«İsrailin də Azərbaycandan öyrənəcəkləri var»
Aleksander Şapiro-Suliman: «Suriya və İraq parçalanacaq, kürd dövləti yaranacaq»
Aygün MURADXANLI, Moskva-Bakı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ABŞ Nəsrullahın ölümünə sevinib
Yaxın Şərqdə və onun hüdudlarından kənarda “yanğın riskinin artdığı” bildirilib
-
Nəsrullahın vəliəhdi ...
Haşim Seyfəddin kimdir?
-
Nəsrullahın ölümü 5 sualda
Bu əməliyyatdan sonra Yaxın Şərq hərtərəfli müharibəyə sürüklənə bilər
-
Nəsrullaha hücum necə həyata keçirilib?
Yaxud baş terrorçunun yeraltında məhv edən “yarasalar” haqda bir neçə kəlmə
-
SEPAH generalı da öldürülüb
Azərbaycanı hədələyən Nilforuşan “Hizbullah”ın bombalanan qərargahında olub
-
İranın Azərbaycana hücum etmə ehtimalı
Regional təsirlər və geosiyasi reallıqlar
-
Nəsrullahın ölüm ssenarisi
Netanyahunun həm ziyarət, həm ticarət Nyu-York səfəri
-
Livana yeni şans
Nəsrullanın ölümü rəsmi Beyruta ölkəyə nəzarəti ələ almaq imkanı verir
-
Nəsrullah ölüb?
İsrail mediası ehtimalın artdığını vurğulayır
-
Altı bina yerlə bir oldu
İsrail ordusu Beyrutun cənubunda “Hizbullah”ın mərkəzi komandanlığına zərbələr endirib
-
Daha bir yüksəkrütbəli məhv edilib
“Hizbullah”ın silah anbarları vurulur
-
İsrail Beyrutu vurdu
Hədəf “Hizbullah”ın yüksək rütbəlisi idi
-
Partlayan peycerlərlə bağlı araşdırma
Norveçdən insidentlə əlaqədə şübhəli bilinən şəxs beynəlxalq axtarışa verilib
-
Livan müharibəsində dilemma
Netanyahu və Nəsrullah üçün geri çəkilmək niyə çətindir?
-
İsrailə PUA hücumu
Xəsarət alanlar var
-
İsrail Livanda nə planlaşdırır?
“Əqsa qətliamı “HƏMAS”dan yox, “Hizbullah”dan gözlənilirdi”
Azərbaycanlılar Yaxın Şərqdə Konqresinin prezidenti, Dünya Sülh Federasiyasının (Universal Peace Federation, UPF) sülh səfiri, doktor Aleksander Şapiro-Suliman «Yeni Müsavat»a müsahibə verib. Müsahibəni təqdim edirik:
- Cənab Şapiro-Suliman, hazırda İsrailin əsas hədəfləri nədir?
- Bütün dünyada sülhün əldə edilməsi. Bu İsrail dövlətinin əsas hədəfidir. Məqsədlərimiz isə İsrail dövlətinin qüdrətlənməsi, sərhədlərimizin möhkəmliyinin təmin edilməsi, münaqişələrin başa çatdırılmasıdır. İsrail gənc dövlət olmasına baxmayaraq, iqtisadi artım tempinə görə Yaxın Şərqdə birinci yer tutur. Çoxsaylı və uzunmüddətli münaqişə ocaqları olan bir bölgədə belə yüksək göstəricinin əldə edilməsi onun arxasında çox ciddi səylərin dayanmasından xəbər verir. İsrail bu gün təhsil, tibb, texnoloji inkişaf, hərbi sənaye kompleksi, kənd təsərrüfatı və digər sahələrində dünyanın aparıcı ölkələri ilə rəqabət apara bilir. Əhalinin 97 faizi savadlıdır və biz ölkəmizdə Yaxın Şərqin ən böyük elm mərkəzlərini yaratmışıq. Sabit cəmiyyət və davamlı inkişafı üçün səylərimiz davam edir. Sözsüz, Fələstinlə münaqişə, İranın davamlı təhdidləri, həmsərhəd Suriyada, Misirdə, eləcə də İraqda davam edən uzunmüddətli münaqişələr regional təhlükəsizliklə bağlı çox ciddi problemlər yaradır. Düşünürəm ki, bütün münaqişələrdən qalib çıxmağın yeganə yolu dövlətin qüdrətlənməsinə nail olmaqdır.
- Hansı halda İsrailin Fələstin dövlətinin qurulmasına baxışı dəyişə bilər?
- İsrail hər zaman Fələstin dövlətinin qurulmasına subyektiv baxıb. İsrail rəhbərliyi hesab edir ki, münaqişənin nizamlanması üçün birbaşa danışıqlara başlanılmalıdır. İndiyə qədər belə danışıqlar beynəlxalq müstəvidə aparılıb. Reallıq onu göstərir ki, beynəlxalq anlaşmalar heç də uzunmüddətli münaqişələrin başa çatması üçün əsasa çevrilmir. Bu gün dünyada, o sıradan Ermənistanla Azərbaycan arasında az qala 30 ilə yaxındır davam edən münaqişə ilə bağlı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Belə qətnamələr İsrail-Fələstin problemi üzrə də mövcuddur, ancaq onların heç biri problemin kökündən çözülməsinə gətirib çıxarmayıb. İsrail dövlətinin praktikasında Misir və İordaniya ilə imzalanan sülh sazişləri var və bu, ikitərəfli danışıqların daha effektiv olduğuna sübutdur. Həmin müqavilələr zaman keçdikcə iqtisadi-siyasi əlaqələrə yol açdı, vətəndaşlar arasında təmaslar başladı və münasibətlər normal məcraya yönəldi. Biz Fələstinlə də ikitərəfli danışıqların tərəfdarıyıq. Ancaq Fələstin rəhbərliyi israrla danışıqlar prosesinə başlamaq istəmir. Qarşı tərəf problemin nizamlanmasının beynəlxaq müstəvidə davam etməsinin tərəfdarıdır. Fələstinlilər bir gerçəyi anlamalıdırlar ki, İsrail yəhudilərin vətənidir və biz vətənimizdə öz dövlətimizi qurmuşuq. Bu prosesin geridönüşü yoxdur. Tərəflər arasında sülh əldə olunması üçün bu prinsipin qəbul olunması əsas şərtdir.
- İsrailin Suriyadakı radikal islamçıları dəstəkləməsi haqqında informasiyalar reallığı əks etdirirmi? Mediada bir müddətdir əl-Nüsra ordusunun 1000 əsgərinin İsrail xəstəxanalarında müalicə olunduğu haqqında xəbərlər yayılır...
- İsrail istənilən radikal qruplaşmaya qarşı olub və bu siyasət bu gün də davam edir. İsrailin radikal islamçı qruplaşmaları dəstəkləməsi haqqında iddiaların heç bir əsası yoxdur. Mən ixtisasca həkiməm və ölkəmin «Sərhədsiz həkimlər» təşkilatının xətti ilə münaqişə bölgələrində apardığı humanitar siyasətdən xəbərdaram. Bu gün İsrail xəstəxanalarında ərəb dünyasından minlərlə yaralı müalicə olunur. Onların çoxu qadınlar və uşaqlardır. Düşünürəm ki, bu çox humanist addımdır. Münaqişə başlayandan biz xəstəxanalarımızı yaralılar üçün açmışıq. Ağır durumda İsrailə gətirilən yaralıların bir çoxu ayılanda düşdükləri duruma çox güvənsiz yanaşırdılar. Ancaq göstərilən münasibətdən, aldıqları keyfiyyətli tibb xidmətindən sonra baxışlar dəyişdi.
- Beynəlxalq səylər hələlik nəticəsizdir. Bütün münaqişələrdə saysız tərəflərinin olması sabitlik üçün çox uzun zaman gərək olduğundan xəbər verir. İsrail dövləti Yaxın Şərqin gələcəyini necə görür? Regionda kürd dövləti qurulması cəhdlərini necə qiymətləndirirsiniz?
- Şübhəsiz, hər bir dövlət qonşuluqda sabitlik olmasını istəyər. Ancaq Yaxın Şərqdə münaqişələr çox dərin qatlara enib. Region böyük fəlakət zonasına çevrilib. Yüzminlərlə insan həlak olub, şəhərlər məhv edilib. Siyasi, iqtisadi, humanitar böhranın miqyasını ölçmək mümkün deyil. Siyasi ehtiraslar çox zaman beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq prosesləri dalana gətirib. Bu durumdan çıxmaq üçün situasiyaya soyuq başla baxmaq gərəkdir ki, belə liderlər çox azdır. Ona görə, yaxın gələcək üçün optimist proqnozlar səsləndirmək çətindir. İsrailin regiona baxışına gəlincə, biz sabitlik tərəfdarıyıq və sülh təşəbbüslərini, beynəlxalq terrorizmlə mübarizəni dəstəkləyirik. Bu siyasətin bundan sonra da dəyişməz qalacağına əminəm. Bildiyiniz kimi, kürd dövlətinin yaranması ideyası çoxdan var. Bu yolda mübarizə aparan qüvvələr ciddi bir mərhələni geridə qoyublar. Görünən odur ki, Suriya və İraq parçalanacaq, kürd dövləti yaranacaq. İsrail dövləti bu məsələyə xalqların öz müqəddəratını təyinetmə hüquqi prizmasından baxır.
- İsrail-Azərbaycan münasibətlərinin bugünkü durumunu necə qiymətləndirirsiniz?
- İsrail Azərbaycan Respublikasının müstəqilliyini tanıyan 4-cü ölkədir. Bu, İsrail dövlətinin Azərbaycana baxışını ifadə edən ən önəmli faktdır. Qarşılıqlı hörmət və etibara söykənən əməkdaşlığın genişlənməsi üçün tərəflər səylərini əsirgəmirlər. Bir sıra qlobal məsələlərlə bağlı, o sıradan beynəlxalq terrorizmlə mübarizədə əməkdaşlıq yüksək səviyyədədir. Bu yaxınlarda İsrailin baş naziri Benyamin Netanyahunun Bakı səfəri iki ölkə arasında münasibətlərin dərinləşməsi üçün yeni zəmin yaratdı. Azərbaycanda uzun illərdir İsrailin kənd təsərrüfatı təcrübəsini öyrənmək təşəbbüsləri var. Baş nazir Netanyahunun son səfərində kənd təsərrüfatı, ikiqat verginin aradan qaldırılması, standartlaşdırma və hökumətlərarası komissiyanın yaradılması ilə bağlı 4 razılaşma əldə edilib. Ciddi göstəricidir. Bundan başqa tibb sahəsində əməkdaşlıq üçün geniş perspektivlər var – İsrail Azərbaycanda dərman istehsalının yaradılması üçün yardım göstərə bilər. İsrailin də Azərbaycandan öyrənəcəkləri var. Bu əsasən enerji sektoru ilə bağlı məsələlərdir. Azərbaycan 3 əsri əhatə edən ikinci neft bumunu arxada qoyub, İsrail üçün isə bu yeni sahədir. İsrail indidən TANAP və TAP layihələrinə qoşulmaq ideyasını irəli sürüb. İnanıram ki, sadalanan sahələr üzrə əməkdaşlıq davam edəcək.
- Azərbaycan-İsrail münasibətlərinin genişlənməsinə İran faktorunun mane olduğu haqda fikirlər var. Azərbaycanla qonşu olan İranla İsrailin münasibətləri kəskin olaraq qalır. Bu yaxınlarda Tehran İsrailə yeni təhdidlər ünvanlayıb. Münasibətlərin real savaş həddinə çatması nə qədər realdır?
- İranın İsraillə birbaşa sərhədləri olmasa da Livanda «Hizbullah», Qəzza bölgəsində «Həmas» vasitəsilə İsrail sərhədlərinə müdaxilə cəhdləri göstərir. İsrail dövlətinə qarşı bu cəhdlərin qarşısı hər zaman alınıb və alınacaq. Biz ölkələrlə münasibətlərimizi beynəlxalq hüququn prinsipləri üzərində qururuq. Azərbaycan müstəqil dövlətdir. Müstəqil siyasət yürüdən bir dövlət kimi hansı ölkə ilə əməkdaşlığı hansı səviyyədə davam etdirməklə bağlı müstəqil görüşləri var. İndilikdə onu deyə bilərəm ki, İsrail dövləti Azərbaycanla münasibətləri davam etdirmək üçün hər hansı maneə görmür.