Mühafizə orderi Azərbaycan ailəsini qoruya bilmir
Qanunlar yazılarkən onun mövcud cəmiyyətə tətbiqini də nəzərə almaq lazımdır
Xalid VAHİDOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İnsan ömrü uzanır
100 yaşdan yuxarı əhalinin sayında rekord artım
-
Təbliğat planı baş tutmadı
Kəndə köçüb uşaq dünyaya gətirəcək qadınlara 7 min manat mükafat vəd edilirdi
-
Gəncləri komplekslərdən necə qoruyaq?
Qızların və cavan qadınların yarısı plastik əməliyyat haqqında düşünür
-
Niyə ailə qurmaq istərmirsən?
Hökumət gənclər arasında evliliklə bağlı təbliğat və təşviqat işlərini gücləndirib
-
Sudan gələn sürməli qız
Azərbaycanda ailə qurmaq üçün mövcud olmuş qeyri adi adət
-
Milyonluq təşviq
Cənubi Koreya hökuməti hər doğulan körpə üçün fantastik məbləğ təklif edir
-
Selülitin xeyri ...
Bir çox xəstəliklərə tutulma riskini azaldır
-
Küy kampaniyası ...
... Yaxud “məni istəyən aşığa xələt versin” çağırışı
-
Silikona səcdə?!
Eyni paltarı geyinməyə dözməyən qadınların əksəriyyətinin sifətləri eynidir
-
“Açıq-saçıq gəzməsəydilər, ət bahalanmazdı”
Molla qadınların dar paltar geyinməsinin qarşısını almağa çağırıb
-
Menopauzayla bağlı tabular yıxılır
“Bu, adətən, pıçıltıyla deyilən, amma paylaşılmayan təcrübədir”
-
Binəva mənzərə ...
... Yaxud ağrı ilə nifrətin düz mütənasibliyi
-
Maşın-maşın cehizi var ...
Cehiz aparan qızın atası borcda, cehizsiz qız isə qayınana hədəfində - ailələri çökdürən səbəb
-
Uşaqların tərbiyəsi ilə bağlı 7 müdrik qayda
Yəhudilərdən öyrənməyə dəyər
-
Azzarla, çorla böyüyən uşaqların sonu...
(Bu mövzuda yazı istəyənlər üçün)
-
«Azərbaycanın 10 faizi sahibkardır»
İqtisadiyyat Nazirliyi «Kiçik sahibkarlığa dəstək» konfransı keçirdi
«Səbinə həyat yoldaşı ilə bir-birlərini sevərək ailə qurmuşdular. Son 1 ildə qızım əri, qaynanası və qayınatası tərəfindən 5 dəfə döyülərək işgəncələrə məruz qalıb. Bu ilin martında da onu döyüb burnunu sındırmışdılar. O zaman qızımın fotoşəkilini polisə təqdim edib tədbir görülməsini istəsək də, hər hansı tədbir görülmədi. Həmin vaxt Səbinəni evimizə gətirsək də, sonra həm 3 uşaq anası, həm də hamilə olduğu üçün qızımızın ər evinə qayıtmasına razılıq verdik». Bunu oktyabrın 30-da Qəbələ rayonunun Kürd kəndində qətlə yetirilən Səbinə Verdiyevanın atası Məzahir Cabbarov bildirib.
Mətbuata açıqlama verən M.Cabbarov deyir ki, əgər səlahiyyətli şəxslər qarışmasa, qızını ər evinə göndərməyəcəkdi: «Sonuncu dəfə isə kənd icra nümayəndəsi Eyyub Alıyevin zəmanəti ilə qızımızın əri evinə qayıtmasına razılaşdıq. Qızım boğulmayıb, xüsusi amansızlıqla, küt alət və bıçaqla qətlə yetirilib. Bunu qızımın bədənindəki kəsilmiş-deşilmiş yaralar da sübut edir».
Statistik məlumatlar və mətbuatda yayılan faktlar göstərir ki, respublikamızda məişət zorakılığının qurbanı olan Səbinələrin sayı yüzlərlədir.
Respublikamızda məişət zorakılığı ilə bağlı faktlar hər il artır
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 2015-ci ildən bəri Komitə, Daxili İşlər Nazirliyi və icra hakimiyyətlərindən alınan məlumatlar əsasında məlumat bankı hazırlanır. Həmin məlumatlar son illər respublikamızda məişət zorakılığı ilə bağlı qeydə alınan faktların sayında artım olduğunu deməyə əsas verir. Belə ki, qadınlara qarşı zorakılıqla bağlı 2014-cü ildə 2114, 2015-ci ildə isə 2248 cinayət və inzibati iş qeydə alınıb. Bunlardan 2014-cü ildə 809, 2015-ci ildə isə 867-si qısqanclıq və ailə-məişət zəminində törədilib. 2014-cü ildə 23 fakt və 2015-ci ildə 32 fakt ölümlə bitib.
Amma mətbuatda yayılan məlumatlar real rəqəmlərin rəsmi statistikadan xeyli çox olduğunu göstərir. Dünya təcrübəsində də məişət zorakılığının rəsmi statistikadan daha çox olduğu sübut olunub. Çünki bu hallar əsasən gizli saxlanılır. Məişət zorakılığına kişilərin və uşaqların da məruz qaldığı faktları olsa da, amma daha çox qurbana çevrilən qadınlardır. Ailədə qəzəbə tuş gələn qadını isə qanun da xilas etmir. Baxmayaraq ki, Azərbaycanda 2010-cu ildən qüvvədə olan «Məişət zorakılığının qarşısının alınması haqqında» qanun var.
Gücsüz mühafizə orderinin müddəti heç nəyi dəyişmir
Bu qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir. Qanunun 10-cu maddəsi zərərçəkmiş şəxslərə mühafizə orderinin verilməsini nəzərdə tutur. Zərər çəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər.
Qısamüddətli mühafizə orderində məişət zorakılığını törətmiş şəxsə məişət zorakılığının təkrar törədilməsi, yeri məlum olmadıqda həmin şəxsin axtarılması, ona qarşı narahatlıq gətirən digər hərəkətlərin edilməsi qadağan edilir. Uzunmüddətli mühafizə orderində isə əlavə olaraq məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət, yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi əksini tapıb.
Qanunun tələbinə görə məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin şəxsə yazılı xəbərdarlıq edilə və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilə bilər. Müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 30 gün müddətinədək qısamüddətli mühafizə orderi verir. Şəxsin qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməməsi uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsas ola bilər. Uzunmüddətli mühafizə orderi isə 30 gündən 180 gün müddətinə verilir. Bu orderin verilməsi barədə məhkəmə qərarının çıxarılması qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Tərəflərin şəxsi və ailə həyatı sirrinin yayılmasının qarşısını almaq, habelə yetkinlik yaşına çatmamış şəxslərin maraqlarının təmin edilməsi məqsədi ilə uzunmüddətli mühafizə orderinin verilməsi barədə işə qapalı məhkəmə iclasında baxıla bilər. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarı qanunvericiliyə uyğun olaraq qüvvəyə minir və müddəti hesablanır.
Kağız üzərində yazılanları Azərbaycan cəmiyyətində tətbiq etmək olmur
«Məişət zorakılığının qarşısının alınması haqqında» qanun 2010-cu ildə qüvvəyə minsə də, zərərçəkmiş şəxsə mühafizə orderinin verilməsi ilə bağlı müddəa 2 il işləmədi. Çünki «Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası"nı Nazirlər Kabineti yalnız 2012-ci ilin fevralında qəbul etdi. Qaydaya əsasən uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizəyə məhkəməyə təqdim olunduqdan 3 gün müddətində baxılmalıdır. Ərizəyə məişət zorakılığından əziyyət çəkmiş və məişət zorakılığını törətmiş şəxsin iştirakı ilə baxılır. Ərizəyə baxılmasında məişət zorakılığı ilə bağlı araşdırmanı aparmış dövlət orqanının nümayəndəsinin iştirakı məcburidir.
Qısamüddətli mühafizə orderlərini yerinə yetirmədiyinə görə zorakılıq törədən şəxslər inzibati qaydada məsuliyyətə cəlb edilərək cərimə olunurlar. Amma uzunmüddətli mühafizə orderi icra olunmadıqda şəxs artıq məhkəmə qərarının icra edilməməsinə görə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Amma bu gün də qanunun bu tələbi demək olar ki, işləmir. Hətta az sayda verilən mühafizə orderində nəzərdə tutulan qadağaların icrasının necə həyata keçiriləcəyi qeyri-müəyyəndir. Təcrübə isə göstərir ki, kağız üzərində yazılanları Azərbaycan cəmiyyətində təcrübədə tətbiq etmək olmur.
Qanunun qəbulundan keçən 6 il: yüzlərlə ölüm, 10 mühafizə orderi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, qanunun qəbul olunmasından kifayət qədər zaman keçməsinə baxmayaraq, indiyədək orderlər 10-a yaxın şəxsə verilib. Adətən hər il mühafizə orderlərinin verilməsi ilə bağlı 3, ya 4 fakt qeydə alınırdı. 2015-ci ildə isə Azərbaycanda zorakılığa məruz qalan 6 nəfərə uzun müddətli mühafizə orderləri verilib.
Komitənin sədr müavini Aynur Sofiyeva da mətbuata açıqlamasında təsdiq edir ki, «Məişət zorakılığı haqqında» qanunun icrasında əsas problemdən biri zorakılıq qurbanlarına mühafizə orderlərinin verilməsi ilə bağlıdır: «Bir ildə 6 mühafizə orderinin verilməsi də aşağı göstəricidir. Ona görə də problem ciddi fəsadlara, ölüm hallarına gətirib çıxarır. Çıxış yolu kimi ilk növbədə profilaktik işlər gücləndirilməlidir. Mühafizə orderinin verilməsi ilə yanaşı, profilaktik iş aparılmalı və münaqişəli ailələr rayon icra hakimiyyətləri, polis orqanları tərəfindən qeydiyyata götürülməlidir».
«Mühafizə orderinin tələblərinin təcrübədə tətbiq mexanizmi yoxdur»
Məsələyə münasibət bildirən «Təmiz Dünya» İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın qənaətinə görə, qanunda əksini tapan mühafizə orderi məsələsi sonadək işlənməyib: «Əslində hər iki mühafizə orderinin verilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarı olmalı idi. Uzunmüddətli mühafizə orderinin verilməsi ilə bağlı Nazirlər Kabinetinin ayrıca qərarı olsa da, qısamüddətli orderin verilməsi ilə bağlı belə qərar yoxdur. Deyilənə görə hansısa sənəd əsasında bu iş yerli icra hakimiyyətlərinə həvalə edilib. Amma mühafizə orderinin tələblərinin təcrübədə tətbiq mexanizmi yoxdur. Təxminən 3 il əvvəl çox çətinliklə məhkəmə qərarı ilə uzunmüddətli mühafizə orderinin alınmasına nail ola bildik. Amma mühafizə orderinin alınmasından sonrakı proses nəticəsiz qaldı. Cünki icra orqanı hər hansı formada bu orderdə nəzərdə tutulan işləri reallaşdıra bilmədi. Araşdırılsın görək, mühafizə orderinin verilməsindən sonra icra strukturu nə qədər səlahiyyətlidir ki, şəxsin zərərçəkmişə təkrar zərər yetirməməsinə nəzarət etsin. Demək, mühafizə orderi verilsə belə, əsas məsələ bunun nə qədər təsirli olması ilə bağlıdır. Təcrübə göstərir ki, qanunun olması, muhafizə orderinin verilməsi hələ zorakılığın qarşısının alınması demək deyil».
«Beynəlxalq təcrübədə qısamüddətli mühafizə orderinin tələblərinin icrası polis orqanlarına, uzun müddətli mühafizə orderlərinin tələblərinin icrası isə məhkəməyə həvalə edilir. Mən indiyədək eşitməmişəm ki, ölkəmizdə mühafizə orderi verilən şəxsin yaşadığı evdən kimsə uzaqlaşdırılıb. Bu mənada mühafizə orderinin verilməsində müsbət tərəf görmürəm. Çünki mühafizə orderi Avropadan gəlmiş bir tendensiyadır və bu, kiçik ailələr üçündür. Bizdə isə böyük ailələrdir - qayınata, qayınana, baba, nənə, qayın, baldız, əmi, dayı... Təsəvvür edin mühafizə orderini tətbiq edəndən sonra zərərçəkən qadın o böyük ailə içərisində nə qədər təhlükəsiz yaşayacaq? Zorakılığın başqa forması ilə üzləşməyəcək ki?»-, deyə M.Zeynalova vurğulayır.
«Sosial işin təşkili və məcburi psixoloji yardım məsələsi gündəmə gəlməlidir»
Ekspertin qənaətinə görə, sözügedən qanun qəbul ediləndən sonra da problemin ümumi mənzərəsində heç nə dəyişməyib: «Əksinə, bu hallar çoxalıb və daha qorxulu çalarlar almağa başlayıb. Biz hazırda bu qanunun vətəndaşların şüurunu dəyişəcək təsirindən danışa bilmərik. Əgər mühafizə orderinin verilməsinin bizim cəmiyyətdə effekti yoxdursa, bunu tətbiq etməyin nə mənası var? Mühafizə orderi bizim cəmiyyət, Azərbaycan ailə modeli üçün yararsızdır. Qanunlar yazılarkən onların mövcud cəmiyyətə tətbiqini də nəzərə almaq lazımdır. Xarici ölkələrdə mövcud olan qanunların sadəcə tərcümə edilib qəbul edilməsi effektiv deyil.
Qəbələdə törədilən qətl zamanı da öldürülən qızın yaxınları bildirdi ki, kənd icra nümayəndəsinin zəmanəti ilə qızlarını ər evinə göndəriblər. İndi məlumat araşdırılmadır ki, burada mühafizə orderi olub, ya şifahi razılıq. Amma həmin fakt da göstərir ki, yerli icra orqanlarının müdaxiləsi problemi həll etmir. Belə olan halda mühafizə orderi əvəzinə sosial işin təşkili və məcburi psixoloji yardım məsələsi gündəmə gəlməlidir. Bunun reallaşmasına qanun yol verir. Digər tərəfdən bütün dünyada məhz qadınlara qarşı zorakılığın qarşısını almaq üçün qadın polislərin sayını artırırlar. Eləcə də polislərlə sosial işçilərin birgə əməkdaşlığını gücləndirirlər. Bu təcrübədən də yararlanmaq olar».
Sosioloq Rafiq Təmrazov da deyir ki, qanunlar hər bir cəmiyyətin tələblərinə uyğunlaşdırılıb qəbul edilməlidir: «Bizim ailə modelində şəxs hər hansı hadisə ilə bağlı polisə, dövlət qurumuna, icra orqanına müraciət etməyə çəkinir. Çünki artıq bu zaman ailə münaqişəsi böyüyür və ailənin davam etməsi sual altında qalır. Buna görə də münaqişəli ailələrə qadın polislərin işləməsi daha məqsədəuyğundur. Həmçinin, elə sosial müdafiə sistemi yaradılmalıdır ki, bu məsələlərlə təkcə polis məşğul olmasın. Polisdən çəkinən, müraciət etməyə qorxan insanlar sosial işçilərə müraciət etsin. Sosial işçilər həm zorakılıq törədən, həm də zorakılığa məruz qalan şəxslə iş aparmalıdır».
Əgər 2010-cu ildə qəbul olunan qanun 6 il sonra da icra edilmirsə, bu onu göstərir ki, həmin qanun mövcud ictimai münasibətləri tənzimləyə bilmir, həm onun icrasını həyata keçirən qurumlar, həm də cəmiyyət köhnə stereotiplərə daha çox üstünlük verir. Məişət zorakılığı isə ölüm halları ilə yanaşı, həm də bəşəriyyət üçün bəlaya çevrilən insan alverinə şərait yaradır. Bu gün məişət zorakılığından əziyyət çəkən şəxs çox rahat şəkildə insan alveri qurbanına çevrilə bilər. Demək, qanun cəmiyyətdəki münasibətləri normal tənzimləmədiyi halda, yeni-yeni problemlər yarada bilir…