vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
CƏMİYYƏT  
16:31 | 3 noyabr 2014 | Bazar ertəsi Məqaləyə 3556 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Topçubaşov niyə Nobel ala bilmədi?

Cərrahiyyəmizin banisinin kəşfi minlərlə əsgəri ölümdən xilas edib...

Leyla ƏLİYEVA, «Aydın yol» qəzeti

MÖVZU İLƏ ƏLAQƏLİ

Məclislərin birində yaxın dostu Üzeyir Hacıbəyli Topçubaşov haqda «Əgər təbabəti musiqi kimi səsləndirmək mümkün olsaydı, bizim Mustafa bəy təbabət musiqisinin görkəmli bəstəkarlarından biri olardı» deyib. Akademik Heydər Hüseynov isə ona etiraz edib: «Təbabətin filosofu adı Mustafa bəyə daha çox yaraşır».

Üzeyir bəy söhbəti incə yumorla davam etdirib və deyib ki, qoy Topçubaşov təbabətin filosofu və bəstəkarı olsun. Qoy ikiqat əziyyət çəksin...

Azərbaycan cərrahiyyə məktəbinin banilərindən biri, saysız mükafatlar laureatı akademik Mustafa Topçubaşovun həyatı, elə Üzeyir bəyin dediyi kimi, kifayət qədər keşməkeşli və maraqlı olub.

Tələbə, müəllim və professor

Mustafa Topçubaşov 1895-ci il avqustun 5-də Qərbi Azərbaycanda doğulub. Həkim olmaq arzusu hələ gimnaziyada oxuyanda yaranıb. Gimnaziya kitabxanasında şəkillərlə zəngin olan üç cildlik fizioterapiya kitabı onu sehrləyib.

Cərrah olması isə daha maraqlı bir təsadüflə bağlıdır. Bir gün tikiş iynəsi Mustafa bəyin dabanının dərininə işləyib, həkim cərrahi müdaxiləni vacib sayıb. Əməliyyatdan sonra ağrı dərhal keçib. Bu müdaxilə, iş prosesi onun çox xoşuna gəlib və oradaca qərarını verib.

Ailəsinin etirazına baxmayaraq Mustafa bəy tibb təhsili almaq üçün Kiyevə gedib. Olduqca çətin günlər yaşayıb, çevrilişlərin şahidi olub, bir tikə çörək üçün növbələrdə dayanıb. Mükəmməl təhsil aldıqdan sonra min bir əziyyətlə Azərbaycana qayıdıb. Evə getmək üçün pul axtardığı vaxt Bakı Dövlət Universitetinin açıldığını öyrənən Mustafa bəy tibb fakültəsinin ilk müəllimlərindən biri olub.

1930-cu ildə doktorluq dissertasiyasını müdafiə edib. Bu işin əhəmiyyətinə görə Topçubaşova professor adı verilib və o, Tibb Universitetinin cərrahiyyə kafedrasının müdiri seçilərək ömrünün sonuna qədər bu vəzifədə çalışıb.

1960-cı ildə SSRİ Tibb Elmləri Akademiyasının akademiki seçilib. Stalin mükafatı laureatı olan Topçubaşov 1975-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.

Yeni kəşflər

Müharibə illərində Bakı cəbhəyə yalnız neftlə kömək etmirdi. Paytaxt məktəblərini, bağçaları, hətta konservatoriyanı da yaralı əsgərlərin ixtiyarına verən görkəmli alim SSRİ-də ilk dəfə təxliyə hospitallarının yaradılmasının təşəbbüskarı olub.

Mustafa bəy müharibədən sonra depressiyaya düşən yaralı əsgərlər üçün xüsusi terapiya fikirləşib: hər bir xəstə əsgərə bir ağac əkməyi tapşırıb. Bu gün o əsgərlərin heç biri sağ olmasa da, bakılılar hər gün bu ağacların yanından keçir, onların kölgəsində dincəlirlər.

Müharibə illərində akademik güllə, qəlpə və digər yad cisimlərin çıxarılması üçün xüsusi stereoskopik aparat hazırlayıb. Bu cihazın modeli onun ağlına qatarda gəlib. Bir çox cərrahiyyə klinikası «Sehirli iynə» adlanan bu aparatdan istifadə etməyə başlayıb.

Ötən əsrdə cərrahiyyənin əsas problemlərindən olan narkozdan ölüm həkimlər üçün ciddi maneə idi. Keyitmə prosesi, normal keyitmə effekti verən mükəmməl bir sistem yox idi. 1938-ci ildə anelgezin efir-yağ maddəsini kəşf edən Topçubaşov normal keyitmə effektinə nail olub. Müharibə illərində məhz analgezin sayəsində minlərlə əsgər ölümdən xilas olub, döyüş meydanlarına qayıdıb.

1954-cü ildə italyan Artuzio analgezinin cərrahiyədə istifadəsinə dair silsilə kitablar nəşr etdirəndə SSRİ Tibb Elmləri Akademiyası bu kəşfin azərbaycanlı alim Mustafa Topçubaşova məxsus olduğunu açıqlayıb.

Nobel lənəti

Hər bir böyük kəşf kimi analgezinin də taleyi çox keşməkeşli olub. Neyrofiziologiya laboratoriyasının rəhbəri Qəhrəman Qəhrəmanovun bu barədə dedikləri:

«Nobel mükafatı komitəsi akademik Topçubaşova və mənə anket suallarına cavab verməyi təklif etdi. Anketdən əlavə biz Stokholma «Uzunmüddətli analgeziya -  səhiyyə və fiziologiyanın problemi» kitabımızı göndərdik. Bir müddət sonra xoş xəbər gəldi: materiallar baxılmaq üçün qəbul olunub, nəticə barədə məlumat veriləcək».

Lakin 1978-ci ildə Nobel komitəsi qərar qəbul edən vaxt «Bakinski raboçi» qəzetində Alfred Nobelin Azərbaycan xalqının düşməni olduğu barədə məqalə çıxıb. Silsilə yazılarda Nobel qardaşları Azərbaycanın bütün bəlalarının səbəbkarı kimi göstərilib. Bədniyyət yazı öz nəticəsini verib: həmin il fiziologiya və tibb üzrə Nobel mükafatı heç kimə təqdim olunmayıb.

Mustafa bəy sonrakı çıxışlarının birində deyib: «Görünür, azərbaycanlı alimlərə Nobel verilməsi kimlərəsə sərf eləmirmiş...» 

Nobel almasa da, Topçubaşovun adı tibb tarixinə həmişəlik düşüb. Hippokratdan Topşubaşova qədər elə bir alim olmayıb ki, onun kəşfi nəticəsində xəstə ayıq olduğu halda bütün bədəni ağrısızlaşdırılsın, həkim də bıçağı götürüb onu əməliyyat eləsin. Bu, dünya miqyaslı bir kəşfdir.