vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
PROBLEM  
12:23 | 5 noyabr 2016 | Şənbə Məqaləyə 2601 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Günə bir qadın…

Namus cinayəti və ya namussuz bəhanə

Ülviyyə XUDİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

…Bu günlərdə sosial şəbəkələrdə, mətbuatda günün əsas mövzusu qadınlar oldu. «Təmiz Dünya» Qadınlara Yardım İctimai Birliyinin təşəbbüsü ilə «Qadınlara qarşı zorakılığa son» aksiyası keçirildi. Kimi ictimaiyyətin diqqətini cəlb etmək üçün dinc yürüşün keçirilməsini, kimi də fiziki zorakılıq törədənlərə ən ağır cəza verilməsini tələb etdi. Gün başa çatdı…Və bu gün 2 uşaq anasının intihar etməsi ilə bağlı xəbər oxuduq…

Son illər həftədə ən azı iki qadın qətlə yetirilir və ya intihara sürüklənir. Hətta öldürülən, intihar edən qadınların sayı o qədər artıb ki, hadisələr artıq informasiya lentlərində adi, kriminal xronikaya aid quru xəbər formasında verilir. Belə faktlardan bir neçəsini sadalayaq:

Oktyabrın 30-da Qəbələ rayonunun Kürd kəndində 1991-ci il təvəllüdlü 3 uşaq anası Verdiyeva Səbinə Məzahir qızı həyat yoldaşı tərəfindən qəddarlıqla qətlə yetirilib.

Oktyabrın 29-da 56 yaşlı Rəhimov Əliqismət Heydər oğlu sərxoş vəziyyətdə qızı Tünzalə Şıxəliyeva və həyat yoldaşı Qönçə Umudovanı buçaqlayıb.

Oktyabrın 28-də Mərdəkan qəsəbəsinin sakini Ceyhun Zeynalov keçmiş həyat yoldaşı Arzu Zeynalovanın üstünə benzin tökərək od vurub.

Bir gün əvvəl çoban uşaqlarının gözü qarşısında arvadının başını kəsib. 26 yaşlı gənc arvadını və baldızını buçaqlayıb…

Virtualaz.org saytını qadınların qətlə yetirilməsi və intihara sürüklənməsi ilə bağlı hadisələrə diqqəti cəlb etməyə də bu dəhşətli statistikanın get-gedə artması məcbur edib.

 

Dəhşət saçan statistika

 

«Ötən il 2248 zorakılıq faktı qeydə alınıb. 32 qadın qətlə yetirilib». Bunu virtualaz.org saytına Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin Elgün Səfərov deyib.

Onun sözlərinə görə, 2014-cü ilə nisbətən ötən il həm zorakılıq faktları, həm də qətlə yetirilən qadınların sayı artıb. «2014-cü ildə 2114 zorakılıq faktı qeydə alınmışdı, 23 qadın qətlə yetirilmişdi. Qısqanclıq və ailə münaqişəsi nəticəsində 2014-cü ildə 809, 2015-ci ildə 867 fakt aşkarlanıb. Hər il ən azı 1 azyaşlı zorakılıq nəticəsində dünyasını dəyişir», - E.Səfərov əlavə edib.

Bu il qətlə yetirilən qadınların statistikası hələlik açıqlanmır. E.Səfərov deyir ki, cinayət işləri başa çatmadığından illik statistikanı söyləmək çətindir.

Elə Dövlət Statistika Komitəsinin rəsmi saytında da bu il törədilmiş cinayət hadisələrinin statistikası verilməyib. DSK-nın məlumatına görə, ötən il məişət zorakılığından 794 qadın, 3 azyaşlı, 4 hamilə qadın zərər çəkib. 641 qadının isə sağlamlığına zərər dəyib. Qeyri-rəsmi məlumatlara görə isə, bu ilin 9 ayında 20 qadının öldürüldüyü bildirilir.

E.Səfərov onu da xatırladıb ki, bu ilin birinci yarısında 110 qadın, 28 uşaq intihar edib.

 

Səbəblər…

 

Fiziki, psixoloji, iqtisadi və seksual zorakılıq bütün cəmiyyətlərin problemidir. Elgün Səfərov deyir ki, Azərbaycanda da qadınlar zorakılığın bütün növləri ilə qarşılaşırlar. «Digər dövlətlərlə müqayisədə zorakılıqla üzləşən və öldürülən qadınların sayı azdır. Amma digər dövlətlərdə zorakılıqla üzləşənlərin siyahısı fərqlidir. Məsələn, kişilər, yaşlılar və ya uşaqlar da zorakılıqla qarşılaşırlar. Bizdə isə zorakılıq qurbanlarının 80-90 faizi qadınlardır», - E.Səfərov söyləyir.

Müşahidələr göstərir ki, qısqanclıq, boşanmış qadından qisas almaq istəyi, kişinin sözündən çıxmaq, «namus» və bu kimi onlarla bəsit arqumentlər zorakılıq törədənlərin əsas bəhanəsidir.

«Təmiz Dünya» Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, öldürülən qadınların üzərinə «namussuz» damğası vurulması artıq ənənə halını almaqdadır. «Kişi öz əməlinə haqq qazandırmaq üçün «namus» bəhanəsindən istifadə edir. Çünki hələ də cəmiyyətdə namus məsələsinə görə adam öldürülməsinə haqq qazandıranlar var», - hüquq müdafiəçisi izah edir.

Bu arada mentalitet məsələsini də unutmayaq. «Ərə getmiş qızın ər evindən yalnız cəsədi çıxa bilər» kimi düşüncələr hələ də yaşayır. Xüsusilə də, rayonlarda ər evindən geri qayıdan qadınlara ailəsi sahib çıxmır. Nəticədə, qadın ya öldürülür, ya da çıxış yolunu intiharda görür.

Sosial problemlərdən qızlarını erkən ərə verib, bu yolla ondan yaxa qurtarmağa çalışan valideynlər də kifayət qədərdir. Qəbələdə baş verən son hadisədə də ailə qızlarının 3 uşaq anası olmasını, hamilələyini səbəb gətirərək onu qatilinin qucağına atıb.

M.Zeynalova deyir ki, sosial-iqtisadi, sosial-psixoloji problemlər, dəyərlər sisteminin pozulması, qadına qarşı münasibətin dəyişməsi, bir-birinə dayanıqlıq, məsuliyyətin bölünməməsi sonda münaqişələrə və qətllərə səbəb olur.


Zorakılıq qurbanının qorunması

 

Müşahidələr göstərir ki, polisə müraciət heç də həmişə yaxşı nəticə vermir. Məsələn, ötən ayın səsli-küylü qətllərindən biri - çoban öz arvadını məhz polisə müraciət etdiyi üçün öldürülmüşdü. Qəbələdə baş verən qətldən əvvəl qadın döyüldüyü üçün polisə müraciət edərək qorunmasını istəmişdi. Bu isə onu göstərir ki, zorakılıq qurbanlarının qorunması hələ də problem olaraq qalır.

Hüquqşünas Azər Məmmədov deyir ki, «Məişət zorakılığının qarşısının alınması haqqında» qanun qəbul edilib, lakin hələ də müəyyən boşluqlar var. Polislər də bu boşluqlara görə ailələrə müdaxilə edə bilmirlər. «Xarici ölkələrdə polis müraciətdən sonra qurbanı qoruyur, həyatı üçün təhlükə olduğu halda onu sığınacağa yerləşdirir. Hətta zor işlədənin qadına yaxınlaşdığı hallar üçün də cəzalar müəyyənləşdirilib. Bizdə isə əksinədir, qadın döyülüb və ya öldürüləndən sonra polis işə qarışır», - A.Məmmədov deyir.

Onun fikrincə, fiziki zorakılıqla bağlı cəza növü də sözügedən qanuna əlavə edilə bilər: «Cəzalar sərtləşdirilməlidir. Təcrübə göstərir ki, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cəzalar ya tətbiq edilmir, ya da çox yüngüldür».

Ailə zorakılığına məruz qalmış qadın polisə müraciət etdikdən sonra müraciətə məsuliyyətsiz yanaşanların da cəzalandırılması tələbini irəli sürür. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə iddia edir ki, problemli ailələrlə iş aparılır. «Hər regionda monitorinq komissiyaları fəaliyyətdədir. Bu komissiyaların tərkibinə müxtəlif qurumların nümayəndələri daxildir. Komissiyanın fəaliyyəti birbaşa zorakılığın qarşısının alınmasına yönəldilib. Onlar bir çox faciələrin qarşısını ala biliblər», - E.Səfərov söyləyir.

 

Sığınacaqların yaradılması yubadılır

 

İnkişaf etmiş ölkələrdə zorakılıq qurbanı olan qadınlar üçün sığınacaqlar - reabilitasiya mərkəzləri yaradılıb.

Hələ 2010-cu ildən Azərbaycanda da bu cür mərkəzlərin yaradılacağı bildirilirdi. Hətta ilkin olaraq Gəncə, Lənkəran, Xaçmaz və Zaqatalada sığınacaq evlərinin tikiləcəyi, uzaq başı 2012-ci ilədək fəaliyyətə veriləcəyi vəd olunmuşdu. Amma 6 ildir ki, bu mərkəzlərin yaradılması gecikdirilir. «Məişət zorakılığına məruz qalan qadınlar üçün sığınacaq evlərinin tikilməsi gündəmdədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində sığınacaqlar yaradılacaq», - E.Səfərov deyir.

Hələlik isə QHT-lərin tərkibində sığınacaqlar yaradılıb. Onlar dövlət tərəfindən dəstək alsalar da, maliyyə çətinlikləri ilə üzləşirlər. Məsələn, sığınacaq sakinlərinin geyimlə təminatında çətinliklər var. Bundan əlavə, regionlarda qadınların sığınacağa çıxışı çətindir. 

Məişət zorakılığının qarşısını almaq üçün xüsusi milli fəaliyyət planı hazırlanır. «Layihə müzakirəyə çıxarılıb və təsdiq olunması üçün hökumətə təqdim edilib. Fəaliyyət planında konkret istiqamətlər müəyyənləşdirilib», - E.Səfərov deyir.

Layihədə ailə psixoloqları, ailə hüquqşünaslarının sayının artırılması nəzərdə tutulub. İcra hakimiyyətlərində peşəkar ailə psixoloqu, hüquqşünasların fəaliyyəti nəzərdə tutulub.

 

Təkliflər

 

Psixi və iqtisadi xarakterli zorakılıqla bağlı İnzibati Xətalar Məcəlləsində cəzalar nəzərdə tutulub. E.Səfərov deyir ki, komitə BMT-nin və Avropa qanunvericiliyinə uyğun cəzalar müəyyənləşdirilməsini təklif edir.

Layihənin qəbulu ilə ailə zorakılığının qarşısının nisbətən də olsa alınacağına ümid edirik. Çünki sığınacaqların yaradılması bağlı proses 6 ildir yubadılır, «Məişət zorakılığının qarşısının alınması haqqında» qanunda boşluqlar hələ də aradan qaldırılmayıb. 3-5 qadını toplayıb, hüquqları ilə bağlı maarifləndirmə aparmaq isə işə yaramır. 10 ildir belə tədbirlərin xəbərlərini oxuyuruq. Statistika isə göz önündədir…