi.

Prosesdən sonra virtualaz.org saytına danışan vəkil Kamandar Nəsibov bunları bildirdi: «Müvəkkilim məndən israr tələb edir ki, əgər «Svithaus» tələb olunan bütün sənədləri məhkəməyə təqdim edə bilməsə, onda bu işə mülki qaydada yox, cinayət təqibi müstəvisində baxılmasını təmin edim. Mənim üçünsə əsas məsələ müvəkkilimin iddia etdiyi 165 min manatlıq təzminatın şirkət tərəfindən Məmməd Ələkbərova ödənilməsinə nail olmaqdır».

Əldəki sənədlərə əsasən hər şey M.Ələkbərovun xeyrinə olsa da avqustun 1-də keçiriləcək prosesin necə bitəcəyini deyə bilmərik. Necə deyərlər, biz yalnız fərz edə bilərik, qərarı isə məhkəmə verəcək.

Bizi maraqlandıran məsələ başqadır - şirkətin və onun vəkilinin gətirdiyi bəhanə və «arqumentlər».

Bunları aydınlaşdırmaq üçün müraciət etdiyimiz Nazirlər Kabinetindəki mötəbər mənbə İ.Xəlilovun və şirkətinin iddialarını inkar etdi: «Bu şirkətin rəhbərliyi Nazirlər Kabinetinin həmin ərazidə digər bir obyekt tikmək niyyətində olduğunu lap əvvəlcədən bilirdi. Amma «Svithaus» şirkətinin sahibləri öz nüfuz və pullarına arxayın olub həmin ərazidə bina tikməyə başladılar. Elə burada da səhvə yol verdilər. İşləri çətinə düşəndə isə özlərindən bəhanələr uydurmağa, «bilirsinizmi, birinci ledi bizim işimizə müdaxilə etdi, nəticədə planlarımız alt-üst oldu» şəkilli uydurmaları dövriyyəyə buraxmağa başladılar. Halbuki həmin ərazi Nazirlər Kabinetinə məxsusdur».

Beləliklə, oliqarx İ.Xəlilovun vəkilinin məhkəmədə «Svithaus»un qaranlıq əməllərinə haqq qazandırmaq üçün M.Əliyevanın hansısa «qadağası»ndan danışmasının əsl səbəbi tam aydınlaşır. Bu cür uydurmalar isə təkcə məcburiyyətdən əl atılıb yapışılan saman çöpü deyil, həm də şəxsiyyətə qarşı qəsddir, qanunlara və dövlətçiliyə qarşı çıxmaqdır. Bu da öz növbəsində sadəcə nonsens yox, həm də cinayətdir...