«Dünyanı özünə yaradıcılıq laboratoriyası bilməlisən»
Yağışın altında keçirilən şeir məclisindən sonra «asılı» olan yazıçı ilham pərisinin intizarını çəkmir
Yazıçı Vaqif Nəsib hələ çap olunmamış sonuncu romanını köhnə-külüş əşyaların yığıldığı, künc-bucağına boş likör, viski şüşələrinin atıldığı bu alaqaranlıq, dağınıq otaqdakı sınıq-salxaq divanın üstündə yazıb. İlk cümləsindən son cümləsinə kimi. «Həmin gün dünyada ancaq bir musiqi səsi eşidilirdi. O gün Yer kürəsi sanki züy səsi üstündə fırlanırdı». Üç hekayətdən ibarət «Sənsizlik, mənsizlik, onsuzluq» adlı roman belə başlanır.
Günə 20 səhifə
Həmişə bu otaqda işləyir. Çox vaxt hamı yatandan sonra çəkilir bu guşəyə. Əslində heç səs-küy də ona mane olmur: «Bir də görürsən, gecənin bir aləmi ovqatıma düşür, gedirəm mağazaya, araq alıram, tək-təkcənə özümə xudmani süfrə açıram. Bir az içirəm, sonra başlayıram yazmağa. Ovqatım korlananda da sərasər içirəm. İnsanın elə vaxtı olur, az qalır özünü assın...»
Yaradıcı adamların qeybdən vəhy aldığına inanır. Bu romanı da sanki kimsə diqtə eləyib, o isə köçürüb: «Yazdıqlarım içimə elə hopub ki...»
Onun üçün yazmağın gecəsi-gündüzü, vaxtı-vədəsi yoxdur. Gəldimi, yazır: «İllər boyu sistemli işim, müəyyən rejimim, konkret iş saatım olmayıb. İndinin özündə də günüm öz-özünə başlayır. Bir gün gedib dostumla yeyib-içirəm, evə qayıdandan sonra masa arxasına keçirəm. Gəzirəm də, yeyib-içirəm də, yazıram da. Bir dostum demiş, mənim üzümü ağardan hər şəraitdə yaza bilməyimdir.
Hər gün ağ kağızla üz-üzəyəm. Qələmlə işləyirəm. Bir gündə iyirmi səhifəyə qədər yaza bilirəm. Hekayələrimi birnəfəsə döşəyirəm, başladımsa axıra çıxmalıyam. Son nöqtəni qoymasam, ayağa qalxmıram.
Yazanda işıqlanıram, mətndə mənimçün qaranlıq yer qalmır, əksinə, yeni şeylər ortaya çıxır. Yarımçıq mövzularım çoxdur, əlimdə heç nə olmayanda onlara qayıdıram».
«Yazıçılıq asılılıqdır»
«Yazıçı beyni gecə-gündüz yazacaqlarını düşünür, o, mətndən uzaqda da yazıçıdır. Yazıçılıq qanla gəlirsə, boyun qaçıra bilməzsən. Biz də bir növ yazı narkomanıyıq. Yazmayanda elə bil havam çatmır. Yazdıqca, işlədikcə yavaş-yavaş sakitləşirəm».
Deyir ki, zəngin həyat yaşamış yazıçı üçün əsas material onun keçdiyi ömür yoludur: «Adam var həmin materialdan heykəl yonur, adam var musiqi bəstələyir, adam da var əsər yazır. Yazıçı gərək material axtarışına da çıxsın, xalq arasında olsun, insanlarla ünsiyyət bağlasın. Deyirlər, qulaq gündə təzə söz eşitməsə, kar olar. Yazıçı da tez-tez təzə əhvalat eşitməsə, yeni hadisəylə üzləşməsə, qələmi korşalar».
Baş çəkdiyi ünvanlar, evinə gəlib-gedən adamlar, gündəlik qayğılar Vaqif Nəsibi yaradıcılıqdan, yazdığı əsərin ab-havasından ayırmır: «Bir yerə gedirsən, təzə adamlarla tanış olursan, yeni sözlər eşidirsən. Bu görüşlər, tanışlıqlar yazıçı üçün vacibdir. Axtardığını bəzən toy məclisində tapırsan, bəzən yas mərasimində. Yazıçı müşahidəsi bir növ tilovdur.
Bir dostuma «Uzundərə» kitabımı bağışlamışdım. Qayıtdı ki, sənə oğurluğa görə iş düşür. Soruşdum, niyə? Dedi, mənim danışdıqlarımın hamısı bu kitabdadır... Cavabında qayıtdım ki, yazıçı, şair arıdır, amma güllərdən yox, insanlardan şirə çəkir.
Mən obrazlarımı tanıdığım adamların arasından seçirəm. Bizim kənddə hərəyə bir ləqəb, ayama qoşublar: Tülkü Məmməd, Bic Səfər, Pis Məmməd... Hazır obrazlardır, ayamasına baxıb ardını gətirirsən».
İlham pərisinin intizarını çəkmək...
Həm nəsr, həm də şeir yazan Vaqif Nəsibə görə, poeziya ovqat məhsuludur. Harda gəldi, gəldi: «Küçədə getdiyim yerdə məni şeirin tutması tuta bilər. Həmin vaxt onu bir yerə qeyd eləməsəm, uçub gedir. Doğrudan da, bu, bir sirdir, yaşlaşdıqca daha yaxşı hiss eləyirəm.
Poeziya zərgərlikdir, nəsr misgərlik. Gördüm poeziyada özümü tam ifadə eləyə bilmirəm, qolumu çırmayıb keçdim nəsrə. Əsl nasir üçün ovqat gözləmək, ilham pərisinin intizarını çəkmək vaxtı bada verməkdir.
Nəsr üçün gərək çoxlu gəzəsən, çoxlu adam tanıyasan, tanıdıqlarının fərqli cəhətlərini üzə çıxarasan. Yazıçı həyatda adamları fərqləndirə bilmirsə, cürbəcür obrazları necə yarada bilər? Mövzu aydın olanda tanıdığın adamlar özü sənin ədəbi səltənətinin vətəndaşına çevrilir.
O gün Mircəfər Bağırovun köhnə evinin qabağından ötəndə ağlımdan bir hekayə keçdi: «Rəhbərin qürub günü». Güllələnməyə aparılanda heç bir dostu onunla vidalaşmağa gəlməmişdi, Azərbaycan ordusunun generalı Əbilovdan başqa. Deyir o, öz qürubuna baxıb elə kədərlənibmiş ki, az qalırmış ağlasın...»
Vaqib Nəsib bu fikirdədir ki, şeirin də, nəsrin də bir zəhmət tərəfi var. Zəhmətdən qorxdunsa, səndən yazıçı olmayacaq: «Dünyanı özünə yaradıcılıq laboratoriyası bilməlisən. Qələmi saz saxladınsa, sənə yaşın gücü yetməyəcək.
Bir də deyirlər guya ailə yaradıcılığa mane olur. Yalan deyirlər. Əksinə, ailə həyatı yazıçıya qol-qanad verir. Yaza bilməyənə bunlar hamısı bəhanədir. Bir yazıçımız deyib ki, kənardan ədəbiyyatın şöhrəti görünür, zəhməti isə gözə dəymir. Doğrudan da elədir. Elə bilirlər yazıçı olmaq asandır. Səməd Vurğunun şan-şöhrətindən danışırlar, amma çəkdiyi zülmləri unudurlar».
Yağışın altında şeir
Vaqif Nəsibi yazıçı eləyən nə olub? Başqa mühitdə, başqa zamanda başqa həyat yaşasaydı, yenə bu adam ola bilərdimi?
«Gözümü dava-qıtlıq dövründə açmışam. 1946-cı ildə birinci sinfə getmişəm. Məktəbimizdə üç sinfin bir yazı lövhəsi vardı, dava düşürdü ki, onu kim tez öz sinfinə aparacaq. Məhrumiyyətlər dövrüydü, bir yandan da qışda yaman qar yağırdı... Bizə Allahın yazığı gəldi. Hamının sabaha inamı vardı. Ürəkdən nəğmələr oxuyurduq, şeirlər deyirdik. Səməd Vurğun tez-tez Qazağa gəlirdi, nəinki özü, Nazim Hikməti və daha kimləri, kimləri də gətirirdi. Üzeyir Hacıbəyov da rayonumuza gəlmişdi.
Yadımdadır, Səməd Vurğun yazıçı dostlarıyla Molla Pənah Vaqifin heykəlinin açılışına gəlmişdi. Hamı yağışın altında oturub onlara qulaq asırdı. Ora toplaşan adamların hamısı şair-yazıçı olmaq istəyirdi. Məni bu mühit yola səfərbər elədi...»
Bu da axırı
İçərişəhərdəki evinin kandarında şairlə sağollaşanda bir giley elədi: «Burda özümə kəndistan mühiti yaratmışam. Ancaq deyəsən, bizi burdan köçürəcəklər...»
Görünür, bu köç şairin söz mətbəxinin biş-düşünü də çətinə salacaq.