vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
AVROPA  
17:24 | 12 yanvar 2015 | Bazar ertəsi Məqaləyə 1708 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Avropa və İslam»

Son başladı

Vüsal MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropada islamofobiyanın getdikcə qızışdığı bir vaxtda islam terrorçuları redaksiyaya hücum edib, 12 nəfəri öldürürlər. Son dərəcə dəhşətli hadisədir, amma niyə indi? İki gün əvvəl Almaniyada müsəlmanlar əleyhinə yürüş keçirilmişdi. Bu qətliamı törədənlər isə sanki onların dediyinə möhür vurdular: bəli, islamofoblar haqlıdır! Bu, sadəcə təsadüfdürmü?

Kimin təşkil etməyindən asılı olmayaraq, bu terror aktı müsəlmanların ziyanına, Avropa siyasətçilərinin isə xeyrinə işləyəcək. Çünki Avropada islamofob əhval-ruhiyyə artıq kritik həddə çatmışdı. Köhnə dünya qazla dolmuş otağı xatırladırdı: partlaması üçün qığılcıma ehtiyacı vardı. Belə bir qanlı hadisə lazım idi ki, siyasi liderlər xeyli dolaşmış «Qordi düyünü»nü kəsmək üçün baltaları əllərinə götürsünlər. Və götürdülər də.

Bir tərəfdən, aydındır ki, bundan sonra Avropada müsəlmanlarım günü qara olacaq. Həllə illər keçməlidir ki, bu dəhşətli hadisənin xofu beyinlərdən çıxsın. Amma digər tərəfdən, mütləq belə bir hadisə baş verməli idi ki, avropalılarla müsəlmanlar münasibətlərini birdəfəlik aydınlaşdırsınlar. Çünki uzun müddət bu cür davam edə bilməzdi: müsəlmanlar avropalıları islamofob olmaqda ittiham edir, avropalılar isə öz ölkələrində getdikcə güclənən yad dinə xof qarışıq narahatlıqla baxırdılar. Bunun bir sonu gəlməli idi. Və məncə, Paris qətliamı həmin sonun başlanğıcıdır.

Müsəlmanların Avropa ilə münasibətində belə bir absurd dairəsi yaranmışdı: müsəlman öz ölkəsindən narazı olduğu üçün köçür Avropaya və orada İslamı yaşamağa çalışır. Yəni narazı qaldığı dünyanı özü ilə Avropaya daşıyır. Sonra tələb edir ki, «mənim dinimə tolerant yanaşmalısınız». Bu, avropalıya çatmır. Yəni: Niyə kimsə gəlib mənim ölkəmdə öz qayda-qanunu ilə yaşayıb, hələ üstəlik, tələb eləməlidir ki, mən də ona hörmət qoyum? Bura gəlmisənsə, zəhmət çək, assimlyasiya ol, bizim dəyərləri qəbul elə... Dialoq alınmır.

Kim haqlıdır? Mənə qalsa, heç kim!

Çünki əslində nə Avropa, nə də İslam göründüyü kimidirlər. Hər ikisinin bir idillik, bir də real tərəfi var.

İslam idilliyası belədir: sakit dini həyat, mənəvi ehtiyac, yardımlaşma, yaxşılıq-filan... Realda isə İŞİD, vəhhabilik, məzhəb savaşları, cihad, inanc üstündə qan tökmək, «kafir»lərlə savaşmaq...

Avropa idilliyası belədir: insan haqları, söz azadlığı, demokratiya, sosial haqlar...

Realda isə öz maraqlarını güdmək, ictimai fikirlə manipulyasiya, avrosentrizm...

Bir sözlə, nə İslam göründüyü kimidir, nə də Avropa.

Əlbəttə, bu ikisinin davasında ən yaxşı yol «...itin dişi, donuzun dərisi» mövqeyini tutmaq olardı. Amma təəssüf ki, olmur; tarixən belə alınıb ki, Azərbaycan, təəssüf, müsəlman coğrafiyasının bir hissəsidir. Hərçənd, bunun nəinki bizə heç bir faydası yoxdur, üstəlik, ara yerdə xristian dünyasının gözündə «əks tərəf» olmuşuq. Bəzən düşünürəm ki, tarix bir qədər fərqli inkişaf etsəydi, ərəblər gəlib bu yerlərə çıxmasayadılar, Azərbaycan o zaman zorla islamlaşdırılmasaydı... Hər şey, bütün tariximiz tamam fərqli ola bilərdi! Amma tarix «əgər» bağlayıcısını sevmir. Reallıq budur və biz bu reallıq çərçivəsində hərəkət etməliyik.

Bundan sonra nələr ola bilər? Necə ki, 11 sentyabr dünyada yeni bir mərhələnin başlanğıcını qoymuşdu, 7 yanvar da onun kiçik forması olacaq. Avropada düzən dəyişəcək. Qitədə İslama qarşı çıxışlar güclənəcək. Siyasətçilər bu hadisədən faydalanaraq, müsəlman miqrantlara qarşı daha sərt tədbirlər görəcəklər. Antiislam mövqeli liderlər daha çox dəstək alacaqlar. Ola bilər ki, bu, yaxın gələcəkdə qlobal siyasətə də təsirini göstərsin.

Bir şey tam dəqiqdir: əlvida, Tolerantlıq! Keç lap yuxarı başa, İslamofobiya!