«Gecə saat 12-dən səhərədək...»
«Bizdən bir itki varsa, onlardan ikiqat itki var»
İlkin MURADOV, Ağdam, Çıraqlı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Nonu ...
...Yaxud çadır həyatının təəssüratları
-
O göydəki ulduzlar haqqı
Tanrı dərgahı kimi ...
-
Separatçılar üçün “soyuq düş”
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
-
Diplomat yalan danışırsa ...
Bu millətdə normal insan olmayacaq?
-
Öz xoşlarıyla çıxmayacaqlar
Humanitar yardım adıyla silah daşınır
-
Oskanyan dövrəyə girdi
Ermənilər Xankəndidə Azərbaycana qarşı yeni təxribat hazırlığına başladılar
-
Rusiya çıxmaq istəmir
Fransa isə qoşun yeritmək fikrində
-
“The Game is Over!”
Ən azı bitmək üzrədir...
-
Fransanın zibillədiyi yol ...
Azərbaycan artıq Rusiya ilə də hesablaşmaq istəmir
-
Blinkenin Bakıya zəngi...
... Və Ağdamdan Xankəndiyə qaz kəməri qərarı
-
Orduya tapşırıq verildi
Azərbaycan Xankəndi yolunu bağlayır ...
-
Təxribatdan əvvəlki təbliğat
Putinin ehtimal olunan səfəri fonunda Ermənistanın başı qaşınır
-
Xankəndi şeytan yuvası olmayacaq!
Ermənilərə gələn silah karvanının sahiblərinə ...
-
Əliyev Kremllə razılaşmır
Azərbaycan Rusiyanın oyununu pozur
-
... Ermənilərin taleyi necə olacaq?
Azərbaycan Qarabağda vəziyyəti tamamilə dəyişməyə hazırlaşır ...
-
Paşinyan “qaşınır”
Erməni baş nazir müharibə istəyir?
...Ağdamda vəziyyət gərgindir. Lakin mətbuatda, ən çox da sosial şəbəkələrdə və nəyin baş verdiyini öyrənməyə çalışan insanlar arasında yayılmış məlumatlarda deyildiyi, təsvir olunduğu kimi deyil. Yəni insanlar kəndlərdən çıxmayıb, sakinlər xofa düşməyib. Rayonda heç bir panika, rüh düşkünlüyü yoxdur...
Ağdamın cəbhə bölgəsindəki kəndlərindən yalnız körpə uşaqlar və bir neçə yaşlı insan başqa kəndlərə, qohumlarının evinə aparılıb, vəssalam.
Bu məlumatları virtualaz.org saytının Ağdama ezam olunmuş müxbirinə yerli sakinlər verib. Müxbirimiz hər şeyi öz gözləri ilə görüb. Gördüklərini, eşitdiklərini qələmə alıb.
Əməkdaşımızın avqustun 3-ü gecə saat 00:00-dan səhər saat 07:00-dək cəbhə xəttində apardığı müşahidələri təqdim edirik:
***
Saat 00:05
Ağdamda sakitlikdir... Rayonun bir neçə kəndində müşahidə apararaq Baharlı qəsəbəsinə gəlirik. Ağdamlılarla söhbətləşirik. Onlar insanların kəndlərdən çıxmasını xəbərini təkzib edir. Cəbhə bölgəsində olan kəndlərdən yalnız körpə uşaqların və bir neçə yaşlı insanın başqa kəndlərə aparıldığını deyirlər...
Saat 00:35
Yolumuz Ağdamın cəbhəyə ən yaxın kəndlərindən olan Çıraqlıyadır. Çıraqlı istiqamətində ara-sıra tək-tək silah səsləri eşidilir. Amma kənd sakinləri yerindədir, evindədir. Düşmən tərəfdən atılan güllələr isə cavabsız qalmır. Əsgərimiz də öz yerindədir...
Saat 01:00
Çıraqlı kəndi ərazisində müşahidələrimiz davam edir. Düşmən postlarına ən yaxın yaşayış məskəni olan Çıraqlı kəndində sakitlikdir. Cəbhə bölgəsinə ən yaxın olan bütün kəndlərdə silahlı qüvvələrimizin əsgərləri növbə çəkir. Çıraqlı kəndinin bütün giriş-çıxışlarında, cəbhəyə yaxın hissələrində, hər yerdə ordumuzun əsgər və zabitlərini görmək mümkündür... Hamı ayıq-sayıqdır, döyüşə hazırdır...
Saat 01:30
Hələ də Çıraqlı kəndindəyik. Burada tək-tük güllə səsləri eşitmək olar. Ancaq Ağdamın Güllücə kəndi istiqamətində düşmənin atəşkəsi intensiv pozmasını müşahidə edirik. Bu dəqiqələrdə Ağdamın demək olar ki, yalnız bu istiqamətində atışma gedir. Düşmən cavab atəşi ilə susdurulur...
Saat 02:00
Çıraqlıda heç bir atəş səsi eşidilmir. Yenə də yalnız Güllücə kəndi istiqamətində fasilələrlə qarşılıqlı atışma gedir...
Saat 02:30
Çıraqlıda iki gün əvvəlki kimi intensiv atışma yoxdur. Tərəflər arasında ara-sıra qarşılıqlı atışma olur. Güllücə və Nəmirli kəndlərindən atəş səsləri eşidilir...
Saat 03:15
Kənd camaatının və hərbçilərin də dediyi kimi, düşmən məhz bu saatlarda atəşi daha da gücləndirir. Hazırda Çıraqlı kəndindən apardığımız müşahidə budur ki, ermənilər Güllücə kəndi istiqamətindəki hərbi mövqelərimizi şiddətli atəşə tutur...
Saat 04:30
Bu dəqiqələrdə Çıraqlı kəndi istiqamətində demək olar ki, atəş səsləri eşidilmir. Güllücəyə güllə yağışı isə davam edir. Qaradağlı, Mahrızlı, Çəmənli, Nəmirli, Yusifcanlı istiqamətlərində də ara-sıra atəş səsləri eşidilir...
Saat 05:30
Ağdamda atəş səsləri kəsilir. Ən çox düşmən gülləsinə hədəf olan Güllücə istiqamətində də atəş səsləri eşidilmir...
Yerli sakinlər evindədir. İnsanlar Bakıda yaşayanlardan fərqli olaraq təşviş içində deyil. Belə görünür ki, Bakıda vəziyyət cəbhədən gərgindir. Bu da insanların cəbhə xəttindən daha çox və daha müfəssəl məlumat almaq istəyi ilə bağlıdır.
Ağdamda iyulun 31-dən avqustun 2-dək olan gərginlik daha yoxdur. Tərəflər qarşılıqlı olaraq atəşi azaldıb.
Mətbuatda isə kəndlərin boşaldılması, yerli camaatın kəndlərdən köç etməsi xəbərləri yayılır. Bu xəbərlər daha çox paytaxtda və ətraf rayonlarda narahatlığın, təşvişin yaranmasına səbəb olur. Bu xəbərlərdən yerli camaat da narahatdır.
Bir daha qeyd edək ki, bəzi kəndlərdən yalnız azyaşlı uşaqlar və bir neçə yaşlı insan yaxın kəndlərdəki qohumlarının evinə aparılıb. Cəbhə bölgəsində olan kəndlərdə kişilər döyüşməyə hazırdır.
Əsasən də sosial şəbəkələrdə Ağdam məscidlərinə xeyli sayda hərbçinin cənazəsinin gətirilməsi xəbərlərinin yayılması yerli sakinlər tərəfindən hiddətlə qarşılanıb: »Belə şey yoxdur. Bu xəbərlər təxribatdır».
Ağdamlılar deyir ki, rayonun iki məscidinə gətirilən hərbçilərimizin cənazəsi yerli sakinlərin də iştirakı ilə əsgərlərimiz tərəfindən yuyulub. Şəhidlərimizin nəşi öz rayonlarına yola salınıb.
***
Bakıdan Ağdama avqustun 2-də saat 19:00-da yola düşmüşdük. Yol boyu gördüyümüz mənzərə bu idi ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri və silahlı texnikası Ağdam, Tərtər, Qazax və cəbhəboyu rayonlarımıza göndərilir. Dünən günorta saatlarında da cəbhə bölgəsinə doğru hərəkət edən hərbi texnikanın görüntülərini təqdim etmişdik. Onlar əsasən Ağdamın Məzəmli və Çəmənli kəndləri istiqamətində irəliləyirdi. Ağdamın hərbi bazasında olan zirehli texnika da cəbhə bölgəsinə yerləşdirilib.
Ağdamda öyrənirik ki, yerli sakinlər əkin-biçinlə əvvəl olduğu kimi indi də gecə saatlarında məşğul olur. Kəndlərdəki postlarda xidmət aparan hərbçilərimiz hava qaralandan sonra yerli sakinlərin hərəkətinə məhdudiyyət qoyub.
Son iki gündə cəbhədəki gərginlikdən sonra əsgərlər yerli sakinlərin cəbhəyə yaxın ərazilərdə hərəkətini tamamilə dayandırıb. Bütün kəndlərin girişi-çıxışı əsgərlərin nəzarətindədir. Yerli sakinlər də daxil olmaqla kəndlərə gələn hər kəs yoxlanılır.
Elə biz də Çıraqlı kəndində olarkən rastlaşdığımız əsgər və komandirlər, polislər tərəfindən yoxlanıldıq, gəlişimizin məqsədi barədə ətraflı məlumat verdik. Ağdamın mərkəzində və kəndlərin içində Post-Patrul Xidmətinin əməkdaşları da keşik çəkir. Hərbçilərimiz ayıq-sayıqdır, hər şey, hər yer ciddi nəzarətdədir.
Bir vacib məqamı da qeyd etməliyik. Gecə Çıraqlıda olarkən söhbət etdiyimiz əsgər, zabit və polislər mətbuatdan gileyləndi. Mətbuatda yayılan əsassız, yoxlanılmamış məlumatlardan bezdiklərini dedilər. Onlar eşitdikləri xəbərlərin Ağdamla əlaqəsinin olmadığını, kəndlərin boşaldılmadığını təkrar-təkrar diqqətə çatdırdılar. Gün ərzində yayılan məlumatları təkzib etməkdən yorulduqlarını dedilər.
İki əsgərlə Çıraqlı kəndində posta çıxan kapitan rütbəli zabitin dediklərindən: »Qardaşlar, hazırda cəbhənin demək olar ki, bütün istiqamətlərində atəşkəs pozulur. Amma düşmən savabını layiqincə alır. Bizdən bir itki varsa, onlardan ikiqat itki var. Məlumat yayarkən diqqətli olmaq lazımdır. Burada xidmət edən əsgərin, zabitin valideyni, bacısı, qardaşı, sevdiyi, qohumu var. Bilirsinizmi ki, biz gün ərzində neçə narahat ana ilə, ata ilə danışırıq? Onlara vəziyyəti izah etməyə çalışırıq. Valideynləri düşünün. Telefonda danışdığımız valideynlər bizə deyir ki, bəs axı mətbuatda yazılanlar siz deyən kimi deyil. Yaxınlarımız, doğmalarımız burada olanlardan xəbərsizdir. Onlar yalnız jurnalistlərin yazdığına inanır. Kim də nə istəyirsə, onu yazır. Öz valideynlərimizdən çox əsgərlərin valideynləri ilə danışırıq. Belə olmaz. Hər kəs doğrunu, gözü ilə gördüyünü yazsın...»
Polis mayorunun dedikləri: «Bakıda çayxanada oturanlar deyəsən, müharibəyə tam hazırdır. Yəqin elə oradan da cəbhəyə gedəcəklər. Əsgərimiz, ordumuz buradadır. Ağdamlılar qorxmur, çünki güvəndikləri ordu buradadır. Cəbhə bölgəsində olan insanlar paytaxtda olanlardan fərqli olaraq silah səsinə öyrəşib. Elə hər güllə atılanda qaçsaydıq, indi burda heç kim olmamalı idi. Narahat olmağa dəyməz. İki gündür vəziyyət gərginləşib, amma düşmən də cavabını layiqincə alıb. Vurulan erməni o tərəfdə ölür. Biz onun şəklini çəkib bəzi insanlara göstərə, bunu sübut edə bilmirik. Ermənilər də bunu açıqlamır. Ancaq biz şəhidlərimizi çiyinlərimizdə daşıdıq. Məscidə gətirib yuduq, şəhid kimi hörmət-izzətlə dəfn etdik. Bizim şəhidlərimizin sayı açıqlanır. Ancaq düşmənin itkisi yox. Əmin olun ki, hər şey nəzarətimiz altındadır...»
...Yazdıqlarımız avqustun 3-də gecə saat 00:01-dən səhər saat 07:01-dən müşahidə etdiklərimiz, görüşdüyümüz yerli sakinlərlə, polis və əsgərimizlə olan danışıqlarımız idi. Əsgərlər və polis əməkdaşları müşahidə apardığımız kənd ərazisində çəkiliş aparmağa icazə vermədi. Mətbuat bunu anlayışla qarşılamalıdır. Bura - cəbhədir. Bu - müharibədir...