vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
20:46 | 16 aprel 2017 | Bazar Məqaləyə 3199 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Böyük Ərdoğan, kiçik Atatürk

(siyasi rejimlər, səmimiyyət, sadəlövhlük və s. haqqında)

Əkrəm HƏSƏNOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu statusumun adı heç bir halda Atatürkü aşağılamaq, Ərdoğanı isə ideallaşdırmaq anlamına gəlmir. Hər ikisinin müsbət və mənfi keyfiyyətləri və əməlləri var. Sadəcə bu gün qardaş Türkiyədə parlament üsul-idarəsindən parlament üsul-idarəsinə keçidlə bağlı keçirilmiş referendum haqqında fikirlərimi bildirmək istəyirəm.

Bizdə bəziləri bu referendumu az qala Atatürk mirasına xəyanət, Türkiyənin demokratiyadan avtoritarizmə dönüşü və s. təqdim edərək neçə aydır ki, şivən qurublar. Tarixdən, politologiyadan, hüquqdan xəbəri olmayanlar, xüsusən də sadəlövh gənclər bəzən bu küyə gedir. Buna görə də gəlin məsələyə soyuqqanlı yanaşaq.

Əvvəla, gəlin onu nəzərə alaq ki, Türkiyədə üsul-idarə xalqın iradəsi ilə dəyişdirilir. Yəni demokratik yolla. Hansı antidemokratiklikdən söhbət gedə bilər axı?!

Daha sonra, prezident üsul-idarəsi (prezidentin dövlət başçısı olmaqla yanaşı hökumət başçısı da olması) dünyanın bir sıra aparıcı ölkələrinə də xasdır. Başda ABŞ olmaqla. Bəlkə ABŞ-da da avtoritarizmdir, xəbərimiz yoxdur?!

Atatürkə gəldikdə isə bilin və agah olun ki, o, Türkiyə Cümhuriyyətinin ən avtoritar prezidenti olub. Elə «Atatürk» (Mehmed Fateh, Qanuni Süleyman kimi sultanlar deyil, heç əsli-nəcabəti bilinməyən Mustafa Kamal Atatürk oldu?) təxəllüsünün «təvazörkarcasına» qəbulu nəyə desən dəyər; Türkmənbaşıdan fərqi nədir ki?! Müqayisə üçün: bir dəfə Heydər Əliyevdən jurnalistlər xalqın onu "Heydər baba" adlandırmasına münasibət bildirməyi soruşmuşdular. Mərhum Prezidentimiz də cavab vermişdi ki, yalnız nəvələrinin babasıdır.

Atatürkün dövründə formal parlament respublikası olsa da, parlamentdə yalnız onun rəhbərlik etdiyi partiya mənsubları deputat idi. Yəni birpartiyalı sistem idi (SSRİ-dəki kommunist partiyası kimi). Orduya arxalanan Atatürk zorla istədiyi qərarları qəbul etdirirdi. Kimin nə cür geyinməsindən tutmuş. Heç Osmanlı sultanları belə mütləq hakimiyyətə malik olmayıb. Ərdoğanın da belə iqtidarı yoxdur və yeni siyasi rejimdə olmayacaq da (əksinə, məhz Ərdoğanın dövründə Türkiyədə Qərb standartlarına yaxın siyasi rejim quruldu, ordu siyasətdən uzaqlaşdırıldı, Avropa Birliyinin əksər tələbləri yerinə yetirildi, amma Türkiyədən geridə qalmış ölkələri ora qəbul etdilər, Türkiyəni isə dini meyara görə yox!). Bu halda hansı xəyanətdən, dönüşdən söhbət gedir?! Atatürk birbaşa seçkidən qorxurdu, amma Ərdoğan buna getdi və seçildi də!

Başqa məsələ ki, Ərdoğan Atatürkə nisbətən daha səmimidir. Ərdoğanın harizmatikliyi, nüfuzu, partiyasının 2003-cü ildən bəri parlamentdə çoxluq təşkil etməsi onsuz da ona imkan verir ki, hökumətin də faktiki rəhbəri olsun (əslində elə belədir də!). Atatürk olduğu kimi. Bunun üçün Konstitusiyaya dəyişikliklər etməyə də bilərdi. O, sadəcə faktiki vəziyyəti rəsmiləşdirir. Bu zaman hökumətin fəaliyyətinə görə birbaşa məsuliyyəti də üzərinə götürür. Sabah səhvləri baş nazirin üzərinə ata bilməyəcək, çünki baş nazir postu ləğv edilir.

Atatürkdən fərqli olaraq, Ərdoğan bu günü deyil, sabahı düşünür! Atatürk özündən sonra çox qeyri-sabit siyasi rejim qoyub getdi. Ölkə siyasi partiyaların intriqa meydanına çevrildi. Hərbi çevrilişlər bir-birini əvəz etdi. Mülki hakimiyyət dövrlərində isə xarici qüvvələrin alətinə çevrilmiş siyasətçilər korrupsiyaya qurşandı. Bütün bunlara məhz Ərdoğan son qoydu. Türklər onun dövründə yaşadıqları kimi heç vaxt belə yaxşı yaşamamışdı! Ərdoğan gözəl başa düşür ki, ondan sonra əvvəlki hərc-mərclik yenidən baş qaldıra bilər. Buna görə də iqtidarın institusional olaraq güclü olmasının vacibliyini başa düşür.

Türkiyəyə qarşı xaricdən həmlə, terror aktları və s. Ərdoğan iqtidarının həqiqətən də müstəqil olması ilə bağlıdır. Heç Atatürk belə müstəqil deyildi və faktiki elə Qərbin istədiyini edirdi Türkiyədə. Əslində Atatürk nə etdi ki? Bəli, Osmanlı imperiyasından qalmış ərazidə Cümhuriyyət yaratdı, işğalçıları qovdu. Amma, əvvəla, gəlin nəzərə alaq ki, həmin imperiyanın süqutunda Atatürkün də rolu var, çünki inqilabçı kimi dövlətin əsaslarını sarsıdanlardan biri olmuşdur. İşğalçıları da təkbaşına qovmadı ki! Ordusu da, zabitləri də, silahdaşları da, bütün digər resursları da bəyənmədiyi Osmanlı mirası idi! XX əsrdə bütün müsəlman xalqlar Qərb əsarətindən qurtuldu! Öz «Atatürkü» olanlar da, olmayanlar da! Odur ki, onun rolunu şişirtmək lazım deyil: türkləri heç kəs əsarətdə saxlaya bilməyəcəkdi onsuz da!

Unutmayaq ki, Osmanlı sultanı həm də müsəlman xəlifəsi idi. Buna görə də Türkiyəni istila etməyə başlayanlar gözəl başa düşürdü ki, ölkəni fəth edə bilməyəcək. Və bu əsnada Atatürk meydana atıldı və heç istilaçıların edə bilməyəcəyini etdi: türkləri tarixləri, ənənələri, dinləri ilə qarşı-qarşıya qoydu, onların manqurtlaşdırılmasına başladı, xilafəti ləğv etdi, müsəlman dünyasını tam parçaladı. Biz SSRİ-də yaşayanda heç olmasa bilirdik ki, yadelli əsarətindəyik, buna görə də özümüzü assimilyasiyadan qoruyurduq. Atatürk isə milli ola-ola rusların bizim başımıza açmadığı oyunu türklərin başına açdı. Çox yaşasaydı, Allah bilir nələr edəcəkdi hələ, lakin elə öz əyyaşlığının qurbanı olub tez öldü. 

Bir sözlə, heç Osmanlını istila etmək istəyənlərin edə bilməyəcəklərini Atatürk etdi. Ondan sonra gələnlər də Qərbin oyuncağı oldu. Başqa cür ola da bilməzdi. Yer üzündə həqiqi müstəqil olan parlament respublikası yoxdur, hamısı kiminsə vassalıdır. Başqa cür ola da bilməz. Parlament respublikasında bir partiyanın mütləq çoxluq qazanması halları az olur, buna görə də didişən partiyalar xarici qüvvələrin əlaltısına çevrilir. Beləliklə, ölkə faktiki xaricdən idarə olunur. Başda ABŞ olmaqla real müstəqil dövlətlərin hamısında prezident üsul-idarəsidir. Məsələn, ABŞ-da Trampa əhalinin təxmini yarısı səs verib, amma güclü səlahiyyətlərə malikdir. ABŞ parlament respublikası olsaydı, hərc-mərclik baş alıb gedəcəkdi. 1950-ci illərin sonunda Fransada olduğu kimi. Buna görə də fransızlar Şarl de Qollun təklifi ilə güclü prezident üsul-idarəsinə keçdilər və ABŞ-ın vassallığından yaxa qurtardılar. Düzdür, son onilliklər ərzində Fransa yenidən ABŞ-ın vassalı oldu və faktiki parlament respublikasına qayıtdı (və hazırda İngiltərədə olduğu kimi, Fransa da ənənəvi partiya sistemi dağılır: gündə bir partiya yaranır və meydan oxuyur, təsadüfi deyil ki, hələ ABŞ-ın ilk prezidenti Vaşinqton da partiyaçılığın qəti əleyhdarı idi).

Qədim dövrdə də belə olub. Güclü iqtidarı olmayan dövlət məhvə məhkumdur. Belə ki, məsələn, Qədim Afina demokratiyası Sparta kimi vahid güclü hakimiyyətə malik olan dövlətə uzun sürən rəqabətdən sonra məğlub oldu. Müasir iqtisadi nəzəriyyələr dövləti «stasionar quldur» adlandırır. Çünki dövlətin hərbi təbiəti var, o, zor tətbiq etmə üzrə inhisarçıdır. Bu imkanı zəif olsa, məhv olar. Təsadüfi deyil ki, son günlər Trampın reytinqi məhz Suriya və Əfqanıstana həmlələri, Şimali Koreyaya meydan oxuması nəticəsində artdı. Heç nə dəyişməyib: zəifə deyil, güclüyə hörmət edirlər bu dünyada!

Odur ki, demokratiya yaxşı şeydir əlbəttə, amma hər şeyin həddi var. Danışmaq üçün yer parlamentdir. Amma cari idarəçilik prezidentin əlində olmalıdır və o, cəld və çevik qərarlar qəbul etmək imkanına malik olmalıdır. Rus mütəfəkkiri Gertsen yazırdı: «Demokratiya heç nə yarada bilmir, bu, onun işi deyil... demokratlar yalnız istəmədiklərini bilirlər, nəyi istədiklərini isə bilmirlər». Gənclər çox zaman çılğın olur! Dəyişikliklər istəyir! Otto Bismark deyirdi: «Gəncliyində inqilabçı olmayanın ürəyi, yetkinliyində inqilabçı qalmışın isə ağlı yoxdur!»

Müasir dünyada çox təhlükəli proseslər gedir. Hazırda dünyanın siyasi və iqtisadi modeli dəyişir. Hərə özü üçün çalışır, resurslar uğrunda qızğın mübarizə gedir. Terror təşkilatları da sadəcə dövlətlərin bu mübarizədə əlaltısıdır!. Amma əsas silah təbliğatdır! Boş-boş sözlərə, gözəl şüarlara inanmayın! Hamısı digərlərini zəiflədib özünü gücləndirmək üçündür. Ən zəif olan isə anarxiyaya qərq olandır. Liviyanın aqibətinə baxın!

Sinqapur və BƏƏ kimi dövlətlərin təcrübəsi göstərdi ki, əsas hüquqi dövlətin olması, qanunun aliliyidir. İqtisadi inkişafın əsası budur. Lakin bunun üçün siyasi sabitlik lazımdır (bu zaman demokratiya nə qədər çox olsa, yaxşıdır, əlbəttə!). Əks halda, başqasının oyuncağına çevriləcəksiz. Ərdoğanın da bütün səyləri Türkiyədə vahid icra hakimiyyəti institutunun qurulmasıdır ki, xalqı nə indi, nə də sonra oyuncağa çevrilməsin!

P.S. Başa düşürəm ki, bu yazım bəzilərinin xoşuna gəlməyəcək. Bəziləri sırf islamofob olduğu üçün (halbuki Ərdoğan Türkiyədə müsəlmanlar üçün, məsələn, ABŞ-da malik olduqları imkanlardan əlavə heç nə etməyib, sadəcə Atatürkün eybəcər məhdudiyyətlərini aradan qaldırıb), bəziləri isə başqa dövlətlərin maraqlarına xidmət etdiyi üçün bəyənməyəcək. Amma əksəriyyət sadəlövhlüyü, təbliğatın qurbanı olduğu ucbatından bəyənməyəcək! Əsas məqsəd də məhz sonunculara haqqı çatdırmaqdır! Sadəcə vəziyyəti daha soyuqqanlı təhlil edin və düzgün nəticələrə özünüz gələcəksiniz! Əlbəttə, hər bir iqtidar xatakardır, amma iqtidarsız ölkə sadəcə başqa xatakarın oyuncağıdır. Bunu unutmayın!


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)