vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
23:55 | 15 fevral 2017 | Çərşənbə Məqaləyə 1117 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tanıdığımız və tanımadığımız Səudiyyə Ərəbistanı

yaxud beynəlxalq mövqeləri möhkəmlənən regional güc

İlham QULİYEV, Bakı-Ər-Riyad-Bakı, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Səyahətlər insanlara tanımaq, görmək, müqayisə etmək imkanı verir. İstənilən ölkədə olmaq həmin ölkəni daha yaxından tanımaq baxımından da əhəmiyyətə malikdir. Bəzən ölkələr haqda məlumatlar transmilli informasiya mənbələri, ətrafda baş verən hadisələr hesabına formalaşır. Bu vaxt siyasi maraqlar, təhrif edilmiş informasiyalar yanlış təsəvvürlərə də yol açır. Bu baxımdan, hər bir ölkə ilə yaxından tanışlıq üçün həmin ölkədə səfərdə olmaq, dövlət və hökumət rəsmiləri ilə, media təmsilçiləri ilə, ictimaiyyət nümayəndələri ilə təmasda olmaq vacib əhəmiyyətə malikdir. Bu cür təmaslar ölkələr haqqında daha dolğun, daha etibarlı təsəvvürün formalaşmasına təsir etmiş olur. Bu baxımdan, Azərbaycanın bir qrup media təmsilçisinin fevralın 1-10-u tarixində Səudiyyə Ərəbistanına səfəri lap yerinə düşdü. Prezidentin siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun bu ölkəyə səfəri çərçivəsində reallaşdırılan səfər maraqlı görüşlər, müzakirələrlə yadda qaldı.

30 milyondan çox əhalisi olan Səudiyyə Ərəbistanının adı son illər beynəlxalq siyasətdə, Yaxın Şərqdə baş verən proseslərdə həlledici güc kimi tez-tez eşidilməyə başlayıb. Səudiyyə Ərəbistanı Krallığı regional güc kimi müxtəlif məsələlərlə bağlı öz mövqeyini ortaya qoyur. Bu dövlətin islam ölkələri arasında əməkdaşlığın genişləndirilməsində də xüsusi rolu hiss olunur. Təsadüfi deyil ki, İslam Əməkdaşlıq Təşkilatının mənzil qərargahı da məhz bu ölkədə - Ciddə şəhərində yerləşir.

Ölkənin paytaxtı Ər-Riyad sakit aurası ilə diqqəti cəlb edir. Bahalı avtomobil parkı ölkədə həyat səviyyəsinin yüksək olmasından xəbər verir. Elə ilk dəqiqədən Şərq qonaqpərvərliyi ilə əhatə olunanda hiss edirsən ki, doğma ölkədəsən. Məscidlərdən gündə 5 dəfə ucalan azan səsi də din qardaşlarımızın əhatəsində olduğumuzu xatırladır. Bakıdan qarlı havada çıxan bizlər üçün ər-Riyadın 15-18 dərəcəlik temperaturu da bir başqa istilik yaradır.

 

Səudiyyə mediasının böyük diqqəti

 

Proqrama əsasən, səfər çərçivəsində Səudiyyə Ərəbistanının müxtəlif media quruluşlarında görüşlərimiz oldu. CBS telekanalındakı görüşdə bildirildi ki, bu televiziya əsasən iqtisadi, siyasi, mədəni xəbərlər yayımlayır. Əgər əvvəllər burada işləyən əməkdaşların böyük əksəriyyəti əcnəbilər olubsa, indi artıq bütün kontingent Səudiyyə vətəndaşlarıdır.

Səudiyyə Ərəbistanının əsas xəbər agentliyi olan SPA-dakı görüşümüz də maraqlı alındı. Bizə agentliyin fəaliyyəti, keçirdiyi tədbirlər barədə ətraflı məlumat verildi. Təsisatın yenicə tikilib istifadəyə verilmiş binası ilə tanış olduq. Məlum oldu ki, bu agentliyin bizim AzərTAc agentliyi ilə sıx əlaqələri var. Agentliyin rəhbərliyində təmsil olunan şəxslər isə Azərbaycanı çox yaxşı tanıyır və ölkəmizdə səfərdə olublar.

Ən maraqlı görüşlərimizdən biri də «Əl Cəzirə» qəzetində oldu. Qəzetin rəhbərliyi, ictimai-siyasi mövzular üzrə təhlilçiləri ilə dəyirmi masa arxasında keçirilən görüşdə Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətləri, regiondakı münaqişələr, islam həmrəyliyi, dünyadakı islamafobiya meylləri ətrafında geniş fikir mübadiləsi aparıldı. Səudiyyəli jurnalistlər Azərbaycanın qonşuları ilə münasibətləri, ölkədə təriqətlərarası münasibətlər mövzusunda suallar verirdilər.

100 min tirajla gündə 3 dəfə çap olunan qəzetin 5 mərtəbəli binası ilə tanışlıq da nümayəndə heyətimizdə xoş təəssürat yaratdı. Qəzetin baş redaktoru, həm də ölkə Mətbuat Assosiasiyasının rəhbəri olan Xalid əl-Malik Azərbaycana xüsusi simpatiya bəsləyən bir qələm adamıdır. O, bir neçə dəfə ölkəmizdə səfərdə olub, Azərbaycanı çox yaxşı tanıyır. Sonuncu dəfə Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Jurnalist Assosiasiyasının niyyət konfransında iştirak edən Xalid bəy, bizi də çox isti qarşıladı. Ümumiyyətlə, «Əl Cəzirə» qəzeti Azərbaycan nümayəndə heyətinin səfərinə geniş yer ayırmışdı. Biz görüşdə olan gün qəzet Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun geniş müsahibəsini dərc etmişdi. 2 gün sonra isə azərbaycanlı jurnalistlərlə keçirilən görüşlə bağlı 2 səhifəlik böyük reportaj verilmişdi. Bu qəzet mütəmadi olaraq öz səhifələrində Azərbaycanla bağlı xəbərlər, məqalələr dərc edir.

 

Azərbaycan təcrübəsindən istifadə niyyəti

 

Səudiyyə Ərəbistanının müxtəlif fikir quruluşlarında, mərkəzlərində keçirilən görülər də maraqlı alındı. Bu baxımdan, Milli Dialoq Mərkəzində keçirilən görüşü xüsusi qeyd etmək lazımdır. Qeyd edək ki, bu mərkəz ölkədə dini zəmindəki problemlərin, qadın hüquqları ilə bağlı meydana çıxan məsələlərin həllinə yardım göstərməyə çalışır. Bu məqsədlə ölkənin böyük şəhərlərində, regionlarında mərkəzin nümayəndəlikləri fəaliyyət göstərir. Mərkəzdə Azərbaycanda məzhəb ayrılığı ilə bağlı heç bir problemin olmadığı, Səudiyyə Ərəbistanının da Azərbaycanın bu sahədəki təcrübəsindən istifadə etməkdə maraqlı olduğu qeyd edildi. Vurğulandı ki, mərkəz orta məktəblərdən başlayaraq, insanların məzhəb ruhunda köklənməməsinə, sünni və şiə kimi fərqləndirilməməsinə, hansı məzhəbə qulluq etməsindən asılı olmayaraq, müsəlman, Səudiyyə Ərəbistanı vətəndaşı kimi yetişdirilməsinə çalışır. Nümayəndə heyətimizin rəhbəri, millət vəkili Hikmət Babaoğlu deyəndə ki, Azərbaycanda məzhəb məsələsinə xüsusi diqqət edilmir, hətta Səudiyyəyə gələn jurnalistlər belə hansı məzhəbdən olduqlarını dəqiq bilmirlər, Dialoq Mərkəzinin təmsilçiləri xeyli təəccübləndilər. Ümumi qənaət belə oldu ki, Azərbaycanın bu sahədəki təcrübəsi nəinki Səudiyyə Ərəbistanı, ümumilikdə islam dünyası üçün nümunə olmalıdır.

 

Terrordan əziyyət çəkən dövlət və terrorçuların reabilitasiyası

 

Kral Salman adına Yardım Mərkəzində Səudiyyə Ərəbistanının yaxınlıqdakı müsəlman ölkələrinə etdiyi yardımlar barədə məlumat verildi. Qeyd edildi ki, fond Suriya, Yəmən, İraq, Əfqanıstan, Pakistan kimi ölkələrdə yardıma ehtiyacı olanlara qucaq açır. Hazırda fondun əsas diqqəti qonşu Yəməndə münaqişədən əziyyət çəkənlərə yönəlib. Burada qurulan səhra xəstəxanalarında münaqişə nəticəsində yaralananlar müalicə olunur. Bu xəstəxanaların xidmətindən hətta Səudiyyə Ərəbistanına münasibəti yaxşı olmayan üsyançı husilər də yararlanırlar.

Bir məqamı da qeyd etmək lazımdır ki, Səudiyyə Ərəbistanı çox mürəkkəb geosiyasi regionda yerləşir. Bu ölkə ilə eyni regionda yerləşən Suriyada, İraqda, Yəməndə qanlı daxili münaqişələr davam etməkdədir. Eyni zamanda, ciddi terror təhlükəsi də var. Səudiyyə Ərəbistanı özü də terrordan əziyyət çəkən bir dövlətdir. Zaman-zaman burada terror cəhdləri olur və buna görə də dövlət strukturları ciddi təhlükəsizlik tədbirləri görürlər. Məsələn, ölkəyə giriş edən hər bir əcnəbinin barmaq izləri götürülür. Ciddi dövlət qurumları, media quruluşları hərbçilər tərəfindən qorunur. Eyni zamanda, dini ekstremizmin yayılmaması üçün profilaktik işlər aparılır. Paytaxtda Daxili İşlər Nazirliyinin Zabitlər Evində generallarla keçirilən görüşdə bildirildi ki, terror təhlükəsi kifayət qədər ciddidir. Müxtəlif dairələr tərəfindən idarə olunan şəxslər insanların dini inanclarından yararlanaraq ekstrimizmi yaymağa çalışırlar. Dövlət ilk növbədə insanların terrorçulara qoşulmaması üçün iş aparır. Bundan əlavə, bu bəlaya düçar olanların reabilitasiyası da diqqət mərkəzində saxlanılır.

Şahzadə Məhəmməd Bin Nayif adına Reabilitasiya Mərkəzi də məhz bu məqsədlə yaradılıb. Mərkəzin dini ekspertləri, sosioloqları, psixoloqları haqqında məhkəmə qərarı çıxarılmış terrorçularla elə həbsxanadaca iş aparmağa başlayır. Onların hansı səbəblərdən terroru dəstəklədikləri aydınlaşdırılır, problemin həlli üçün yol xəritəsi cızılır və obyektlə işə start verilir. Terrorçular həbs müddətlərini başa vurduqdan sonra Şahzadə Nayif adına Reabilitasiya Mərkəzinə gətirilərək burada onlarla iş davam etdirilir. Həmin şəxslər yavaş-yavaş cəmiyyətə inteqrasiya etdirilir. Biz mərkəzdə olarkən terrorçuların reabilitasiyası üçün yaradılan şəraitlə tanış olduq. Bizə bildirildi ki, bu mərkəz regionda yeganədir. Burada hətta Quantanamo həbsxanasında saxlanılan terrorçular da reabilitasiya olunub. Mərkəzin faydalı iş əmsalı da kifayət qədər yüksəkdir. Mərkəzdə nəzarətə götürülən terrorçuların təxminən 90 faizə yaxını tam müalicə olunaraq sağlam şəkildə cəmiyyətə qayıdırlar.